• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda Dədə Ədalətin vəfatının birinci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib

 

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin, "Qazax Xeyriyyə” İctimai Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun vəfatının birinci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.  Qəbirüstü abidəsinin açılış mərasimindən və ehsan süfrəsindən sonra böyük ustadın xatirəsinə həsr olunmuş anım tədbirində "Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin üzvləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin şəhər və kənd İƏD üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhər və kənd ağsaqqalları, qonaqlar və KİV nümayəndələri iştirak edib.

Qonaqlardan - Akademik Teymur BünyadovXalq şairi Nəriman Həsənzadə"Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham PirməmmədovAzərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm QasımlıBDU Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev, Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi, 2012-ci ildə dünyanın ən yaxşı məşqçisi seçilmiş, "Şöhrət” ordenli məşqçi Firdovsi Umudov, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Zəminə Xınalı, digər qonaqlardan Vidadi Bayramov, Puşkin Əhmədov, Rafael İncəyurd, Fikrət Hacıyev, Elxan Məmmədli, Alxan Bayramoğlu, Məti Osmanoğlu, Yusif Alı Avşar, Zaməddin Ziyadoğlu, Məmməd Afşan, Qafar Sarıvəlli, Aşıq Altay Məmmədov, Bəhruz Qaraqoyunlu, Şəmistan Nəzirli, Raliz Qaravəliyev, İbrahim İlyaslı, Vəli Xramçaylı, Bəxtiyar Rüstəmoğlu, Əhməd Hontooğlu, Arif Əliyev, Varis Yolçuyev, Avdı Qoşqar, Tural Əliyev, Tural Məmmədov, Arzuman Abdulkərimov, Akif Əmirov, qadınlardan Sultanxanım NəsibovaDürdanə Vəkilova, Çiçək Mahmudqızı İlhamə Qəsəbova Cığatel İsaqızı da Dədə Ədalətin sazının, sözünün qüdrətinə toplaşanlar sırasında idilər.

Gənclər Mərkəzində keçirilən tədbir Çiçək Mahmudqızının təqdimatında Aşıq Ədalətin yaradıcılığına həsr olunmuş "Dədə Ədalətin ruhunun işığında” adlı filmdən fraqmentlərin nümayişi ilə başlayıb. Filmdə ustad Dədə Ədalətin haqqında İsmayıl Şıxlı, Zəlimxan Yaqub, Bəxtiyar Vahabzadə, Vaqif Səmədoğlu və başqa tanınmış şəxsiyyətlərin fikirləri, dəyərli sözləri və aşığın bir-birindən əsrarəngiz saz havaları yer alıb.


Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, bu gün təkcə Dədə Ədalətin anım günü deyil, bu dövlət səviyyəsində olan mərasimdi. Bu gün dövlətimiz tərəfindən Ədalət məktəbinə, sazına, şeirlərinə, aşıq ucalığına verilən qiymətdir. Bu gün Ədalət Nəsibovun ruhunun şad olan günüdür. Ustad aşığa ucaldılmış abidə və bugünkü silsilə  tədbirlər Ədalət sevərlər üçün bir töhfədir.

 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq bütün qonaqları, Ədalət sevərləri salamlayıb, ustad aşığın Azərbaycan mədəniyyətinə bəxş etdiyi saysız-hesabsız xidmətlərindən söz açıb.

Qeyd edib ki, türk dünyasının dərin qatlarından süzülüb gələn ozan-aşıq sənəti, tarixin müxtəlif keçidlərində enişli-yoxuşlu yollardan keçə-keçə Qorqud atanın əzəmətində ozanı yaşatmış, orta yüzillərdən isə Kərəmin, Sarı Aşığın, Qurbaninin, Abbas Tufarqanlının, Xəstə Qasımın, nəhayət, Ələsgərin simasında həmən zirvəni yaratmışdır.

Aşıq sənəti özünə qədər müxtəlif adlar, titullar (şaman, varsaq, ozan, yanşaq və s.) daşımış, xalqımızın ictimai-bədii təfəkkür tarixində silinməz izlər qoymuşdur. Orta əsrlərin ilkin çağlarından təşəkkül tapan aşıq sənəti əslində qədim ozan sənətinin davamı və varisidir. Ozan sənəti Azərbaycan xalqının soykökündə və təşəkkülündə başlıca rol oynamış oğuz qəbilə birləşmələrinin geniş yayılmış incəsənəti olmuşdur. Aşıqlar sazda çalıb oxumaqla bərabər, rəngarəng formalı şeirlər qoşur, geniş məzmunlu dastanlar yaradırdılar.


30 sentyabr 2009-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Mehriban Əliyevanın yüksək diqqət və qayğısı sayəsində Azərbaycan mədəniyyətinin tarixinə daha bir parlaq səhifə yazılmışdır. YUNESKO-nun Qeyri maddi-mədəni irsin qorunması üzrə Komitəsinin 2009-cu il sentyabrın 30-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 4-cü sessiyasında qurumun yekun qərarına əsasən Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Bu hadisə aşıq sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu beynəlxalq səviyyədə bir daha təsdiqləyir. Bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasətin və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğının nəticəsidir.

Gözəl Vətən, mənan dərin,

Beşiyisən gözəllərin!

Aşıq deyər sərin-sərin

Sən günəşin qucağısan,

Şeir, sənət ocağısan.

 

deyən Səməd Vurğun kimi, Azərbaycanın qərb bölgəsində yerləşən Qazaxda zaman-zaman çox böyük insanlar dünyaya gəlib. Zaman keçdikcə həmin şəxslər sözümüzə, sazımıza, ədəbiyyatımıza, tariximizə, mənəviyyatımıza, elmimizə, ziyalılığımıza, hərb sənətinə, idmanımıza böyük şöhrət gətirmiş şəxsiyyətlərə çevrilmişlər. Həmin nəhəng simalar sırasında ustad Aşıq Ədalət Nəsibovun da yeri zirvədədir və xidməti müstəsna əhəmiyyətə malikdir.

Onun gənclik illərində özünü və sazını heyranlıqla dinləyən Xalq şairi Osman Sarıvəlli demişdir: "Ədalət, sazın Səməd Vurğunu olacaqdır!” Peyğəmbərcəsinə deyilmiş bu qiymətli fikir çox keçmədən həyatda öz real əksini tapmışdır. Aşıq Ədalətin çaldığı sazın şöhrəti bütün türk dünyasına, dünyaya yayılmışdır. Bu baxımdan Xalq yazıçısı Mirzə İbrahimovun dediyi sözlər Ədalət sənətinin qüdrətini daha doğru-dürüst əks etdirir: "Əgər Azərbaycan xalqının incəsənət aləmində heç bir nümayəndəsi olmasaydı, təkcə Ədalətin sazı ilə dünyanın mədəniyyət meydanına çıxa bilərdik”.

Həqiqətən də doğru deyilib, Ədalətin sazı onu sevənlərin yaddaşında bir orkestrin belə görə bilməyəcəyi ecazkar musiqi aləti kimi qalıb.

Qardaş türk xalqının böyük yazıçı oğlu Əziz Nesin də düz deyirdi: "Ələsgər söz sənətində kimdirsə, Ədalət də saz sənətində odur!”

Xalq şairi Bəxtiyar Vahabzadə "Ədalət kimi sənətkarlar – məktəbdir” deyəndə Xalq yazıçısı İsmayıl Şıxlı sanki həmin fikrə qüvvət verirmiş kimi yazırdı: "Elə sənətkarlar var ki, onlar yüz ildə, iki yüz ildə bir yaranırlar. Özü də onların sənətə gəlişi necə deyərlər, Allah vergisidir. Ədalət bizim saz sənətimizin yeni bir epoxası, yeni bir dövrüdür”.


Doğrudan da bu Allah vergisi olan dahi sənətkarımız qısa zaman kəsiyində sazımızın şöhrətini göylərə qaldırdı. Sazımız bu sənətkarla özünün yeni bir intibah dövrünə qədəm qoydu desək səhv etmərik. İstər Ədalətin, istərsə də Azərbaycanın müxtəlif bölgələrində saz sənətini yaşadan aşıqların timsalında bu intibah dövrü yaşanmalıydı. Xüsusilə, dövlət səviyyəsində saz sənətinə göstərilən böyük diqqət və qayğının sayəsində! Bu mənada Ədalətin missiyası beynəlxalq missiya idi. Ədalətin missiyası təkcə saz çalmaq deyildi, sazımızın coğrafi və mənəvi sərhədlərini genişləndirmək idi.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Azərbaycan Dövlət mükafatı laureatı, Əməkdar Elm xadimi, professor Məhərrəm Qasımlının təbirincə desək, "Onun çaldığı saz Qazaxdan qanadlanıb Gəncəyə, Bakıya, Təbrizə, İstanbula, Parisə qədər hər yerə Azərbaycan milli-mənəvi varlığının möcüzəli təqdimatını daşıdı”.

Hansı qiymət desən, Ədalətə yaraşırdı. Kimi ona "ustadlar ustadı” deyirdi, kimi "Dədə” adlandırırdı, kimi də onu "Sazın pasportu”, "ruhların danışan dili”, "Sazın peyğəmbəri” hesab edirdi. O, yaddaşlarda "Zamanı dəyişən sənətkar” kimi də əlçatmaz yer tutdu, "Sazın ucalan bayrağı”na çevrildi. Kimi də onun ecazkar sazının möcüzəli səsini dinləyə-dinləyə yazırdı ki:

"Çal qurbanın olum Ədalət əmi,

Bax, belə çalarlar "Yanıq Kərəmi”

Kimi də özünə borc bildi ki, belə desin:

Bir təxti-səltənət var bu dünyada,

O, da ustadımız Ədalətindi.

Böyük sənətkarların adı həmişə Vətənin adı ilə sinonim olur. Ədalətin də adı belə adlardan biridir:

Yetirərmi bir də zaman Ədalət,

Nə xoşbəxtdir Azərbaycan-Ədalət!

Necə deyərlər, yaşasın Azərbaycan xalqı!, yaşasın onun dünya mədəniyyətinə bəxş etdiyi incilər!


Xalq şairi Nəriman Həsənzadə çıxış edərək bildirib ki, bu gün Ədalət Nəsibovun anım günü ilə yanaşı, Azərbaycanın, sazın, sözün bayramıdı. Bu gün eyni zamanda, Azərbaycan Respublikasının paytaxtı Bakı öz tarixinin ən əlamətdar günlərindən birini yaşayır. Düz 100 il əvvəl - 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Nuru Paşann komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan milli ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün indi yenidən təkrarlanır. Qardaşlığın, sədaqətin rəmzinə çevrilən bu zəfər bayramı ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamının fəlsəfəsini yetərincə əks etdirir və Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının sarsılmaz, həm də əbədi olduğunu göstərir. Məhz Dədə Ədalətin anım günü də bu tarixi hadisəyə təsadüf edir. Bunun özündə belə böyük hikmət var.

 

Akademik Teymur Bünyadov çıxış edərək qeyd edib ki, Azərbaycan xalqı dünyanın ən mədəni xalqları sırasındadır. Akademikin simli musiqi aləti olan, ozan sənətinin əsasını təşkil edən saz haqqında dəyərli fikirləri bir daha onu sübut edir ki, Azərbaycan mədəniyyəti ta qədimdən zəngin olub. Biz qazaxlılar Ədalətimizlə fəxr etməliyik, hər zaman abidəsini ziyarət etməliyik deyən akademik onun daim qəlblərdə yaşayacağını qeyd edib. Rayon rəhbərinin gördüyü işlərin sırasında Dədə Ədalətin abidəsinin qoyulmasının olmasını, bütövlükdə mədəniyyət sahəsinə xüsusi qayğı ilə yanaşmasını yüksək qiymətləndirib.


Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd edib ki, bu gün Azərbaycanda dövlət tərəfindən mədəniyyət sahəsinə, ozan sənətinə, aşıqlarımıza verilən dəyər, göstərilən qayğı yüksək səviyyədədir.

Ustad aşıqla bağlı xatirələrindən danışan M.Qasımlı birliyin 1 nömrəli üzvlük vəsqəsinin Dədə Ədalətə məxsus olduğunu bildirib. Qeyd edib ki, bundan sonra da birlik tərəfindən verilən vəsiqələrin birinci nömrəsi yenə də Ədalət Nəsibova məxsus olacaq. Bildirib ki, yüz dəfə "Yanıq Kərəmi” havasını ifa edib. Ustadın böyüklüyü ondadır ki, hər dəfə Azərbaycan xalqına fərqli təqdim edib. Bu baxımdan Dədə Ədalətin şah əsəri olan "Yanıq Kərəmi”ni "Ədalət Kərəmi”si adlandırsaq və sazın himninə çevirsək lap yerinə düşər.

 

Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi olaraq Dədə Ədalətin irsinin lazımi səviyyədə qorunduğunu və gələcək nəsillərə təbliğ olunması istqamətində mühüm işlər görüldüyünü qeyd edib. Rayon rəhbərinin aşıq sənətinə verdiyi qiymətdən söz açan M.Qasımlı Dədə Ədalətlə yanaşı, digər aşıqlara da yüksək qiymət verdiyini bildirib. Aşıq Ələsgər və Aşıq Şəmşirin də sənətinə böyük ehtiramla yanaşdığını vurğulayıb.

"Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, fizika-riyaziyyat elmləri doktoru, professor İlham Pirməmmədov çıxış edərək bugünkü tədbirin bütün qazaxlılar üçün bir töhfə olduğunu bildirib. Keçirilən tədbirin bütün tədbirlərin birincisi olacağını qeyd edən natiq mədəniyyətimizdə bir saz məktəbi var ki, onun da Dədə Ədalətin məktəbi olduğunu qeyd edib. O məktəb ki, onun direktoru da, müəllimi də böyük ustadın özüdür.


İstər abidənin, istərsə də "Könül dastanı” kitabının ərəsəyə gəlməsində əməyi olan insanlara minnətdarlığını bildirib.  

Azərbaycan Respublikasının Xalq rəssamı, Azərbaycan Dövlət Akademiyasının professoru, heykəltəraşlıq kafedrasında emalatxana rəhbəri və akademiyanın bədii-metodiki şurasının sədri, "Şöhrət" ordenli Natiq Əliyevin bu abidənin ərsəyə gəlməsində böyük əməyi olduğunu bildirərək bütün qazaxlılar, Ədalət sevərlər adından təşəkkürünü çatdırıb.  Əsərlərinin içərisində Dədə Ədalətin möhtəşəm abidəsinin daha bir şah əsəri olduğunu qeyd edib.

Şair, "Könül dastanı” kitabının redaktoru Rafael İncəyurd çıxış edərək kitabın yazılmasında, böyük ustadın adına layiq bir kitabın işıq üzü görməsində əməyi keçən hər kəsə təşəkkürlərini çatdıraraq Dədə Ədalətə olan hörməti klassik aşıq sənətinə olan hörmət kimi qiymətləndirib.  


Şairə Cığatel İsaqızı böyük ustadın anım tədbirində ürək sözlərini çatdıraraq Qazaxı, sazı, sözü tərənnüm edən şeirlər səsləndirib.                                                                    

Sonra söz Dədə Ədalət məktəbindən bəhrələnən, pərvazlanan, böyük ustadın adını hər zaman ucaldan aşıqlara verilib. Aşıqlardan Camoy Qurbanov, Avdı Musayev, Şaiq İncəli, Altay Məmmədov, Saqif Məzəmli, Hüsən Kəmərli, Samir Allahverdiyev, İlqar Qələmçəli, Şahin Süleymanov, Ədalət Dəlidağlı Dədə Ədalətin bir-birindən zəngin, könüllər oxşayan, Azərbaycan mədəniyyətini bütün dünyada tanıdan qədim el havalarını səsləndirib, şeirlər oxuyublar.

Böyük ustadın, sazın, sözün nəhəngi olan Dədə Ədalətin vəfatının birinci ildönümünə həsr olunmuş anım tədbiri Qazax 2 nömrəli musiqi məktəbinin şagirdlərinin ifasında "Paşa köçdü” havası üstündə "Azərbaycan” mahnısının sədaları altında başa çatıb.








 

GOYEZEN.AZ

 

 

                                        

 

 

 

 



Facebook-da paylaş