• Təqvim

  • Unutma

  • Maraq



Şəhid ailələrinə hər zaman diqqət və qayğı göstərilir


Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət başçısı İlham Əliyev tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Qazax rayonu da Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda 285 şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu gün düşmənlə 168 km məsafədə sərhəddi olan rayonun Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Yuxarı Əskipara və Aşağı Əskipara kimi 7 kəndi hələ də düşmən tapdağı altındadır. 5 kəndi daim düşmən gülləsinin atəşinə məruz qalır.

Qazaxda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədə olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşması, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılması, yenilənməsi, əsaslı şəkildə təmir edilməsi bunun bariz nümunəsidir. Şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da 285 şəhidin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin daha bir əyani sübutudur.

İcra başçısı Rəcəb Babaşov bu gün bir qrup şəhid ailəsini qəbul edib, arzu və istəklərini dinləyib.

Şəhid analarından Surayə Cəbiyevanı, Mərziyyə Qurbanovanı, Həqiqət Musayevanı, şəhid ailələrindən Gülheyran Əhmədovanı, Fatma Cəfərovanı, Sakibə Quluyevanı, şəhid qardaşı Amil Əhmədovu müraciətlərinə əsasən qəbul edən rayon rəhbəri onlar tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılacağını, həlli mümkün olan nə varsa ediləcəyini bildirib.

Çıxış edən şəhid ailələri dövlət və dövlət başçısı, rayon rəhbərliyi tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildiriblər. Onları qəbul etdiyinə və səmimi münasibət göstərdiyinə görə minnətdarlıqlarını çatdırıblar.






GOYEZEN.AZ

 

 



Facebook-da paylaş