• Təqvim

  • Unutma

  • Maraq



İcra başçısı şəhid ailələrini qəbul edib

         

Bu gün Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi və qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi dövlətin ən ümdə vəzifələridir. 

Son illər ölkəmizdə hərbi sahəyə ayrılan xərclərin əhəmiyyətli dərəcədə artırılması ölkənin müdafiə potensialının gücləndirilməsi ilə yanaşı, silahlı qüvvələrdə xidmət edən hərbi qulluqçuların etibarlı sosial müdafiəsinin təmin edilməsinə, mənzil-məişət problemlərinin həll olunmasına, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə də şərait yaratmışdır.

Bu gün dövlət siyasətinin mühüm istiqamətlərindən biri də hərbi qulluqçulara dövlət icbari sığortasının tətbiqidir. 1997-ci il avqustun 2-də "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair normativ hüquqi baza formalaşdırılmış, belə ödənişlərlə bağlı maliyyə təminatı məsələsi həll edilmiş və Qanuna uyğun olaraq sığorta ödənişlərinin verilməsinə başlanılmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2018-ci il tarixli Fərmanı şəhidlərimizə və onların ailə üzvlərinə dövlət tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir.

1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi şəhid ailələrinin sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir.


Qazax rayonu da Vətən, torpaq, xalq uğrunda 285 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun əyani sübutudur. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 285 şəhidin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir göstəricisidir.

Bu gün rayonumuza ayrı-ayrı dövlətlərdən gələn qonaqların qürur yerimiz olan bu müqəddəs məkana baş çəkməsi, memorial önünə tər çiçəklər düzməsi, əziz xatirələrini ehtiramla yad etmələri şəhidlərə olan ehtiramın daha bir nümunəsidir. Bundan əlavə, rayonda keçirilən tədbirlərin öncə bu müqəddəs məkanı ziyarətlə başlaması, məktəblilərin mütəmadi olaraq xiyabanı ziyarət etmələri, şəhidlərimizin doğum və anım günlərinin qeyd olunması onların daim qəlblərdə yaşaması deməkdir.

Hər kəsə yaxşı məlumdur ki, rayon rəhbəri fəaliyyətə başladığı ilk gündən mütamadi olaraq şəhid ailələri ilə görüşlər keçirir. Lazım gəldikdə isə fərdi şəkildə qəbul edir, qayğıları ilə maraqlanır.

İcra başçısı Rəcəb Babaşov bu gün də bir qrup şəhid ailəsini qəbul edib, arzu və istəklərini dinləyib.

Şəhid analarından Surayə Cəbiyevanın, Mərziyyə Qurbanovanın, Həqiqət Musayevanın, Tamaşa Mustafayevanın, şəhid ailələrindən Gülheyran Əhmədovanın, Fatma Cəfərovanın, Sakibə Quluyevanın, şəhid atası Mayıl Hacıyevin, şəhid qardaşı Amil Əhmədovun birdəfəlik ödəmə ilə bağlı müraciətlərini dinləyən icra başçısı onlar tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacağını bildirib. Vətəndaşlar tərəfindən qaldırılan məsələ ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verib.

Çıxış edən şəhid ailələri bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. Onları qəbul etdiyinə və səmimi münasibət göstərdiyinə görə minnətdarlıqlarını çatdırıblar.

GOYEZEN.AZ

 



Facebook-da paylaş