• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda 2019-cu ildə becəriləcək payızlıq tarla əkininə dair müşavirə keçirilib


Bu gün 2019-cu ildə becəriləcək payızlıq tarla əkininə həsr olunmuş müşavirədə RİHB Aparatının məsul işçiləri, rayon Kənd Təsərrüfatı İdarəsinin nümayəndələri, RİHB Aparatının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, bələdiyyələr və Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətində keçirilən müşavirədə icra başçısı Rəcəb Babaşov rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyətdən və əldə olunan uğurlu göstəricilərdən söz açıb.

Müşavirədə qeyd olunub ki, respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda başqa sahələrlə yanaşı, kənd təsərrüfatına da böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, əkin sahələri bir neçə dəfə artmış, məhsuldarlıq da eyni səviyyədə çoxalmışdır. 

Kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işlərin nəticəsidir ki, son 2 ildə əkin sahələrində xeyli sayda artım olmuşdur. Rəqəmlərlə müqayisə etdikdə bunu aydın şəkildə görmək olar.

2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.

İllər üzrə olan fərqləri müqayisə etdikdə aydın olur ki, rayonda kənd təsərrüfatının inkişafı istiqamətində qarşıya qoyulan məqsədə çatmaq üçün görülən işlər öz bəhrəsini vermişdir. Bu inkişafın ən bariz nümunəsi isə rayonda əkilən taxıl sahəsidir. İldən-ilə artırılan taxıl sahələrinin hektarı onu göstərir ki, rayonda kənd təsərrüfatının əsas qolu olan taxılçılığa maraq yüksəlmiş və kəndlilər bu sahəsinin inkişafı üçün böyük səylə çalışırlar.

Dövlət tərəfindən hər cür dəstəklə, texnika və lazım olan bütün ləvazimatlarla təmin olunan fermerlər, sadə kənd adamları rayonda taxılçılığın inkişafı üçün hər il daha çox maraq göstərirlər.

Yenə rəqəmləri müqayisə etsək görərik ki, rayonda əkin aparılmış taxıl sahələri artan templə yüksəlib. 2016-cı ildə 7820 hektar taxıl əkilmişdir ki, bunun 5559 hektarını buğda, 2261 hektarını arpa təşkil etmişdir. 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 8289,2 hektarında buğda, 2750,6 hektarında arpa əkilmişdir. 2018-ci ildə də taxıl sahəsində uğurlu nəticələr əldə olunmuşdur. Bu il də taxıl əkilmiş sahələr genişləndirilmiş və 12629 hektarda əkin aparılmışdır. 9102 hektarda buğda, 3527 hektarda isə arpa əkilmişdir.

Qarşıdan 2019-cu ilin payızlıq tarla əkini gəlir. Növbəti 2019-cu ildə də taxıl sahələrinin genişləndirilməsi və 13180 hektarda taxıl səpini aparılması, 9400 hektarda buğda, 3780 hektarda isə arpa əkilməsi nəzərdə tutulmuşdur.

Sonra müşavirədə payızlıq tarla əkininə hazırlıqla bağlı görüləcək işlərdən və qarşıda duran vəzifələrdən danışılıb. Bunun üçün rayonda kifayət qədər – 103 ədəd texnikanın olması qeyd olunub. Gün ərzində 400-500 hektar sahədə şum aparılmasının nəzərdə tutulduğu bildirilib.

Payızlıq əkin işlərinin vaxtlı-vaxtında aparılması, əkin sahələrində şumlanmanın vaxtında təşkil olunması və digər aqrotexniki qaydalara əməl olunması istiqamətində tapşırıqlar verilib.

Payızlıq əkin sahələrinin vaxtında suvarılması, kəndlilərin suvarma suyu ilə yüksək səviyyədə təmin olunması üçün hər il olduğu kimi, bu il də suvarma arx və kanallarının təmizlənməsi və yaxın vaxtlarda işlərə başlanılacağını qeyd edilib. 

Qeyd olunub ki, 2017-ci ildə 269,71 km arx və kanalların təmizlənməsi nəzərdə tutulsa da 274,78 km məsafədə təmizlənmə işi aparılmışdır. 2018-ci ildə də 261,19 km məsafəyə qarşı 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. Qarşıdan gələn 2019-cu ildə də 260 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulmuşdur. Lakin əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə bu rəqəmin də artacağı gözlənilir. 

Qarşlıqlı müzakirə və geniş fikir mübadiləsi şəraitində keçən müşavirədə Kənd Təsərrüfatı İdarəsinin rəisi Həmid Pənahov, Suvarma Sistemləri İdarəsinin rəisi Abbas Göyüşov və başqaları çıxış edərək keçirilən müşavirənin əhəmiyyətindən söz açıb, payızlıq tarla işlərinin aparılmasında böyük rol oynayacağını qeyd ediblər. Respublikamızda iqtisadiyyatın böyük qolu olan kənd təsərrüfatının inkişaf etdirilməsinə görə ölkə başçısı İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qazax rayonunda kənd təsərrüfatı sahəsində qazanılan uğurlu nəticələrə və göstərilən hər cür dəstəyə görə rayon rəhbərliyinə öz təşəkkürlərini çatdırıblar. Çıxış edənlər bildiriblər ki, bu gün əhalinin maddi rifah halının yaxşılaşdırılması məqsədilə kənd təsərrüfatının inkişaf etdirilməsi dövlət siyasətinin əsasını təşkil edir. Kəndlinin torpağa qayıdışının nəticəsidir ki, bu gün kənd təsərrüfatının bütün sahələrində uğurlu göstəricilər əldə edilir. Qazax rayonunda əkin sahələrinin ildən-ilə artması da bunun bariz nümunəsidir.





GOYEZEN.AZ

 



Facebook-da paylaş