• Təqvim

  • Unutma

  • Maraq



Bakı Dövlət Universitetinin Qazax filialının kollektivinə

Hörmətli professorlar, müəllimlər, əziz tələbələr!


Sizi 2018/2019-cu yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə təbrik edirəm! Xalqımızın elm, təhsil və mədəniyyət tarixində xüsusi yeri olan, Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi, Osman Sanvəlli və s. kimi yüzlərlə böyük şəxsiyyətlər və alimlər yetirən Qazaxda belə bir təhsil ocağının fəaliyyət göstərməsi çox dəyərli hadisədir. Ölkəmizin və bütün müsəlman Şərqinin ilk və ən böyük ali məktəbi olan Bakı Dövlət Universitetinin respublikamızda yeganə filialının məhz Qazaxda yerləşməsi qanunauyğun haldır. Çünki Qori Müəllimlər Seminariyasının yeganə filialı da vaxtilə Qazaxda açılmış, burada elmə, təhsilə böyük maraq ənənələri olmuş, Qazax regionda, həm də qonşu ölkələrdə milli ziyalı təbəqəsinin formalaşmasına güclü təsir göstərmişdir. Həmin şərəfli ənənələri uğurla davam etdirmək üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyev 29 aprel 2016-cı il tarixli sərəncamı ilə bu təhsil ocağının Bakı Dövlət Universitetinin balansına vermişdir. Həmin sərəncamdan sonra filialın inkişafı göz qabağındadır. Yeni auditoriyaların, laboratoriyaların açılması, qəbul olunan tələbələrin Bakı şəhəri də daxil olmaqla, keçən ilki 54 şəhər və rayonun müqabilində bu il 62-yə, qəbul olunanların sayının keçən ilki 389 nəfərdən bu il 562 nəfərə çatması, həmin gənclərin 150 nəfərinin ixtisas seçimində Qazax filialını birinci sırada qeyd etməsi, 500-dən yuxarı bal toplayan birinci kurs tələbələrinin sayının kəskin artması, tədris edilən ixtisasların 17-yə qalxması, bununla bərabər təhsilin keyfiyyətinin, tələbələrin elmə marağının və məsuliyyətinin artması, imtahanların şəffaflığı, nəticələrin yüksəlməsi bizi çox sevindirir. Çox şadıq ki, cəmi bir neçə il əvvəl 300 nəfər ətrafında tələbəsi olan filialda hal-hazırda 1140 tələbə təhsil alır.


Bu gün ölkəmizdə gedən quruculuq işləri, regionların inkişafına göstərilən dövlət qayğısı nəticəsində Qazax rayonunda da böyük dəyişikliklər baş verir. Regionun ən gözəl və inkişaf etmiş bu rayonunda yeni Universitet şəhərciyinin tikilməsi planlaşdırılır. Gələcək nəslin müasir tələblərə cavab verən yüksək səviyyəli mütəxəssis kimi yetişdirilməsi üçün əlimizdən gələn hər şeyi edəcəyik.


Hörmətli professorlar, müəllimlər, əziz tələbələr!


İnanıram ki, ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil respublikamızın dinamik inkişafını təmin edən möhtərəm prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurlarda sizin də öz payınız olacaqdır. Əminəm ki, 100 yaşlı Bakı Dövlət Universitetinin şanlı ənənələrini davam etdirməklə, bu şərəfli tarixi olan ali məktəbin əməkdaşı və tələbəsi olmaq məsuliyyətini dərindən dərk etməklə xalqımızın elm və təhsil tarixinə yeni səhifələr yazmaqda bizimlə birgə olacaqsınız. Hər birinizi Yeni tədris ilinin başlanması və Bilik günü münasibətilə bir daha təbrik edir, yeni uğurlar, cansağlığı və xoşbəxtlik arzulayıram!

Hörmətlə, 

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov



Facebook-da paylaş