Məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə sakinlərlə görüş keçirilib
Bu gün 20 faizdən çox torpaqları erməni işğalçıları
tərəfindən zəbt olunmuş, bir milyondan çox qaçqın və məcburi
köçkünü olan Azərbaycanda ilk vaxtdan başlayaraq dövlət öz vətəndaşlarını bu
ağır vəziyyətdən çıxarmaq üçün davamlı tədbirlər həyata keçirməyə başladı. Ulu
öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qaçqınlara və məcburi
köçkünlərə xüsusi qayğı ilə yanaşmış, dəfələrlə onların
məskunlaşdığı çadır şəhərciklərində görüşlər keçirmişdir. Bu gün ulu
öndərin siyasi kursunu uğurla davam etdirən ölkə başçısı İlham
Əliyev də problemin həllini hər an diqqət mərkəzində saxlamış,
çadır şəhərcikləri ləğv olunmuş, müxtəlif bölgələrdə məcburi köçkünlər
üçün yeni, müasir tipli qəsəbələr inşa olunmuşdur. "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq
edilməsi haqqında Prezident İlham Əliyevin 1 iyul 2004-cü il tarixli Sərəncamı da
bu sahədə görülən məqədyönlü tədbirlərdən biridir. Həmin sərəncamla bütün
bölgələrimizdə məskunlaşmış məcburi köçkün ailələri üçün saysız-hesabsız yeni
qəsəbələr salınır, onların həyat şəraitləri mütəmadi olaraq yaxşılaşdırılır. Ermənistanla 168 km sərhəddi olan və 7 kəndi - Bağanıs
Ayrım, Xeyrımlı, Barxudarlı, Sofulu, Qızılhacılı, Aşağı Əskipara, Yuxarı
Əskipara kimi kəndləri düşmən tapdağı altında olan Qazax rayonunun sakinləri
də düşmən tərəfindən elan olunmamış müharibənin ağrı-acılarını yaşayırlar. Bu
gün rayonun 5 kəndi daim erməni silahlı birləşmələrinin atəşi altındadır. Torpaqlarımızın
müdafiəsi zamanı Qazax rayonu 285 şəhid verib. Bu gün respublikamızın hər yerində olduğu kimi, Qazax
rayonunda da məcburi köçkün ailələri dövlətin və dövlət başçısının qayğısını
hər zaman hiss edirlər. Rayonun işğal altında olan kəndlərinin sakinləri də
Respublika Prezidentinin diqqət və qayğısı ilə tam əhatə olunublar. Rayonun Qazaxbəyli kəndində həmin 304 məcburi köçkün
ailəsi üçün salınmış yeni qəsəbə də bu diqqət və qayğının ən bariz nümunəsidir.
Bütün infrastukturlarla tam təmin olunmuş qəsəbədə sakinlərin rahat şəkildə
yaşamaları üçün hər cür şərait yaradılıb. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov
fəaliyyətə başladığı ilk gündən şəhid ailələrinə, Qarabağ müharibəsi
veteranlarına, əlillərinə, eləcə də məcburi köçkün ailələrinə daim qayğı ilə
yanaşıb. Onları narahat edən məsələləri yerindəcə öyrənib, qayğıları ilə
maraqlanıb. Ölkə başçısının məcburi köçkün ailələri ilə bağlı həyata keçirdiyi
dövlət siyasəti rayon rəhbəri tərəfindən hər zaman uğurla yerinə yetirilib. Rayon
rəhbərinin yeni qəsəbədə yaşayan sakinlərlə mütəmadi olaraq görüşlər keçirməsi,
onlar tərəfindən qaldırılan hər bir məsələnin dərhal həll olunması bunu bir
daha sübut edir. Bu gün də Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Rəcəb Babaşov yeni salınmış qəsəbədə olub, orada məskunlaşmış məcburi köçkün
ailələrinin yaşayış şəraiti və onlara göstərilən qayğı ilə maraqlanıb. Rayon rəhbəri
görüşdə çıxış edərək qəsəbədə məskunlaşan kənd sakinlərini salamlayıb, ən
səmimi ürək sözlərini çatdırıb. Qeyd edib ki, hər dəfə olduğu kimi, bugünkü
görüşümüzün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri dinləmək,
həlli istiqamətində tapşırıqlar verməkdir. İcra başçısı Rəcəb Babaşov qeyd edib ki, əlavə
olaraq 256 ailənin məskunlaşacağı yeni 8 binanın tikilməsi də dövlət tərəfindən
məcburi köçkün ailələrinə göstərilən diqqət və qayğının əyani sübutudur. Bu
qayğı hər zaman yüksək səviyyədə olub və bundan sonra da belə olacaqdır. Qəsəbədə məskunlaşan sakinlər rayon rəhbərliyini
səmimi hisslərlə qarşılayıb, dövlət tərəfindən onlara göstərilən qayğıdan
danışıblar. Aşağı Əskipara kənd sakini Rasim Süleymanov, Bağanıs
Ayrım kənd sakinləri Zərbəçi Xasayev, ağsaqqal Şəmil Adıgözəlov ürək sözlərini
bildiriblər. Qeyd ediblər ki, bu gün biz Prezidentimiz İlham Əliyev tərəfindən
hər cür diqqət və qayğı ilə əhatə olunmuşuq. Bizim üçün salınmış bu qəsəbədə yüksək
şərait yaradılıb. Qaz, işıq, su və digər sosial təminatımız tam həll olunub. Qəsəbədə
fəaliyyət göstərən tibb məntəqəsində çalışan işçilər və dərman təminatı ilə
bağlı müraciətimiz də rayon rəhbərliyi tərəfindən öz müsbət həllini tapdı.
İşğal altında olan kəndlərimizin dondurulmuş işçi yerləri rayon rəhbərinin
qayğısı sayəsində bərpa olundu və həmin işçilər bu gün qəsəbədəki tibb
məntəqəsində çalışacaqlar. Biz məcburi köçkünlərə yüksək səviyyədə tibbi xidmət
göstəriləcəkdir. Bu, biz məcburi köçkünlərə göstərilən diqqət və qayğının daha
bir nümunəsidir. Eyni zamanda, rayonda vətəndaş amilinin həmişə ön planda
olması deməkdir. Dövlətimiz tərəfindən bizlərə göstərilən bu qayğı bizi
bir daha əmin edir ki, Ali Baş Komandan İlham Əliyevin məqsədyönlü siyasəti
nəticəsində tezliklə işğal olunmuş torpaqlarımız azad ediləcək və biz öz
ata-baba yurdumuza qayıdacağıq. Rayon rəhbərliyi tərəfindən daim diqqət və qayğı ilə
əhatə olunduqlarını qeyd edən məcburi köçkünlər yaradılan şəraitə, göstərilən
diqqətə görə Prezident İlham Əliyevə və icra başçısı Rəcəb Babaşova bütün
məcburi köçkün ailələri adından minnətdarlıqlarını bildiriblər. Sonra rayon rəhbəri yeni qəsəbədə yaradılmış körpələr
evi-uşaq bağçasına baş çəkib, körpələrə
göstərilən diqqət və qayğı, yaradılan şərait, ərzaq təminatı və körpələrin
tibbi müayinədən keçmələri ilə maraqlanıb. Bağça müdiri Şəfiqə Mustafayeva rayon
rəhbərinə bildirib ki, istər ərzaq təminatında, istərsə də uşaqların tibbi
müayinədən keçməsində heç bir problem yoxdur. Bağça vaxtlı-vaxtında ərzaqla təmin
olunur və uşaqların müayinəsi həyata keçirilir. Rayon rəhbəri tibb məntəqəsində yaradılan şəraitlə
də tanış olub. Burada çalışan tibb işçiləri ölkə başçısının məcburi köçkünlərə
göstərdiyi diqqət və qayğıdan danışaraq minnətdarlıqlarını bildiriblər. İşğal
altında olan kəndlərdəki dondurulmuş iş yerlərinin bərpa olunmasına və yenidən
işə təhkim olunduqlarına görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini
çatdırıblar. Daha sonra icra başçısı sakinlərin qayğıları
ilə maraqlanıb, onlar tərəfindən səsləndirilən bəzi məsələlərlə bağlı yerində
baxış keçirib. Sakinlərdən Məhərrəm Xəlilovun, Ramin Poladovun, Səməngül Nəsibovanın
müraciətləri ilə əlaqədar həlli istiqamətində konkret tapşırıqlar verib. GOYEZEN.AZ
Facebook-da paylaş