Səyyar “ASAN qatar” Qazaxda daha 75 uşağı sevindirib
Vətəndaşların rahatlığının təmin olunması istiqamətində hər zaman ilklərə
imza atan Azərbaycanda vətəndaş amili həmişə ön planda olub. Respublika
Prezidenti İlham Əliyevin 13 iyul 2012-ci il tarixli 685 nömrəli Fərmanına
əsasən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara
Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eləcə də agentliyin
tabeliyində yaradılmış "ASAN xidmət”in gördüyü işlər, vətəndaşlara göstərdiyi
yüksək xidmət bunu söyləməyə əsas verir. Agentliyin tabeliyində
olan və vətəndaşların rahatlığının təmininə xidmət edən sahələrdən biri də
Səyyar "ASAN qatar”lardır. İki il öncə yaradılmış bu xidmət bu günədək "ASAN xidmət”
mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması
və onların mərkəzlərə gəlmədən xidmətlərdən yararlanması üçün zəruri işlər
həyata keçirir. Səyyar "ASAN qatar”ları ölkəmizdə geniş dəmiryolu şəbəkəsi,
mövcud infrastruktur, kommunikasiya xətləri və ən müasir texnologiyalardan
istifadə edərək yerlərdə vətəndaşlara xidmət göstərir. Belə ki, "ASAN qatar”
növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin
olunan yerdə dayanaraq və əhaliyə xidmət göstərərək vətəndaş məmnunluğuna nail
olur.
Ötən il fevral ayının 1-dən
etibarən ilk olaraq Səyyar "ASAN qatar” Qazax rayonunda sakinlərə 15 gün
müddətində səyyar formada xidmət göstərməyə başladı. Sevindirici haldır ki, hər
zaman yenilikləri ilə seçilən "ASAN xidmət” nümayəndələri böyüməkdə olan
körpələrimizi də yaddan çıxartmırlar. Növbəti dəfə ənənəsinə sadiq qalaraq 3 sentyabr tarixindən
etibarən Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası)
ünvanında rayon sakinlərinə xidmət göstərən Səyyar "ASAN
qatar” fəaliyyəti dövründə azyaşlı körpələri də sevindirib. Belə ki,
rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçalarında,
eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında
tərbiyə alan uşaqlar xidmətin fəaliyyətindən yararlanıb. 4 uşaq bağçasından 59
nəfər körpə fidana ödənişsiz şəxsiyyət vəsiqələri təqdim olunub.
Ötən həftə isə rayonun
daha 8 uşaq bağçasında bu aksiyanın davam etdirildiyi barədə məlumat vermişdik.Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər
üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq
bağçasında təşkil olunmuş aksiyada bu bağça ilə yanaşı, Aşağı Salahlı kənd
körpələr evi-uşaq bağçası, Qazaxbəyli kənd uşaq bağçası, Kosalar kənd 1 saylı
körpələr evi-uşaq bağçası, Kosalar kənd 2 saylı körpələr evi-uşaq bağçası,
Kosalar kənd 3 saylı uşaq bağçası, Hüseynbəyli kənd uşaq bağçası və Canalı kənd
uşaq bağçasından olan uşaqlar da iştirak etmişdi. 8 bağçadan 75 nəfər
uşaqdan ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün
qan analizi götürülmüş və sənədləri qəbul edilmişdi. Bu gün həmin uşaqların
şəxsiyyət vəsiqələri öz sahiblərinə təqdim edilib. Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasında 35 nəfərə şəxsiyyət
vəsiqələrinin verilməsi mərasimi olub. Yerdə qalan 40 nəfərə isə hər bir
bağçanın özündə təqdim ediləcək. Təqdimat mərasimində
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin deputatı
Ülviyyə Ağayeva, Səyyar "ASAN qatar”ın nümayəndələri, bağça müəllimləri,
valideynlər, qəsəbədə yaşayan məcburi köçkünlər iştirak edib.
Qazax Rayon
İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovmərasimdə çıxış edərək Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən
vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti
yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün sevindirici haldır ki, ölkə başçısı
tərəfindən yaradılan "ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi
sahəsində bir brendə çevrilib və inkişaf
etmiş ölkələr belə "ASAN xidmət”in fəaliyyətindən bəhrələnir, bu sahədə əldə olunan nailiyyətləri öz
ölkələrində nümunə kimi göstərirlər. İcra başçısı bildirib ki, bu gün körpə fidanlara ödənişsiz olaraq şəxsiyyət
vəsiqələrinin verilməsi dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz
olan körpələrə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.
Rayon rəhbəri
qeyd edib ki, fəaliyyətə başladığım ilk gündən bütün uşaqları öz doğma nəvəm
kimi sevir və əzizləyirəm. Bağçalara xüsusi diqqət ayırmağımın da əsas məqsədi
odur ki, uşaqlar gözəl şəraiti olan bağçalarda tərbiyə olunsunlar. Çünki bizim
fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır
ki, biz bağçalarla bağlı görülən işlərə uğurla başladıq və artan templə də davam
etdiririk.
Bunu rayonda olan tam təmirli bağçalardan - Qazaxbəyli kəndi ərazisində
məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara kənd
körpələr evi-uşaq bağçasının, şəhər bağçalarından 1,2,3,4,5 saylı, kənd
bağçalarından - Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı,
Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və
Bala Cəfərli kənd uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar.
Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasında
və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir
işləri uğurla davam etdirilir. Bundan sonra çalışacağıq ki, ilin sonuna kimi
digər bağçalar da əsaslı şəkildə təmir olunsun.
Rayon rəhbəri sonda şəxsiyyət vəsiqəsi alan uşaqları, onların
müəllimlərini, valideynlərini təbrik edərək vətəndaşlar, xüsusilə də uşaqlar
üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin
minnətdarlığını bildirib. Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək
körpə fidanları, onların müəllim və valideynlərini bu əlamətdar gün
münasibətilə təbrik edib, ən xoş sözlərini çatdırıb. Dövlət başçısı tərəfindən
gələcəyimiz olan uşaqların hərtərəfli qayğı ilə əhatə olunması sahəsində
görülən işlərdən söz açıb. Respublikamızın hər yerində olduğu kimi, Qazaxda
aparılan genişmiqyaslı tikinti-quruculuq işlərini yüksək qiymətləndirən deputat
son 2 il 4 ay ərzində uşaqlarla bağlı həyata keçirilən tədbirlərdən danışıb.
Körpələrin yüksək şəraitdə təlim-tərbiyə almaları üçün bağçaların əsaslı
şəkildə yenidən qurulmasını və uşaqların istifadəsinə verilməsini görülən
işlərin əyani sübutu kimi dəyərləndirib. Səyyar "ASAN qatar”ın
həyata keçirdiyi bu layihənin dövlətin və dövlət başçısının uşaqlara olan
qayğısının əyani təzahürü olduğunu bildirib.
Səyyar
"ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov məlumat
verərək bildirib ki, istər əhaliyə yüksək səviyyədə xidmət
göstərmələri, istərsə də "ASAN qatar” nümayəndələrinin rahat
şəkildə fəaliyyət göstəmələri üçün hər cür şərait yaradılıb. Qrup rəhbəri qeyd edib ki, Səyyar
"ASAN qatar”ın fəaliyyətə başladığı andan bu günə kimi müraciət etmiş 2994
nəfərdən 2941 nəfərə xidmət göstərilib. Respublika
Prezidenti İlham Əliyev tərəfindən dövlət xidmətlərinin vətəndaşlar üçün daha
rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region
sakinlərinin məmnunluğuna nail olmaq məqsədilə təşkil olunmuş bu xidməti
istər bağça müəllimləri, istərsə də valideynlər yüksək qiymətləndiriblər. Valideynlərdən
- Qazaxbəyli bağçasından Lamiə Nəsibova, Aşağı Əskipara bağçasından Tükəzban
Mustafayeva, Aşağı Salahlı bağçasından Aysel Ballayeva onlar üçün yaradılan
şəraitə və yüksək xidmətə görə ölkə başçısına, Səyyar "ASAN qatar”ın
nümayəndələrinə dərin minnətdarlıqlarını bildiriblər. Məcburi
köçkünlərdən – Yuxarı Əskipara kənd sakini Nüsrəddin Hacıyev, Aşağı Əskipara
kənd sakini Front Həsənov, Bağanıs Ayrım kənd sakini Şəmil Adıgözəlov çıxış
edərək qeyd edblər ki, siz rəhbər kimi təyin olunduğunuz ilk gündən şəhid
ailələrinə, Qarabağ müharibəsi veteranlarına, əlillərinə, eləcə də məcburi
köçkün ailələrinə daim qayğı ilə yanaşırsınız. Biz məcburi köçkünləri narahat edən
məsələləri yerindəcə öyrənir, qayğılarımızla maraqlanırsınız. Biz sakinlər ölkə
başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi dövlət siyasətinin
rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirildiyinin şahidi oluruq. Bunu
sizin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməyinizdən,
sakinlər tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunmasından aydın
şəkildə görmək olar. Çıxış edənlər regionlarda
yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin
təşkili məqsədilə səyyar xidmət avtobuslarının, eləcə də qatarların təşkil
olunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər. Mütəmadi olaraq təşkil
olunmuş bu cür layihələri, aksiyaları dövlət tərəfindən hər bir vətəndaşa
göstərilən qayğı kimi dəyərləndiriblər. Rayonumuzda uşaqların gözəl şəraiti
olan bağçalarda tərbiyə almaları, müasir standartlara cavab verən məktəblərdə
elmə, biliyə yiyələnmələri, vətənpərvər ruhda böyümələri üçün hər cür şərait
yaradıldığını qeyd ediblər. Bildiriblər ki, bu gün körpə fidanlara şəxsiyyət
vəsiqələrinin bu cür yüksək səviyyədə təqdim olunması bir daha onu sübut etdi
ki, onların gələcəkdə əsl vətəndaş kimi formalaşması üçün ölkəmizdə, eləcə də
rayonumuzda əhəmiyyətli işlər görülür. Çıxış edənlər bu aksiyada Aşağı Əskipara
kəndindən 4 nəfərə, Yuxarı Əskipara kəndindən 2 nəfərə, Xeyrımlı kəndindən 1
nəfərə ödənişsiz şəxsiyyət vəsiqəsinin verilməsini məcburi köçkün ailələrinə və
uşaqlarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu bildiriblər. Sonra şəxsiyyət vəsiqələri uşaqlara təqdim edilib. Məlumat üçün
bildirək ki, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət”
mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin
edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN
qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri
olmaqla 4 vaqondan ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu
nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin
və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin "ASAN
xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə də
yaradılıb. Rayonumuzda 25
gün müddətində sakinlərə səyyar formada göstərilən xidmətlərə -bank
xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın
təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların
məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların
verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına
alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində
mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin
qeydiyyat istisna olmaqla) verilməsi daxildir. Bundan əlavə, əmək
pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və
dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük
vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət
qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti,tərcümə xidməti, tibb xidməti
də göstərilən xidmətlər sırasındadır. Sentyabr ayının
27-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə
içi və şənbə günü saat 10:00-dan 17:30-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək)
həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat
10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Tədbir başa çatdıqdan sonra rayon rəhbərliyi və qonaqlar Aşağı Əskipara
kənd körpələr evi-uşaq bağçasında uşaqlara göstərilən diqqət və qayğı, ərzaq təminatı
və tibbi müayinə olunmaları ilə maraqlanıb, bağçadakı şəraitlə tanış olublar.
GOYEZEN.AZ
Facebook-da paylaş