Qazaxda Yuxarı Salahlı kənd həkim məntəqəsinin açılışı olub
Bu gün Qazax
rayonunun Yuxarı Salahlı kəndində Yaponiya Səfirliyinin dəstəyi ilə tikilmiş
həkim məntəqəsinin açılışı olub. Açılış mərasimində Qazax
Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov, Yaponiyanın Azərbaycan
Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri, zati-aliləri Teruyuki
Katori, səfirliyin birinci katibi Takaaki Usui, səfirliyin
İctimai Əlaqələr şöbəsində konsultant Aysel Məmmədli, RİHB aparatının məsul
işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri,
səhiyyə işçiləri, kənd sakinləri, ziyalılar və KİV nümayəndələri iştirak edib. Qərb-Resurs
Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə
rəhbəri Ramil Göyüşov tədbiri açıq elan edərək qonaqları salamlayıb, həyata
keçirilən layihə və yeni tikilmiş məntəqə haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verib. Qeyd edib ki, Yaponiya səfirliyinin, Azərbaycan Respublikasının
Səhiyyə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə razılığı əsasında
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən
tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. İlk yardım, baş həkim,
ailə həkimi, ginekoloq, stomatoloq, peyvənd, palata, anbar daxil olmaqla 8
otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək
səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir
standartlara cavab verən sanitar qovşağı yaradılıb, istilik sistemi ilə təchiz
edilib. Eyni zamanda, ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin Qazax
rayonuna səfərlərini, Yaponiya ilə Azərbaycan dövlətləri arasındakı dostluğu
özündə əks etdirən fotoşəkillərdən ibarət guşə yaradılıb. Rayon
rəhbərliyinin göstərdiyi diqqət və qayğıdan söz açan layihə rəhbəri İcra Hakimiyyəti
tərəfindən görülən işlər haqqında da məlumat verib. Bildirib ki, rayon
rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən
çardaq quraşdırılıb, oturacaqlar qoyulub, giriş qapısının və pəncərələrin kənarlarına
aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısında yolun
çəkilməsi işləri aparılıb. Tədbir açıq
elan olunduqdan sonra hər iki ölkənin Dövlət Himnləri səsləndirilib. Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, Yuxarı Salahlı kəndində yeni
həkim məntəqəsinin açılışı münasibətilə bütün kənd sakinlərini təbrik edib.
Rayon rəhbəri Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər
respublikamızda, eləcə də Qazax rayonunda sosial-iqtisadi və tikinti-abadlıq
sahəsində görülmüş işlərin geniş vüsət aldığını bildirib. Qeyd edib ki,
Yaponiya Səfirliyinin, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və
Qazax Rayon İcra Hakimiyyətinin birgə razılığı əsasında bu ilin aprel ayında
tikintisinə başlanılan və bu gün açılış mərasiminə toplaşdığımız həkim
məntəqəsi Azərbaycan-Yaponiya dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Sevindirici
haldır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq
və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir və
möhkəmləndirilir. İcra başçısı qeyd edib ki, bu gün 126 milyondan çox əhalisi
olan və bu saya görə dünyada 10-cu yerdə olan Yaponiya dövləti qədim tarixi
köklərə malikdir. Bu gün Yaponiya dövlətinin ölkəmizə 7 milyarddan çox
investisiya qoyduğunu və çoxsaylı layihələrin həyata keçirildiyini qeyd edən
rayon rəhbəri görülən işləri yüksək qiymətləndirib. Qazaxda tikilən yeni həkim
məntəqəsinə görə rayon ictimaiyyətinin, ziyalılarının adından Yaponiya dövlətinə
və səfirinə minnətdarlığını çatdırıb və əməkdaşlığın bundan sonra da davam
etdirilməsini arzulayıb.
Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə
və Səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək tədbirə toplaşanları
salamlayıb və açılış münasibətilə təbrik edib. Yaponiya Hökumətinin maliyyə
dəstəyi ilə 6 mart tarixində imzalanmış "Qazax rayonunun Yuxarı Salahlı
kəndində tibb məntəqəsinin tikintisi” layihəsinin uğurla icra edilməsindən söz
açıb. Qeyd edib ki, Azərbaycan müstəqil dövlət kimi 27 ildir ki, bütün dünyaya öz
gücünü sübut edir. Azərbaycan ilə Yaponiya dövləti arasında dostluq
əlaqələrinin hələ min il əvvələ söykəndiyini bildirən səfir iki ölkə arasında
mövcud olan sosial-iqtisadi, elm, təhsil, səhiyyə sahəsindəki əlaqələrdən danışıb,
gələcəkdə də bu əlaqələrin qorunub saxlanılması və daha da möhkəmləndirilməsinə
böyük ehtiyac olduğunu bildirib.
Qazax rayonuna ilk dəfə səfər etdiyini bildirən səfir
Yaponiya Hökumətinin Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş
əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Bu günə kimi Qazaxda bu layihə
də daxil olmaqla, 3 layihənin icra edildiyini bildirib. 2010-cu ildə rayonun
Məzəm kəndində su təchizatı sisteminin tikintisi, 2014-cü ildə Daş Salahlı kəndində
həkim məntəqəsinin tikintisi və 2017-ci ildə Yuxarı Salahlı kəndində həkim
məntəqəsinin tikintisi ilə bağlı layihələrin uğurla icra olunduğunu çatdırıb. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda
Məmmədova çıxış edərək qonaqları salamlayıb, Yaponiya ilə Azərbaycan arasındakı
səmimi münasibətdən, dostluq əlaqələrindən söz açıb. Yuxarı Salahlı kəndində
inşa olunmuş bu məntəqənin 4000-dən çox kənd sakininə xidmət göstərəcəyini
bildirib və kollektivə bu istiqamətdə uğurlar arzulayıb.
Bakı Dövlət Universiteti
Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev
çıxış edərək bildirib ki, Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin
istifadəyə verilməsi bütün rayon ictimaiyyəti üçün olduqca əlamətdar hadisədir.
Yaponiya ilə ölkəmiz arasındakı əlaqələrin dərin köklərə malik olduğunu qeyd edən
natiq Respublika Prezidenti İlham Əliyevin iki ölkə arasında olan bu səmimi
münasibətə böyük önəm verdiyini qeyd edib. Bakı Dövlət Universitetində şərqşünaslıq
fakültəsində tədris olunan dillər arasında yapon dilinin hər zaman üstünlük təşkil
etdiyini diqqətə çatdırıb. Qərbin qapısı sayılan Qazaxda yeni həkim məntəqəsinin
tikintisinə görə qazaxlı ziyalılar adından minnətdarlığını ifadə edib, həmin məntəqənin
Yaponiya ilə Azərbaycan arasında olan dostluğun və əməkdaşlığın hədiyyəsi kimi
dəyərləndirib.
Yuxarı Salahlı kənd sakini, təqaüdçü
müəllim Məhəmməd Vəkilov çıxışı zamanı bildirib ki, bu gün rayonumuzda böyük
tikinti-quruculuq işləri aparılır. İstər şəhər mərkəzində, istərsə də kəndlərdə
bu abadlıq işlərinin şahidi oluruq. Bu gün Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin
açılması biz kənd sakinlərini çox sevindirir. Biz də öz növbəmizdə bütün kənd
sakinləri adından görülən genişmiqyaslı işlərə görə ölkə başçısı İlham Əliyevə,
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığımızı
bildiririk. Yaponiya dövlətinin kəndimizdə həyata keçirdiyi layihəni yüksək
qiymətləndirir və buna görə sonuz təşəkkürümüzü çatdırırıq.
Sonra həkim məntəqəsinin rəmzi açılışını bildirən
qırmızı lent kəsilib. Səfir və qonaqlar tərəfindən məntəqəyə baxış keçirilib.
Öncə məntəqənin tikintisini özündə əks etdirən şəkillərdən ibarət slayd nümayiş olunub. Daha sonra otaqlarla
tanışlıq olub və görülən işlər yüksək qiymətləndirilib. Tədbirdə rayonumuzda qonaq olan səfirə qədim ozan alətimiz
olan saz və digər hədiyyələr təqdim olunub. Məntəqə ilə tanışlıq başa çatdıqdan sonra səfir Teruyuki
Katori Qazax rayonuna səfəri və açılışla bağlı təəssüratları barədə KİV
nümayəndələrinə müsahibə verib. Sonda çay süfrəsi ətrafında iki ölkə arasında olan
iqtisadi, sosial və mədəni sahələrdə olan əməkdaşlıqdan, qarşıda duran
vəzifələrdən, layihələrdən söhbət açılıb. Xatirə şəkilləri çəkilib. GOYEZEN.AZ
Facebook-da paylaş