• Təqvim

  • Unutma

  • Maraq



Səyyar “ASAN qatar” Qazaxda körpələrə şəxsiyyət vəsiqələrini təqdim edib


Xəbər verdiyimiz kimi, sentyabr ayının 3-dən etibarən Səyyar "ASAN qatar” Qazax şəhəri, Ə.Qədirov küçəsi 3 (Qazax Dəmiryol Stansiyası) ünvanında rayon sakinlərinə yüksək səviyyədə xidmət göstərməyə başlayıb.

Ötən həftə isə səyyar xidmətin nümayəndələri rayonun Daş Salahlı kənd 1 və 3 saylı körpələr evi-uşaq bağçası, eləcə də 2 saylı uşaq bağçası və Dəmirçilər kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqlara xidmət göstərmişdi. Ödənişsiz olaraq şəkilsiz şəxsiyyət vəsiqələrinin verilməsi üçün uşaqlardan qan analizi götürümüş və sənədləri qəbul edilmişdi.

Bu gün həmin şəxsiyyət vəsiqələri öz sahiblərinə təqdim edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Səyyar "ASAN qatar”ın nümayəndələri ilə birlikdə şəxsiyyət vəsiqələrinin verilməsi mərasimində iştirak edib.


Rayon rəhbəri mərasimdə çıxış edərək Respublika Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşların rahatlığını təmin etmək məqsədilə təşkil olunmuş bu xidməti yüksək qiymətləndirib. Qeyd edib ki, bu gün sevindirici haldır ki, ölkə başçısı tərəfindən yaradılan "ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi sahəsində bir brenddir. İnkişaf etmiş ölkələr belə "ASAN xidmət”in fəaliyyətindən bəhrələnir, bu sahədə əldə olunan nailiyyətləri öz ölkələrində nümunə kimi göstərirlər.


İcra başçısı bildirib ki, vətəndaşların rahatlığının təmin olunması istiqamətində bir ilkə imza atan Azərbaycanda vətəndaş amili həmişə ön planda olub. İki il öncə yaradılan bu xidmətin gördüyü işlər, vətəndaşlara göstərdiyi yüksək xidmət bunu söyləməyə əsas verir. Bu gün körpə fidanlara ödənişsiz olaraq şəxsiyyət vəsiqələrinin verilməsi dövlətimiz və dövlət başçımız tərəfindən gələcəyimiz olan körpələrə göstərilən diqqət və qayğının daha bir nümunəsidir.


İcra başçısı bildirib ki, fəaliyyətə başladığım ilk gündən bütün uşaqları öz nəvəm qədər sevir və əzizləyirəm. Bağçalara xüsusi diqqət ayırmağımın da əsas məqsədi odur ki, uşaqlar gözəl şəraiti olan bağçalarda tərbiyə olunsunlar. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz bu istiqamətdə görülən işlərə uğurla başladıq və artan templə davam etdiririk.

Bunu rayonda olan tam təmirli bağçalardan Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə tikilmiş Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçasının, şəhər bağçalarından 1, 2 və 3 saylı, kənd bağçalarından - Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçalarının timsalında aydın şəkildə görmək olar. Bundan əlavə, şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasında və İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasında da əsaslı təmir işləri uğurla davam etdirilir. Bundan sonra çalışacağıq ki, bu ilin sonuna kimi digər bağçalar da əsaslı şəkildə təmir olunsun.


Rayon rəhbəri sonda şəxsiyyət vəsiqəsi alan uşaqları, onların müəllimlərini, valideynlərini təbrik edərək vətəndaşlar, xüsusilə də uşaqlar üçün yaradılan şəraitə və yüksək xidmətə görə ölkə başçısına dərin minnətdarlığını bildirib.


Səyyar "ASAN qatar”ın qrup rəhbəri Elgiz Həsənov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında "ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş Səyyar "ASAN qatar” gözləmə zalı, laboratoriya, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 4 vaqondan ibarətdir. "ASAN qatar”da ölkəmizdə dəmir yolu nəqliyyatının inkişafında böyük xidmətləri olan ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının, həmçinin "ASAN xidmət” mərkəzlərinin açılışlarında iştirakının əks olunduğu fotoguşə də yaradılıb.


Qeyd edib ki, 25 gün müddətində sakinlərə səyyar formada göstərilən xidmətlərə -bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evləri (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək pensiyalarının təyin edilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti, foto xidməti, tərcümə xidməti, tibb xidməti daxildir.

 

Xidmətin qrup rəhbəri E.Həsənov rayon rəhbərliyinə məlumat verərək bildirib ki, Səyyar "ASAN qatar”ın fəaliyyətə başladığı gündən hal-hazıradək müraciət etmiş 1041 nəfərdən 1025 nəfərə xidmət göstərilib. Bildirib ki, Səyyar "ASAN qatar” xidmətinin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, yeni və innovativ üsullarla əlçatanlığını təmin etmək və region sakinlərinin məmnunluğuna nail olmaqdır.

Məlumat üçün qeyd edək ki, sentyabr ayının 27-dək fəaliyyət göstərəcək Səyyar "ASAN qatar”da sənəd qəbulu həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir. Hazır sənədin verilməsi isə həftə içi və şənbə günü saat 10:00-dan 18:00-dək (nahar fasiləsi 14:00-dan 15:00-dək) həyata keçirilir.

Sonra şəxsiyyət vəsiqələri uşaqlara təqdim edilib.

 

Daş Salahlı kənd 1 saylı körpələr evi-uşaq bağçasının müdiri Təranə Sultanova, övladı Dəmirçilər kənd  körpələr evi-uşaq bağçasında tərbiyə alan valideynlərdən Tamara Mahmudova çıxış edərək regionlarda yaşayan əhaliyə səyyar xidmətlərin keyfiyyətli və davamlı şəkildə göstərilməsinin təşkili məqsədilə səyyar xidmət avtobuslarının, eləcə də qatarların təşkil olunmasını yüksək qiymətləndirdiklərini qeyd ediblər. Mütəmadi olaraq təşkil olunmuş bu cür layihələri dövlət tərəfindən hər bir vətəndaşa göstərilən qayğı kimi dəyərləndiriblər. Çıxış edənlər bildiriblər ki, bu gün rayonumuzda körpələrə olan qayğı yüksək səviyyədədir. 4 uşaq bağçasından 59 nəfər körpə fidana şəxsiyyət vəsiqələrinin təqdim olunması, xüsusilə bir ailənin 3 övladının şəxsiyyət vəsiqəsi ilə təmin olunması bir daha onu göstərdi ki, dövlətimiz və dövlət başçımız tərəfindən uşaqlara olan qayğı hər zaman yüksək səviyyədə olub. Rayonumuzda uşaqların gözəl şəraiti olan bağçalarda tərbiyə almaları, müasir standartlara cavab verən məktəblərdə elmə, biliyə yiyələnmələri, vətənpərvər ruhda böyümələri üçün hər cür şərait yaradılır. Bu gün körpə fidanlara şəxsiyyət vəsiqələrinin bu cür yüksək səviyyədə təqdim olunması da bir daha sübut etdi ki, onların gələcəkdə əsl vətəndaş kimi formalaşması üçün ölkəmizdə, eləcə də rayonumuzda əhəmiyyətli işlər görülür.

Sonra rayon rəhbərliyi bağçada uşaqlara göstərilən diqqət və qayğı, ərzaq təminatı və tibbi müayinə olunmaları ilə maraqlanıb, bağçadakı şəraitlə tanış olub.









































GOYEZEN.AZ



Facebook-da paylaş