• Təqvim

  • Unutma

  • Maraq



Bu günün fidan balaları sabahın qurucularıdır

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Bu günün fidan balaları sabahın qurucularıdır
Azərbaycan müstəqillik qazandıqdan sonra ən çox diqqət yetirilən sahələrdən biri də gənc nəslin təlim-tərbiyəsi olmuşdur. Son illər ölkəmizdə mövcud olan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yarıdan çoxu yenilənmiş, ən ucqar kəndlərdə müasir uşaq bağçaları tikilərək istifadəyə verilmişdir.

Bu istiqamətdə Qazax rayonunda son iki ildə onlarca uşaq bağçası yenidən qurulmuşdur. Bu məktəbəqədər uşaq tərbiyə müəssisələrinin 90 faizi kəndlərdə yerləşir.

İndi Quşçu Ayrım, Bala Cəfərli, Canalı və şəhər 2 saylı uşaq bağçalarının balaca sakinləri müasir standartlara cavab verən müəssisədə tərbiyə alır, məktəbəqədər hazırlıq qruplarında bilik əldə edirlər. Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası, 100 yerlik şəhər 1 saylı körpələr evi-uşaq bağçası üçün yeni binanın tikilməsi, 2 saylı uşaq bağçasının əsaslı təmiri, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı körpələr evi-uşaq bağçalarının, Xanlıqlar kənd körpələr evi-uşaq bağçasının, Cəfərli kənd uşaq bağçasının əsaslı şəkildə yenidən qurulması söz yox ki, gənc nəslin təlim-tərbiyəsinə dövlət qayğısının bariz nümunəsidir.

Dövlət başçısı İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli sərəncamının icrası ilə bağlı tədbirlər Qazaxda bu gün də uğurla icra olunur. Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq körpə balalarımızın sağlam mühitdə böyüməsi və hər bir şəraiti olan uşaq bağçalarında tərbiyə alması üçün rayonda mövcud olan uşaq tərbiyə müəssisələrinin maddi-texniki bazası gücləndirilir. Elə bu günlərdə Qazax şəhərində fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra istifadəyə verilməsi də bu sahədə başlanan işlərin davamı kimi qiymətləndirilir.
Bu günün fidan balaları sabahın qurucularıdır
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək yeni bağçanın istifadəyə verilməsini dövlət başçısının gələcəyin qurucuları olan körpələrə göstərdiyi diqqət və qayğının təzahürü kimi dəyərləndirdi. Müqəddəs Qurban bayramı ərəfəsində istifadəyə verilən bu bağça istər tərbiyəçilərə, istər valideynlərə, istərsə də körpələrə əsl bayram hədiyyəsi oldu. İcra başçısı diqqətə çatdırdı ki, gənc nəslin təlim-tərbiyəsi Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqət mərkəzindədir. Onların bu sahəyə göstərdikləri qayğı nəticəsində indi körpə balalarımız ən müasir uşaq bağçalarında tərbiyə alırlar.

Bağçanın müdiri Asya Alhüseynova, tərbiyəçi Kəmalə Saniyeva çıxış edərək uşaqlara yaradılan bu şəraitə görə dövlət başçısına minnətdarlıq etdilər, balaca fidanların təlim-tərbiyəsi ilə bundan sonra da yüksək səviyyədə məşğul olacaqlarına söz verdilər. Valideynlərdən Rasim Carçıyev, Nazilə Saniyeva, Aytən Müftizadə, Afaq Budaqlı və başqaları göstərilən qayğıya görə dövlət başçısına təşəkkürlərini bildirdilər.

Bağçada tərbiyə alan körpə fidanların ifasında səhnəciklər nümayiş etdirildikdən sonra rəmzi qırmızı lent kəsildi, iştirakçılar əsaslı şəkildə təmir edilmiş və hər cür avadanlıqlarla təmin olunmuş uşaq bağçası ilə yaxından tanış oldular. Bildirildi ki, 95 yerlik uşaq bağçasında ikisi böyük, ikisi orta və biri kiçik olmaqla 5 qrup fəaliyyət göstərəcəkdir. Burada tibb, musiqi otaqları, mətbəx və digər yardımçı otaqlar da inşa edilmişdir. Bağça istilik sistemi ilə təmin edilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində guşələr yaradılıb.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
22 avqust 2018-ci il




Facebook-da paylaş