• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Dövlət Bayrağı Günü qeyd olunub


Bayrağımız qürur mənbəyimizdir, and yerimizdir. Müqəddəs bir varlıq kimi üçrəngli bayrağımıza and içirik. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi, bu gün də hər bir vətəndaşımızın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Bu məsuliyyət dövləti milli maraqların daim keşiyində dayanmağın ictimai-siyasi əxlaqına yüksəldir. Bayraq böyük qüvvədir. Bayraq elə bir qüdrətdir ki, əlində ən qorxunc silah tutan məğlubedilməz əsgər də ona baş əyir. Bayraq elə bir cəsarətdir ki, əliboş 20 Yanvar şəhidlərimizi bir an belə tərəddüd etmədən xalqın azadlıq arzusunu boğmaq və məhv etmək istəyən zirehli tankların altına apardı. Bayraq elə bir şərəfdir ki, xalqların ən böyük şərəfə layiq gördüyü insanlar onun qarşısında diz çöküb öz xalqına sədaqət andı içir. Bayraq elə bir müqəddəs varlıqdır ki, onun uğrunda ölmək belə hər bir insana şərəf gətirir.

Bəli, Azərbaycanın dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Dövlət Bayrağıdır. Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 9 Noyabr tarixi isə Azərbaycanda Dövlət Bayrağı Günüdür. Hər il bu tarix ölkəmizdə Dövlət Bayrağı Günü kimi böyük təntənə ilə qeyd olunur. Respublikanın hər yerində olduğu kimi, Qazax rayonunda da bu əlamətdar gün münasibətilə tədbir keçirilib.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, məktəb direktorları, bağça müdirləri, təhsil, mədəniyyət işçiləri, gənclər və KİV nümayəndələri iştirak edib.   

   
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə bütün tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki,
Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı olaraq təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən, Dövlət bayrağını bərpa etmişdir. 1998-ci ildə ulu öndər tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncamda vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanmasının, cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsinin önəmi vurğulanır, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi tədbirlərinin gücləndirilməsi məqsədilə müvafiq tapşırıqlar müəyyən edilirdi. 


Ulu öndərin əsasını qoyduğu siyasət bu gün də davam etdirilir. Ümummilli liderin layiqli davamçısı İlham Əliyev də Dövlət bayrağımızın layiqincə təmsil olunması, bütün dünyada tanınması üçün məqsədyönlü işlər görür. Ölkə  başçısının rəhbərliyi ilə 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir.
Bundan əlavə, Respublika Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncam bu sahədə görülən işlərin ən bariz nümunəsidir. Bu Sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Günü kimi məhz bu tarixin seçilməsi müstəqil Azərbaycanın Demokratik Cümhuriyyətimizin varisi olaraq öz tarixinə xüsusi önəm verdiyini bir daha sübut etdi.


Bununla da Azərbaycanın hər bir regionunda bayraq meydanlarının yaradılması kimi bir ənənənin əsası qoyulmuş oldu. Dövlət başçısı 2010-cu ilin 1 sentyabr tarixində Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində deyirdi: "Bu bayraq bizim milli dəyərimizdir. Bu Bayraq Meydanının yaradılması Azərbaycanın gücünü, Azərbaycan xalqının öz dövlətinə sevgisini, dövlət rəmzlərimizə ehtiramımızı göstərir. Bu Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir. Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir”. 

Rayon rəhbəri bildirib ki, respublikamızın bir çox rayonlarında, o cümlədən, Qazaxda da Dövlət Bayrağı Meydanı salınmışdır. Hündürlüyü 51 metr olan dövlət bayrağının dalğalandığı həmin meydanda 2016-cı ilin oktyabrında yenidənqurma, restavrasiya işləri aparılaraq daha müasir görkəmə salınmışdır. Hazırda əzəmətli bayrağımız şəhərimizin bayraq meydanında vüqarla dalğalanır, hər bir qazaxlıya iftixar hissi yaşadır. Bu gün Azərbaycan bayrağı dünyanın ən uca bayrağıdır və bu, hər bir azərbaycanlıya fəxr və şərəf gətirir. 

Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, RİHBA-da aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova, məsləhətçi Ülviyyə Namazova, M.Hüseyn adına məktəb-liseyin direktoru Tahirə Comərdova, S.Əfəndiyev adına şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi, Əməkdar müəllim Mustafa Mirzəyev çıxış edərək dövlətçiliyimizin, milli, mənəvi, əxlaqi dəyərlərimizin daşıyıcısı olan müqəddəs bayrağımıza ümummilli ehtiramın formalaşdırılmasının Prezident İlham Əliyev tərəfindən yürüdülən milli siyasətin hər zaman aparıcı istiqaməti olmasını vurğulayıblar. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq tədbir iştirakçılarını bir daha səmimi qəlbdən təbrik edib, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da qüdrətlənməsi naminə uzun illər səmərəli fəaliyyət arzulayıb.










GOYEZEN.AZ

 



Facebook-da paylaş