Qazaxın Bala Çaylı kəndində yeni EATS binasının açılışı olub
Qazax rayonunda abadlıq, quruculuq işləri ilə yanaşı, əhaliyə göstərilən
xidmət sahələrinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər
görülür. İstər şəhərdə, istərsə də kəndlərdə sakinlərə yüksək rabitə və
internet xidmətinin göstərilməsi üçün rabitə xətləri yenilənir, yeni EATS-lər
istifadəyə verilir. Bu gün Qazax rayonunun Bala Çaylı kəndində istifadəyə verilən 300 nömrəlik
EATS binası da bunun bariz nümunəsidir. Açılış münasibətilə
keçirilən mərasimdə Qazax RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat
rəhbərləri, Qazax
Telekommunikasiya Qovşağının əməkdaşları və kənd sakinləri iştirak ediblər. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində
çıxış edərək öncə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri
təbrik edib, təhsilin inkişafı naminə daha böyük nailiyyətlər qazanmalarını
arzulayıb. Kənddə yeni EATS-in istifadəyə verilməsi ilə əlaqədar xoş təbriklərini
çatdırıb. Prezident İlham Əliyevin quruculuq siyasətinin Qazax rayonunda olduğu
kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda elə bir
sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri,
istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin
yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq işlərinin
geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib. Rayon
rəhbəri bildirib ki, əvvəlki illərlə müqayisə etdikdə görürük ki, bu gün
Qazaxda tikinti-quruculuq və abadlıq işləri daha geniş vüsət alıb. Rayonumuzda
"Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, "Mətanət A”
şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu istifadəyə tam hazırdır. Hazırda
İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda
son tamamlanma işləri aparılır. "Carçıoğlu GROUP” MMC tərəfindən inşa
edilən Elektrod Zavodunda da işlər yekunlaşıb. 2017-ci ilin yanvarından
tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında demək olar
ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır. Qazaxda yol
infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə məqsədyönlü tədbirlərin
həyata keçirildiyini bildirən rayon rəhbəri yeni çəkilən yollardan söz açıb. Qeyd
edib ki, ölkə başçısı İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı
imzaladığı çoxsaylı Sərancamlar bir daha onu sübut edir ki, bölgələrimizdə,
eləcə də rayonumuzda yeni asfalt yolların çəkilişi bundan sonra da uğurla davam
etdiriləcəkdir. Vurğulayıb ki, bu inkişafı rayonun Kosalar, Canalı, Çaylı, Bala
Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın
şəkildə görmək olar. Rayonda azyaşlı körpələrə
göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi,
təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən danışan rayon rəhbəri yeni inşa
olunan və əsaslı təmir olunan bağçalardan söz açıb. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni
qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasını, şəhər
bağçalarından 1,2,3,4,5 saylı, kənd bağçalarından Daş Salahlı kənd 2 və 3
saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq
bağçalarının, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq
bağçalarının yeni tikilmiş və yaxud da yüksək səviyyədə təmir olunan bağçalar
sırasında olduğunu bildirib. Bundan başqa, İkinci Şıxlı kənd 2 saylı və şəhər 6
saylı körpələr evi-uşaq bağçalarında da əsaslı şəkildə yenidənqurma işlərinin
aparıldığını bu sahədə görülən işlərin daha bir nümunəsi olduğunu qeyd
edib. Uşaq bağçalarının müasir inventar və avadanlıqlarla təmin
edilməsini bu sahədə atılan uğurlu addımlardan biri kimi qiymətləndirib. Rayon
rəhbəri qeyd edib ki, bu gün rayonda bağçanın olmasına böyük ehtiyac olan
kəndlərdən biri də Çaylı və Bala Çaylı kəndləridir. İcra başçısı bu kəndlərdə
də bağça yaradılması üçün lazımi işlərin görülməsinin nəzərdə tutulduğunu
bildirib. Qazax rayon Telekommunikasiya Qovşağının rəisi Nizaməddin
Məmmədov çıxış edərək ölkəmizdə əhaliyə göstərilən rabitə xidmətinin
keyfiyyətinin yaxşılaşdırılması, telefon stansiyalarının müasirləşdirilməsi,
xətlərin təmiri və bərpası, yeni EATS-lərin quraşdırılması istiqamətində həyata
keçirilən tədbirlərdən danışıb. Kənd sakinlərinin müraciətinə əsasən rayon
rəhbərliyi tərəfindən istifadəyə verilən, 30 kv.m-lik binada yerləşən EATS-dən
300 abonentə telefon və internet xəttinin çəkiləcəyini qeyd edib. İlkin olaraq
150-yə yaxın kənd sakininə telefon xəttinin çəkilməsinin planlaşdırıldığını və
bunun üçün ATS-in lazım olan bütün müasir avadanlıqlarla təmin olunduğunu
bildirib. ATS binasının əsaslı şəkildə təmir olunaraq sakinlərin istifadəsinə
verilməsinə görə kənd sakinləri və rəhbərlik etdiyi kollektiv adından rayon
rəhbərliyinə minnətdarlığını çatdırıb. Bala Çaylı kənd tam orta məktəbin direktoru Möhsüm
Məmmədov, məktəb direktorunun müavini Arif Mİrzəliyev, kənd sakini, təqaüdçü
Solmaz Nağıyeva respublikamızda, Qazax rayonunda, eləcə də kəndlərdə
görülən genişmiqyaslı işlərə görə Respublika Prezidenti İlham Əliyevə bütün kənd
sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ötən 2 il 4 ay ərzində
Qazaxda həyata keçirilən abadlıq və quruculuq işlərini böyük sevinc hissi ilə
qarşıladıqlarını çatdırıblar. Çıxış edənlər qeyd ediblər ki, bu gün sizin istər
şəhər mərkəzində, istərsə də kəndlərdə həyata keçirdiyiniz genişmiqyaslı işlər
rayon sakinlərində də böyük ruh yüksəkliyi yaradır. Hər bir rayon sakini doğma
el-obasına öz töhfəsini verir. Sizin Bala Çaylı kəndində gördüyünüz işlərdən
ruhlanan kənd sakinlərindən Azər Mərdalıyevin kənddə bulaq və dayanacaq tikdirməsi,
Şəmşir Müvəssəqinin abadlıq işləri aparması bunu söyləməyə əsas verir. Bu sizin
Qazax rayonunda, eləcə də rayonun bütün kəndlərində öz əməllərinizlə bir nümunə
olmağınız deməkdir. Çünki siz öz əməllərinizlə qurub-yaratmaq eşqi ilə
yanaşı, doğma el-obaya sahib çıxmaq kimi insani bir hissi də aşılayırsınız. EATS binasının rəmzi açılışını bildirən qırmızı
lent kəsildikdən sonra rayon rəhbəri və qonaqlar yeni istifadəyə verilən bina
ilə tanış olublar. Sonda icra başçısı kənd sakinləri və məktəblilərlə
xatirə şəkli çəkdirib.
GOYEZEN.AZ
İcra
başçısı bildirib ki, ölkə başçısı Qazax rayonuna xüsusi qayğı ilə yanaşır.
Bunun kökündə isə dövlət başçısının yürütdüyü siyasətin rayonda olduğu kimi
icra olunması dayanır. Bunu yüksək qiymətləndirən ölkə başçısı rayonun
inkişafı, daha abad və yaraşıqlı olması üçün müvafiq Sərəncamlar imzalayır. Respublika Prezidentinin Azərbaycan
Respublikasının şəhər vərayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə
tədbirlər haqqında imzaladığı 4 oktyabr 2018-ci il tarixli Sərəncamında Qazax
rayonunun da yer alması bu dediklərimizin əyani sübutudur.
Facebook-da paylaş