• Təqvim

  • Unutma

  • Maraq



İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında işlərin xeyli hissəsi görülüb


Xəbər verdiyimiz kimi, 1 aydan çoxdur ki, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.  

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bağçada görülən işlərlə tanış olmaq üçün yerində baxış keçirib. İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında olan rayon rəhbərinə məlumat verilib ki, istifadəyə verildiyi gündən təmir olunmayan, uzun müddət baxımsızlıq ucbatından yararsız hala düşən və əsaslı təmirə böyük ehtiyac olan bağçada ilk gündən tikinti işləri sürətlə davam etdirilir.

İşlərin sürətlə aparılmasının nəticəsidir ki, bağça binasında əsas işlərin xeyli hissəsi görülüb. Belə ki, bütün otaqlarda olan köhnə suvaqlar çapılaraq tökülüb, köhnə qapı və pəncərələr, tavan və döşəmə sökülüb.  Əvəzində yeni qapı və pəncərələr quraşdırılıb. Pəncərələrin ətrafına aqlaydan haşiyələrin vurulması işi başa çatıb. Əlavə tikiləcək qrup otaqlarının hörgü və suvaq işləri də tam başa çatıb. Bundan əlavə, binanın dam örtüyü yenilənib. Yeni su-kanalizasiya xətti çəkilib.

Bildirilib ki, hazırda bağçanın ətrafına hasarın çəkilməsi işi aparılır. Sanitar qovşaqlarda isə kafel-metlak vurulmasına başlanılacaq.

Görülən işlərlə tanış olan rayon rəhbəri işlərin sürətlə və keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verib.

Bağçanın musiqi müəllimi Pərvanə Qədimova istər rayonda aparılan genişmiqyaslı tikinti-quruculuq işlərinə, istərsə də İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulmasına görə rayon rəhbərinə bütün müəllim və valideynlər adından dərin minnətdarlığını çatdırıb. Digər bağçalar kimi bu bağçada da yüksək səviyyədə şəraitin yaradılmasını müəllim və valideynlərin, eləcə də kənd sakinlərinin yüksək qiymətləndirdiyini bildirib. 

Məlumat üçün bildirək ki, bu gün rayonda fəaliyyət göstərən 25 bağçadan 6-sı şəhərdə, 19-u isə kəndlərdə yerləşir. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, şəhər bağçalarından 1,2, 3, 4 və 5 saylı körpələr evi-uşaq bağçaları, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları tikilmiş və əsaslı təmir olunan bağçalar sırasındadır.





















 

GOYEZEN.AZ

 



Facebook-da paylaş