• Təqvim

  • Unutma

  • Maraq



Tütün dərimi davam edir


Bu gün kənd təsərrüfatının böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən biri də tütün sahəsidir. Ölkəmizdə tütünçülüyün inkişaf etdirilməsi prioritet vəzifələrdən biridir. Çünki tütünçülük iqtisadi cəhətdən səmərəli sahə olmaqla yanaşı yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsində də əhəmiyyətli sahə kimi geniş inkişaf perspektivlərinə malikdir. Məhz iqtisadi əhəmiyyətinə görə Azərbaycanın ikinci texniki bitkisi hesab olunan tütünçülüyün inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi ölkəmizdə bu sahədə böyük hədəflərin müəyyən olunmasına gətirib çıxarmışdır.

Prezident İlham Əliyev tərəfindən imzalanmış 10 avqust 2017-ci il tarixli, 3163 nömrəli Sərəncama əsasən "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması bu baxımından böyük əhəmiyyət kəsb edir. Respublikamızın bütün bölgələrində tütünçülüyün inkişaf etdirilməsi ilə bağlı verilən tapşırıqların icrası ilə əlaqədar məqsədyönlü tədbirlərin həyata keçirilməsi isə bunun əyani sübutudur.

Qazaxda da iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan tütünçülüyün inkişaf etdirilməsinə böyük önəm verilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri keçən il bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. Bu il isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar.

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi Orxan Mürsəlov Kosalar kəndinə gələrək tütünçülüyün vəziyyəti ilə tanış olublar.

Məlumat verilib ki, rayonda tütünçülüyün inkişafı məqsədilə Kosalar kəndində 32 ha, Qazaxbəyli kəndində 8 ha, İkinci Şıxlı və Çaylı kəndlərində 1 ha, Birinci Şıxlı, Aşağı Salahlı, Hüseynbəyli, Daş Salahlı, Alpout kəndlərinin hər birində 2 ha, Dəmirçilər kəndində 1,5 ha, Cəfərli kəndində 2,5 ha və Fərəhli kəndində 4 ha sahədə tütün əkilmişdir.

Qeyd olunub ki, 470 ton yaş tütün tədarük edilib. 25 tondan çox qurudulmuş məhsul isə "İlham-M” MMC-yə təhvil verilib. Hazırda tütün dərimi davam edir.

Sonra rayon rəhbəri və administrasiya nümayəndəsi kənd icra nümayəndəliyində işçilər üçün yaradılan şərait və sakinlərə göstərilən xidmətlərlə tanış olublar.

Səfər zamanı növbəti ildə barama saxlanılacaq yerlərə də baxılıb.




                                          GOYEZEN.AZ

 




Facebook-da paylaş