Məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə sakinlərlə səyyar görüş keçirilib
Rayon İcra
Hakimiyyətinin başçısı Rəcəb Babaşovun Qazaxda son 2 il 4 ay ərzində istər
şəhərdə, istərsə də kəndlərdə keçirdiyi səyyar görüşlər artıq bir ənənə şəklini
alıb. Bunu icra başçısının rəhbər təyin olunduğu ilk gündən vətəndaş mövqeyini
hər şeydən üstün tutmasından, hər zaman xalqın arasında olmasından, əhalini
narahat edən problemləri onların dilindən eşitmək məqsədilə mütəmadi olaraq
kəndlərdə səyyar görüşlər keçirməsindən aydın şəkildə görmək olar. Məhz
keçirilən səyyar görüşlər zamanı mövcud çatışmazlıqların yerindəcə öyrənilərək
həlli istiqamətində lazımi tapşırıqlar verilməsinin, yüksək diqqət və
qayğı göstərilməsinin nəticəsidir ki, bu gün xalqla rayon
rəhbərliyi arasında səmimi bir münasibət yaranıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi
veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə
yanaşıb. Onları narahat edən məsələləri yerindəcə öyrənib, qayğıları ilə
maraqlanıb. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi
dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilib.
Rayon rəhbərinin işğal altında olan Bağanıs Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu,
Yuxarı Əskipara və Aşağı Əskipara kənd sakinlərinin məskunlaşdığı yeni
qəsəbədə mütəmadi olaraq görüşlər keçirməsi, sakinlər tərəfindən qaldırılan hər
bir məsələnin dərhal həll olunması bunu bir daha sübut edir. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu
gün bu ilin proqramına uyğun olaraq 7-ci dəfə yeni salınmış qəsəbədə olub,
orada məskunlaşmış məcburi köçkün ailələri ilə səyyar görüş keçirib. Rayon rəhbəri
görüşdə çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, ən
səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, belə
səyyar görüşlər keçirməyimin əsas məqsədi siz sakinləri narahat edən məsələləri
öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. İcra başçısı bildirib ki, bu gün 20 faizdən çox torpaqları
erməni işğalçıları tərəfindən zəbt olunmuş, bir milyondan çox qaçqın
və məcburi köçkünü olan Azərbaycanda ilk vaxtdan başlayaraq dövlət öz
vətəndaşlarını bu ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata
keçirməyə başladı. Ulu öndər Heydər Əliyev hakimiyyəti dövründə
qaçqınlara və məcburi köçkünlərə xüsusi qayğı ilə yanaşmış,
dəfələrlə onların məskunlaşdığı çadır şəhərciklərində görüşlər
keçirmişdir. Bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı,
ölkə başçısı İlham Əliyev də problemin həllini hər an diqqət
mərkəzində saxlamış, çadır şəhərcikləri ləğv olunmuş, müxtəlif
bölgələrdə məcburi köçkünlər üçün yeni, müasir tipli qəsəbələr
inşa olunmuşdur. Rayon rəhbəri "Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət
Proqramı”nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü
il tarixli Sərəncamının bu sahədə görülən məqədyönlü tədbirlərdən biri olduğunu
qeyd edib. Həmin sərəncamla bütün bölgələrimizdə
məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni qəsəbələrin
salındığını, onların həyat şəraitlərinin mütəmadi olaraq yaxşılaşdırıldığını
vurğulayıb. Qeyd edib ki, Ermənistanla 168 km sərhəddi olan və 7
kəndi hələ də düşmən tapdağı altında olan
Qazax rayonunun sakinləri də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını
yaşayırlar. Bu gün rayonun 5 kəndi daim erməni silahlı birləşmələrinin atəşi
altındadır. Torpaqlarımızın müdafiəsi zamanı Qazax rayonu 285 şəhid
verib. Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da məcburi köçkün ailələrinin dövlətin və dövlət başçısının qayğısını
hər zaman hiss etdiklərini bildirib. Rayonun işğal altında olan kəndlərinin
sakinlərinin də Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə
olunduqlarını çatdırıb. Rayonun Qazaxbəyli kəndində 304 məcburi köçkün ailəsi
üçün salınmış və bütün infrastukturlarla tam təmin olunmuş yeni qəsəbədə
yaradılan yüksək şəraiti sakinlərə olan diqqət və qayğının əyani təzahürü kimi
qiymətləndirib. İcra
başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə olaraq 300-ə yaxın ailənin məskunlaşacağı
yeni 8 binanın tikilməsi də dövlət tərəfindən məcburi köçkün ailələrinə göstərilən
diqqət və qayğının əyani sübutudur. Eyni zamanda, əlavə olaraq məktəb, bağça,
dükan, bərbər və bir sıra infrastrukturlar yaradılacaq ki, bu, əlavə iş yerlərinin
olması deməkdir. Rayon rəhbəri bildirib ki, ölkə başçısının hər dəfə çıxışları zamanı
söylədiyi "Xalqa xidmət göstərilməlidir” cümləsi bu gün dövlətimizin
siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Prezident İlham
Əliyevin siyasətinin əsasını təşkil edən vətəndaş amilinin Qazax rayonunda
olduğu kimi icra edildiyini vurğulayan icra başçısı bildirib ki, rayonumuzda elə
bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq görülən işləri,
istifadəyə verilən sosial obyektləri, eləcə də yeni iş yerlərinin
yaradılmasını, kənd təsərrüfatının inkişaf etməsini, tikinti-quruculuq
işlərinin geniş vüsət almasını bunun əyani sübutu olduğunu qeyd edib. Rayon rəhbəri bildirib ki, bu gün Qazaxda tikinti-quruculuq və abadlıq
işləri geniş vüsət alıb. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi
tikilib, "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu
istifadəyə tam hazırdır. Hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP”
MMC tərəfindən tikilən Aqroparkda son tamamlanma işləri aparılır. "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən Elektrod Zavodunda da işlər
yekunlaşıb, avadanlıqların quraşdırılması işləri aparılır. 2017-ci ilin
yanvarından tikintisinə başlanılan 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında
demək olar ki, əsas işlər görülüb, son tamamlanma işləri aparılır. İcra başçısı
görüş zamanı vurğulayıb ki, sürətlə davam etdirilən abadlıq işlərindən biri də
rayonumuzda yol infrastrukturunun inkişaf etdirilməsi və bu istiqamətdə
məqsədyönlü tədbirlərin həyata keçirilməsidir. Qeyd edib ki, bu inkişafı
rayonun Kosalar, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli kəndlərinə
yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Ölkə başçısı
İlham Əliyevin avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı
Sərancamlar bir daha onu sübut edir ki, bölgələrimizdə, eləcə də rayonumuzda
yeni asfalt yolların çəkilişi bundan sonra da uğurla davam etdiriləcəkdir. Təhsil sahəsində qazanılan uğurlardan danışan rayon rəhbəri bu il
də məzunların ali məktəblərə qəbul faizinin artdığını, 2017-2018-ci tədris
ili üzrə qəbul olma faizinin 54,15 olduğunu bildirib. Qeyd edib ki, tədris
ilində 676 nəfər məzundan 509 nəfər ali məktəbə qəbul imtahanlarında iştirak
etmiş, onlardan 274 nəfər ali təhsil müəssisələrinə qəbul olmuşdur. Ümumilikdə
rayon üzrə ötən ilin məzunları ilə birlikdə 651 nəfər qəbul imtahanlarında iştirak
etmişdir ki, onlardan 329 nəfəri ali təhsil müəssisəsinə qəbul olaraq tələbə
adını qazanmışlar. Sevindirici haldır ki, ali təhsil müəssisələrinə qəbul olmuş
tələbələrdən 49 nəfəri 500-dən, 19 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Bu il Aşağı Əskipara kənd tam orta məktəbindən 8 nəfər məzun qəbul imtahanında
iştirak etmişdir ki, onlardan 5 nəfəri ali, 2 nəfəri isə orta ixtisas məktəbinə
daxil olmuşdur. Rayon rəhbəri kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan
söz açaraq bildirib ki, rayonda kənd təsərrüfatının inkişaf
etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü
işlərin nəticəsidir ki, son 2 il 4 ay ərzində əkin sahələrində xeyli sayda
artım olmuşdur. Əkin sahələrinin ildən-ilə
genişləndirilməsindən söz açan rayon rəhbəri bildirib ki, 2016-cı ildə 16520,6
hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin
aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77
hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar
olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə
tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3
hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır. İcra başçısı bildirib ki, bu gün kənd təsərrüfatında əldə edilən bütün
uğurlar onu göstərir ki, yaradılan hər bir şərait, göstərilən qayğı əhalinin
maddi rifah halının yaxşılaşdırılmasına xidmət edir. Hər şeyin kökündə vətəndaş
amili dayanır. Bağanıs Ayrım kənd sakini, ağsaqqal Şəmil Adıgözəlov,
Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara kənd sakini
Sevinc Alməmmədova, Aşağı Əskipara kənd körpələr evi-uaq bağçasının müdiri Şəfiqə Mustafayeva çıxış edərək ürək sözlərini
bildiriblər. Qeyd ediblər ki, sizin hər dəfə biz məcburi köçkünlərlə
görüşməyiniz bizi çox sevindirir. Biz sizə rayon rəhbəri kimi deyil, bir ailə
başçısı kimi müraciət edirik. Çünki siz bu qəsəbənin daimi sakinisiniz. Bu gün
biz Prezidentimiz İlham Əliyev tərəfindən hər cür diqqət və qayğı ilə əhatə
olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək şərait yaradılıb. İşğal
altında olan kəndlərimizin dondurulmuş işçi yerləri rayon rəhbərinin qayğısı
sayəsində bərpa olundu və həmin işçilər bu gün qəsəbədəki tibb məntəqəsində
çalışırlar. Bu, biz məcburi köçkünlərə göstərilən diqqət və qayğının daha bir
nümunəsidir. Eyni zamanda, rayonda vətəndaş amilinin həmişə ön planda olması
deməkdir. Bundan əlavə, qəsəbədə xeyir və şər mərasimlərinin
keçirilməsi üçün 360 nəfərlik mağar quraşdırılması, oradakı avadanlıqların
yığılması üçün xüsusi yerin ayrılması, qəsəbənin işıqlandırılması, istər
bağçada, istərsə də məktəbdə gələcəyimiz olan uşaqlara hər cür şərait yaradılması
biz sakinlərə göstərilən diqqət və qayğı deməkdir. Şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə, veteranlarına göstərilən
diqqət və qayğıdan danışan sakinlər Vətən fədailərinin əziz xatirəsinin rayonda
hər zaman uca zirvədə tutulduğunu, Vətən sevgisinin, vətənpərvərlik duyğusunun,
şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının həmişə yüksək səviyyədə olduğunu
qeyd ediblər. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu sahəyə xüsusi
diqqət ayırdığını şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşıldığını,
şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış
abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasını,
yenilənməsini, əsaslı şəkildə təmir edilməsini bunun bariz nümunəsi olduğunu
çatdırıblar. Şəhərin mərkəzində şəhidlərimizin əziz xatirəsinə yaradılmış
Şəhidlər Xiyabanının bütün şəhidlərimizə verilən ən yüksək qiymət olduğunu
bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, dövlətimiz tərəfindən
bizlərə, eləcə də sərhəd bölgəsində yaşayan sakinlərə göstərilən bu qayğı bizi
bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti
nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz
ata-baba yurdumuza qayıdacağıq. Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə
əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən
diqqətə görə Prezident İlham Əliyevə və rayon rəhbərliyinə bütün məcburi köçkün
ailələri adından minnətdarlıqlarını bildiriblər. Aşağı Əskipara kənd sakinlərindən Sevilə Vəliyeva
xəsarət almış oğlunun məsələsinin araşdırılmasını, Aysel Əsgərova və Səməngül Nəsibova
işlə təmin olunmalarına köməklik göstərilməsini, Sarvan Əhmədov 1,2,7,8-ci
binalarda su xəttinin təmir olunmasını, Bağanıs Ayrım kənd sakinlərindən İlhamə
Poladova həyat yoldaşının, Zərbəçi Həsənov isə yaxın qohumunun müalicəsi üçün
göndəriş verilməsini, Xeyrımlı kənd sakini Sədiqə Əsədova torpaq məsələsi ilə
bağlı müraciətini bildirib. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri hər bir məsələyə
diqqətlə yanaşılacağını və həlli mümkün olan nə varsa ediləcəyini bildirib. Sonra rayon rəhbəri Aşağı Əskipara kənd tam orta məktəbində
yaradılan şəraitlə tanış olub, şagirdlərə göstərilən diqqət və qayğı ilə
maraqlanıb. İcra başçısı yeni qəsəbədə yaradılmış körpələr
evi-uşaq bağçasına da baş çəkib,
körpələrə göstərilən diqqət və qayğı, yaradılan şərait, ərzaq təminatı və körpələrin
tibbi müayinədən keçmələri ilə maraqlanıb. Bağça müdiri Şəfiqə Mustafayeva
rayon rəhbərinə bildirib ki, istər ərzaq təminatında, istərsə də uşaqların
tibbi müayinədən keçməsində heç bir problem yoxdur. Bağça vaxtlı-vaxtında ərzaqla
təmin olunur və uşaqların müayinəsi həyata keçirilir. GOYEZEN.AZ
Facebook-da paylaş