• Təqvim

  • Unutma

  • Maraq



BDU-nun Qazax filialında “Bilik Günü” qeyd olunub


Bu gün Bakı Dövlət Universitetinin Qazax filialında 15 sentyabr "Bilik Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, RİHB aparatının məsul işçiləri, müəllim-tələbə kollektivi, valideynlər və KİV nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin filialın binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq əziz xatirəsini yad ediblər.



Sonra filialın həyətində müəllim və tələbələr üçün yaradılmış yeməkxananın açılışı olub. Rəmzi açılışı bildirən qırmızı lent kəsildikdən sonra qonaqlar yeməkxanada yaradılan şəraitlə tanış olublar.



 

Dövlət Himni səsləndikdən sonra BDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev tədbiri giriş sözü ilə açaraq müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçərək ali təhsil alacaq I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Qeyd edib ki, bu gün Azərbaycan təhsili özünün yeni inkişaf mərhələsini yaşamaqdadır.


Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax filialının Bakı Dövlət Universitetinin Qazax filialı kimi fəaliyyətə başlaması bu söylədiklərimizin əyani sübutudur. Ulu öndərin əsasını qoyduğu və bu gün də Respublika Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil sahəsinin inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışıb. Yeni tədris ilində filialın tədris binasının əsaslı şəkildə təmir olunmasını, müəllim və tələbələr üçün bütün auditoriyalarda, laboratoriya otaqlarında yüksək şəraitin yaradılmasını, bir sözlə, tələbələrə yüksək keyfiyyətli təhsil vermək üçün geniş imkanların açılmasını bu sahədə görülən işlərin əyani sübutu kimi qiymətləndirib. Qeyd edib ki, bu gün istər yüksək peşəkar müəllim-professor heyətinin olması, istər filialda yaradılan şərait onu deməyə əsas verir ki, siz tələbələr gələcəkdə tam formalaşmış bir kadr kimi cəmiyyət üçün yararlı vətəndaş olacaqsınız.


V.Əfəndiyev bu tədris ilinin əlamətdar günlərlə zəngin olduğunu qeyd edərək ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin yaranmasının 100 illik yubileyinin, eləcə də, Qori Müəllimlər Seminariyasının Qazaxda fəaliyyətə başlamasının 100 illiyinin tamam olmasının böyük təntənə ilə qeyd olunacağını bildirib.

V.Əfəndiyev filialın imkanlarının gündən-günə genişləndiyini qeyd edərək filiala magistraturaya qəbul verilməsini həm rayon təhsilinin, həm də BDU Qazax filialının uğuru olduğunu bildirib.


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək yeni dərs ilinin başlanması münasibətilə tələbələri, onların valideynlərini, müəllimləri səmimi qəlbdən təbrik edib, I kursa daxil olan tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar qazanmağı arzulayıb. Bildirib ki, "Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən ulu öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. 

 

Rayon rəhbəri bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi milli dövlətçilik strategiyası və onun ayrılmaz tərkib hissəsi olan təhsil konsepsiyasının məqsədi Azərbaycan Respublikası üçün milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaşlar hazırlamaqdan ibarətdir. Ali təhsil müəssisələrində bu konsepsiyanın reallaşması üçün kifayət qədər uğurlu addımlar atılır.

Filialın göstəriciləri haqqında ürək sözlərini çatdıran rayon rəhbəri bildirib ki, hazırda BDU-nun Qazax filialında 47 nəfər professor-müəllim heyəti tədrisə cəlb olunub ki, bunlardan 3-ü elmlər doktoru, professor, 18-i  elmlər namizədi, dosentdir. 

 

Qeyd edib ki, ötən tədris ilində professor-müəllim heyətinin sayı 24 olmuşdur. Ölkənin ən nüfuzlu universitetinin – BDU-nun Qazax filialının regional ali təhsil müəssisəsi kimi oynadığı rol və fəaliyyət göstərdiyi 2 il ərzində əldə etdiyi uğurlar bu tədris ilində filiala 17 ixtisas üzrə 600-ə yaxın tələbə qəbulunun gerçəkləşməsinə gətirib çıxardı. Müqayisə üçün 2016/2017-ci tədris ilində 6 ixtisas üzrə respublikanın 32 rayonundan 140 tələbə qəbulu (ümumi say 351 tələbə), 2017/2018-ci tədris ilində 13 ixtisas üzrə 54 rayondan 389 tələbə (ümumi say 628) olmuşdursa, 2018/2019-cu tədris ili üçün bu rəqəm 17 ixtisas üzrə 63 rayondan 562 tələbə (ümumi say 1132 nəfər) olmuşdur.


Daha bir müsbət müqayisə ondan ibarətdir ki, 2017/2018-ci tədris ilində 7 tələbə 400-dən yuxarı, 94 tələbə 300-dən yuxarı bal toplamışdırsa, 2018/2019-cu tədris ilində bu rəqəm ciddi şəkildə dəyişmişdir. Belə ki, Ağstafa rayonundan olan 1 tələbə Məmmədova Turanə Lətif qızı 640 balla filialın riyaziyyat və informatika müəllimliyi ixtisasını seçib. Sevndirici hal isə odur ki, bu tələbənin iki bacısı da riyaziyyat və informatika müəllimliyi ixtisasına müvafiq olaraq 421 və 576 balla qəbul olunmuşlar. Hazırda onlar həmin ixtisasın II və V kurslarında təhsil alırlar. Bundan əlavə, 4 tələbə 500-dən yuxarı (İsmayılova Ceyran Heydər qızı-549 bal, riyaziyyat və informatika müəllimliyi ixtisası, Qazax rayonu; İsmayıllı Nigar Elşad qızı-546 bal, tarix müəllimliyi ixtisası, Ağstafa rayonu; Qəribova Əfsanə Şahin qızı-515 bal, ibtidai sinif müəllimliyi ixtisası, Qazax rayonu; Əliyeva Nərmin Cavid qızı-504 bal, ibtidai sinif müəllimliyi ixtisası, Qazax rayonu), 16 tələbə 400-dən, 172 tələbə isə 300-dən yuxarı bal toplamışdır. Qeyd edək ki, 300-dən yuxarı bal toplayan 172 tələbədən 104-ü, başqa sözlə 61% respublikanın digər rayonlarından olan tələbələrdir. Əvvəlki tədris illərində rast gəlinməyən daha bir ilk ondan ibarətdir ki, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix  müəllimliyi”, "İbtidai sinif müəllimliyi və tarix ixtisasları üzrə orta keçid balları 300-dən yüksək olmuşdur.

 

Bildirib ki, bu ilin daha bir statistikası maraq doğurur. Qəbul olunan tələbələrdən 100-ə yaxını məhz 1-ci olaraq Qazax filialını, 300-ə yaxın tələbə isə ilk 5-likdə filialı seçmişdir və bu seçimlərdə digər rayonlardan olan tələbələr üstünlük təşkil etmişdir. Bu da mahiyyət etibarı ilə o deməkdir ki, filialın son dövrlərdəki müsbət fəaliyyəti və tədris göstəriciləri yalnız ərazi formatı ilə məhdudlaşmır, daha geniş spektri əhatə etməkdədir. Bu vəziyyət Dövlət İmtahan Mərkəzinin qəbulunun nəticələrinə dair hesabatında da özünü göstərdi.

Mən əminəm ki, siz gənclər də dövlət tərəfindən göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək öz bilik və bacarıqlarınızı, əldə etdiyiniz nailiyyətləri hər zaman artıracaqsınız. Bu işdə hər birinizə uğurlar arzu edirəm.


Sonra filialın tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun yeni dərs ilinin başlanması münasibətilə filialın kollektivinə göndərdiyi təbrik məktubunu oxuyaraq bütün tələbələri təbrik edib.

Filialın baş müəllimi Heyran Vəkilova çıxış edərək müəllim həmkarlarını, valideynləri, təbrik edib. Tələbələrə ən xoş ürək sözlərini çatdıraraq müstəqil Azərbaycanın çiçəklənməsi naminə gələcəkdə layiqli vətəndaş və yüksək ixtisaslı mütəxəssislər kimi yetişməyi arzulayıb.

 

Riyaziyyat və informatka müəllimliyi ixtisasının 640 bal toplamış I kurs tələbəsi Təranə Məmmədovanın valideyni Cəmilə Məmmədova çıxış edərək təhsil sahəsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıb. Övladının yüksək bal toplayaraq BDU-nun Qazax filialını seçməsini və burada olan peşəkar müəllim-professor heyətinin olmasını, keyfiyyətli təhsilin tədris edilməsini yüksək qiymətləndirib. 


Tarix müəllimliyi ixtisasının 546 bal toplamış I kurs tələbəsi Nigar İsmayıllı çıxış edərək göstərilən diqqət və qayğıya görə tələbə yoldaşları adından ölkə başçısına öz dərin minnətdarlığını bildirib. Qeyd edib ki, bu filialı seçməklə düzgün addım atdım. Çünki filialda təhsilin və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksək səviyyədə olması, burada yaradılan gözəl şərait onu deməyə əsas verir ki, mən bu təhsil ocağından savadlı, yüksək ixtisaslı peşəkar kadr kimi ayrılacağam. Çalışacam ki, burada aldığım təhsillə BDU-nun Qazax filialının bir tələbəsi kimi hər zaman filialımızın adını uca tutum. Müəllimlərimin mənə olan etimadını doğruldum.


Sonda yüksək bal toplamış tələbələr Qazax Rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr və gül dəstələri ilə mükafatlandırılıb. Tədbirdə hər ixtisas üzrə I kursa ən yüksək balla daxil olan tələbələrə tələbə biletləri də təqdim olunub.




















GOYEZEN.AZ



Facebook-da paylaş