• Təqvim

  • Unutma

  • Maraq



Vətəndaşlar fərdi şəkildə qəbul edilib


Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün bir qrup rayon sakinini ərizələrinə əsasən fərdi şəkildə qəbul edib, müraciətlərini dinləyib.

Çaylı kənd sakini Xəlilova Zərbanə Araz qızının iş və torpaq sahəsi ilə təmin olunmasına köməklik göstərilməsi barədə müraciətini diqqətlə dinləyən rayon rəhbəri vətəndaşa xalça müəssisəsində işləməsini təklif edib. Vətəndaşın torpaq sahəsi ilə təmin olunması barədə istəyini nəzərə alan icra başçısı köməklik göstərilməsini bildirib və aidiyyəti şəxslərə tapşırıq verib.

Fərəhli kənd sakini Hüseynov Xəqani Qəhrəman oğlunun həyat yoldaşının işlə təmin olunması barədə müraciətini dinləyən rayon rəhbəri ixtisasına uyğun imtahan verməsini tövsiyə edib.

Xanlıqlar kənd sakini, Aprel döyüşlərinin iştirakçısı, II qrup Qarabağ müharibəsi əlili Daşdəmirov Əfqan Nüsrəddin oğlunun evinin təmiri ilə bağlı müraciəti də müsbət həll olunub. Vətəndaşın müraciətinə cavab olaraq yerində baxış keçirilməsi və evinin təmiri üçün köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verilib.

Çaylı kənd sakini İsgəndərova Nuridə Əhməd qızı isə ünvanlı sosial yardımla təmin olunması barədə müraciət edib. Vətəndaşa lazım olan sənədlərin toplanaraq təqdim edilməsi bildirilib və yerində araşdırılması aidiyyəti şəxslərə tapşırılıb.

Şəhər sakini, II qrup Qarabağ müharibəsi əlili Həsənov Sadəddin Musa oğlunun sığınacaqla bağlı müraciətinə cavab olaraq vətəndaşa boş yer olan zaman köməklik göstəriləcəyi bildirilib.

Şəhər sakini Əsgərova Hava Məhərrəm qızının torpaq sahəsinin sənədləşməsi barədə müraciətini dinləyən rayon rəhbəri məsələ ilə bağlı yerində baxış keçirəcəyini və sənədlərinə baxılacağını qeyd edib.

Məzəm kənd sakini Məmmədova Reyhan İbrahim qızının işlə təmin olunması, şəhər sakini, I qrup gözdən əlil Göyüşov Elçin Heydər oğlunun övladının qəbirüstü daşının götürülməsi ilə bağlı müraciətləri də müsbət həll edilib. Vətəndaşların müraciətlərini diqqətlə dinləyən icra başçısı köməklik göstərilməsi barədə aidiyyəti şəxslərə tapşırıq verib.




















GOYEZEN.AZ

 



Facebook-da paylaş