• Təqvim

  • Unutma

  • Maraq



Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir

Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
Müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi ilə ölçülür. Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək əzmindədir.

Bu gün bu fikirlər Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayon Təhsil şöbəsi tərəfindən yaradılmş işçi qrupunun 2017-2018-ci tədris ilində rayon məktəblərində apardığı monitorinqin nəticələri ilə bağlı keçirilən iclasda səslənib.

Rayon İcra Hakimiyyətində keçirilən iclasda RİHB Aparatının məsul işçiləri, Təhsil şöbəsinin əməkdaşları, işçi qrupunun üzvləri, rayonda fəaliyyət göstərən məktəb direktorları, müəllimlər iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirdə çıxış edərək qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan təhsilinə diqqət və qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamıdır. Ölkə Başçısının təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil son dövrlərdə dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil edilmişdir. Bu proses təkcə paytaxt ilə məhdudlaşmır, bölgələri də əhatə edir.

İcra Başçısı bildirib ki, hər kəsə yaxşı məlumdur ki, Qazax rayonu ölkəmizdə təhsilin beşiyi sayılır. Ona görə də bu sahə ən yüksək səviyyədə olmalı, daha çox inkişaf etməlidir. Rayonumuzda bunun üçün lazım olan bütün şərait vardır. Məktəblərimizdə qabaqcıl müəllimlər, təcrübəli pedaqoqlar çalışır. Şagirdlər də müəllimlərin tədrisindən bəhrələnərək təhsil sahəsində yüksək göstəricilər əldə edir, sevindirici nəticələr qazanırlar. Zaman-zaman təhsil sahəsində möhkəm zəmin yaranmış, sağlam bünövrə daha da möhkəmlənmiş, məktəblərdə qabaqcıl ənənə formalaşmışdır.

Rayon rəhbəri bildirib ki, təhsilin daha da inkişaf etməsi, bu sahənin daha da qabaqcıl olması üçün İcra Başçısı kimi mən fəaliyyətə başladığım ilk gündən təhsil sahəsinə diqqət və qayğı ilə yanaşmışam. Təhsilin inkişafı üçün əlimdən gələni əsirgəməmişəm. Müəllimlərə, eləcə də şagirdlərə rayon rəhbərliyi tərəfindən həmişə diqqət və qayğı göstərilmişdir. Şagirdlərin müasir standartlara cavab verən məktəblərdə təhsil almaları üçün yeni məktəb binaları tikilmiş, əsaslı təmir olunaraq yenidən qurulmuşdur. Müəllimlərin daha yaxşı şəraitdə dərs keçmələri, tədrisin yüksək səviyyədə aparılması təmin olunmuş, bu sahədə vəziyyət ildən-ilə yaxşılaşmışdır. Görülən genişmiqyaslı işlərin, həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, təhsil sahəsində yüksək nəticələr əldə olunmuş, uğurlu göstəricilər qazanılmışdır.

İcra Başçısı qeyd edib ki, təhsil sahəsi ilə bağlı əldə etdiyimiz ən uğurlu göstəricilərdən biri də işçi qrupunun yaradılması oldu. İşçi qrupunun yaradılmasında əsas məqsəd məktəbləri nəzarətdə saxlamaq deyil, əksinə təhsil sahəsinin inkişaf etdirilməsi idi. Şagirdlərin dərsə davamiyyətini, müəllimlərin dərsə hazırlıq səviyyələrini müəyyən etmək və seçilən müəllimləri yüksək qiymətləndirmək idi. Eyni zamanda, məktəbdə müəllim-direktor, müəllim-şagird və müəllim-valideyn münasibətlərini formalaşdırmaq idi. Ötən müddət ərzində şagirdlərin dərsə davamiyyət faizi onu göstərdi ki, biz bu istəyimizə çatdıq. İşçi qrupunun yüksək fəaliyyəti sayəsində təhsilin keyfiyyətinin artırılmasına, məktəblə İcra Hakimiyyəti arasında sağlam əlaqələrin qurulmasına nail ola bildik.
Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini Gulaya Həsənova çıxış edərək ötən tədris ilində işçi qrupunun fəaliyyəti barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, işçi qrupunun üzvləri I yarımil üzrə 20 məktəbdə olmuş və 208 saat dərs dinlənilmişdir. II yarımildə isə 20 məktəb üzrə dinlənilmiş dərslərin saat miqdarı 184 olmuşdur. Ümumilikdə, 2017-2018-ci tədris ilində 40 məktəb üzrə 392 saat dərs dinlənilmişdir. İşçi qrupu tərəfindən aparılan monitorinq zamanı 58 nəfər yüksək, 175 nəfər yaxşı, 16 nəfər orta, 15 nəfər isə zəif nəticə ilə qiymətləndirilmişdir.

Sonra I və II yarımil üzrə işçi qrupunun məktəblərdə apardığı monitorinqin nəticələrinə əsasən dərsə hazırlıq səviyyələrinə görə yüksək, orta və zəif göstərici ilə qiymətləndirilən müəllimlər müzakirə olunub. Adları zəif nəticə göstərənlər sırasında qeyd olunan müəllimlərə növbəti dərs ilində öz üzərilərində çalışmaları və fəaliyyətlərində dönüş yaratmaları bildirilib.

Ürkməzli kənd tam orta məktəbin direktoru İlqar Miralayev, Kəmərli kənd tam orta məktəbin direktoru Minarə Rəhimova, Birinci Şıxlı kənd tam orta məktəbin direktoru Məzahir Qocayev, işçi qrupunun üzvlərindən Əməkdar müəllim Sədaqət Əmirxanova, yüksək nəticə göstərən müəllimlərdən - Xanlıqlar kənd tam orta məktəbin bilologiya müəllimi, Əməkdar müəllim Xatın Hüseynxanova, Aşağı Salahlı kənd tam orta məktəbin biologiya müəllimi Fatma Ballayeva, fransız dili müəllimi Siddiqə Əliyeva və başqaları çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya, səmimi münasibətə, istər müəllimlər, istərsə də şagirdlər üçün yaradılmış yüksək şəraitə görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Sonra İcra Başçısı xüsusi istedadına görə seçilən Daş Salahlı kənd 2 saylı tam orta məktəbin VII sinif şagirdi Ruslan Vəliyevə bundan sonra da dərslərini yüksək səviyyədə oxumasını bildirərək ona hədiyyə təqdim edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tədbirə yekun vuraraq qazanılan uğurları əldə saxlamaq və bu göstəriciləri daha da artırmaq üçün böyük səylə çalışmağı tövsiyə edib. Bildirib ki, rayonumuzda bunun üçün hər cür imkan vardır. Bu imkanlardan səmərəli istifadə etməklə daha böyük uğurlar qazanılmalıdır.

Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
Təhsilə göstərilən qayğı öz bəhrəsini verməkdədir
GOYEZEN.AZ


Facebook-da paylaş