Qazaxda körpələrə qayğı diqqət mərkəzindədir
Hər kəsə yaxşı
məlumdur ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə
başladığı ilk gündən daim diqqət mərkəzində saxladığı sahələrdən biri də
böyüməkdə olan körpələrimiz üçün yaradılan şəraitdir. Rayon rəhbəri ilk gündən
uşaqların yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün yeni uşaq bağçalarının
tikilməsi və yaxud da əsaslı şəkildə yenidən qurulması istiqamətində
məqsədyönlü işlər görür. Bu gün tam əminliklə
deyə bilərik ki, ölkə başçısı İlham Əliyev tərəfindən regionlarda uşaq
bağçalarının tikintisi ilə bağlı imzalanan 12 fevral 2018-ci il tarixli
Sərəncamı Qazaxda uğurla icra olunur. Bunu son iki il yarım ərzində
rayonda çoxsaylı bağçaların tikilməsindən, eləcə də əsaslı şəkildə təmir olunmasından
aydın şəkildə görmək olar. Bu gün Qazax
rayonunda 25 bağça fəaliyyət göstərir ki, onlardan 6-sı şəhərdə, 19-u isə
kəndlərdə yerləşir. Rayonda olan təmirli şəhər bağçalarından 1,2,3,4,5 saylı,
kənd bağçalarından Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış
yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar
kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı,
Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları, eyni zamanda, bu yaxınlarda
istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası bu
istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz nümunəsidir. Tələbata cavab
verməyən bağça binalarının əsaslı şəkildə təmir olunaraq yenidən
qurulması, müasir inventar və avadanlıqlarla təchiz edilməsi bu gün də
uğurla davam etdirilir. Şəhərdə
yararsız vəziyyətdə fəaliyyət göstərən 6 saylı körpələr evi-uşaq bağçasının da
əsaslı şəkildə yenidən qurulmasına başlanılıb. 2 aydan artıqdır ki, bununla
bağlı bağça binası boşaldılıb və uşaqlar başqa ünvanda yerləşdirilib. Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov Prezident Administrasiyasının məsul işçisi Vüqar Hüseynovla birlikdə rayonumuzda
əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən, təmir olunan və eləcə də əsaslı
şəkildə təmirə ehtiyacı olan bağçalarda olublar. 6 saylı körpələr evi-uşaq bağçasında görülən işlərlə tanışlıq zamanı iş icraçısı Lətif Həsənov rayon rəhbərliyinə tam
yekunlaşan işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü, xarici
fasadında suvağın vurulması, bütün otaqlarda döşəmədə lazım olan hissələrə
beton tökülməsi, tavanlara alçipanların vurulması işləri başa çatıb. Bundan
başqa, otaqlarda olan köhnə suvaq çapılaraq tökülüb və yenisi ilə əvəz olunub.
Alt hissənin üzlüyü vurulub, hazırda ikinci qatın vurulması davam edir.
Elektrik xətlərinin çəkilməsi yekunlaşmaq üzrədir. Lazım olan hissələrdə
arakəsmə hörgü işləri həyata keçirilib. İş icraçısı
qeyd edib ki, binanın daxili ilə yanaşı, həyətdə də abadlıq işlərinə
başlanılıb. Həyətə tamet döşənməsi üçün alt hissənin işləri görülüb və hazırda
tamet döşənməsi davam edir. Eyni zamanda, bağçanın həyətində gözətçi otağı
tikilir. İşlərin sürətlə aparılmasının nəticəsidir ki, hörgü işlərinin xeyli
hissəsi görülüb. Bundan əlavə, bağçanın kənarına hasar çəkilməsi üçün bünövrə
hissəsi tökülüb. Yaxın günlərdə hörgü işlərinə başlanılacaq. Görülən işlərlə
tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılmasını bildirib,
bəzi tapşırıq və tövsiyələrini verib. Sonra rayon
rəhbəri və administrasiya nümayəndəsi bu ilin avqust ayında əsaslı şəkildə
yenidənqurmadan sonra istifadəyə verilən 95 yerlik 3 saylı körpələr evi-uşaq
bağçasında balaca fidanlarımız üçün yaradılan şəraitlə, ərzaq təminatı və
körpələrin tibbi müayinə olunmaları ilə maraqlanıblar. Administrasiya
nümayəndəsi Vüqar Hüseynov bu ilin oktyabrında istifadəyə verilən 35 yerlik İkinci
Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə də tanış
olub. Məlumat verilib ki, yeni
bağçada 1 böyük və 1 kiçik olmaqla 2 qrup fəaliyyət göstərir. Bağçada yüksək səviyyədə
müdir otağı, anbar, mətbəx və sanitar qovşağı da inşa olunub. Bağçanın əsas üstün
cəhətlərindən biri də odur ki, müasir istilik sistemi ilə təchiz olunub. Geniş
həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl
ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli
keçirmələri üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə
tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir
avadanlıqlarla təchiz olunub. Rayon rəhbəri İkinci Şıxlı kənd 3 saylı körpələr evi-uşaq bağçasında da
olub, mövcud vəziyyətlə maraqlanıb. Məlumat verilib ki, bağça istifadəyə verildiyi gündən təmir olunmayıb.
Uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşdüyündən bağçanın əsaslı
şəkildə təmirinə böyük ehtiyac vardır. İcra başçısı şəraitlə yaxından tanış olduqdan sonra bu bağçanın da növbəti
ildə əsaslı şəkildə yenidən qurulmasının nəzərdə tutulduğunu bildirib. GOYEZEN.AZ
Facebook-da paylaş