• Təqvim

  • Unutma

  • Maraq



İcra Başçısı rəsm sərgisinin iştirakçısı ilə görüşüb

İcra Başçısı rəsm sərgisinin iştirakçısı ilə görüşüb
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov fəaliyyətə başladığı ilk gündən rayonda təhsil, səhiyyə, mədəniyyət, idman sahələrinə, həmin sahələrdə çalışan insanlara xüsusi diqqət və qayğı ilə yanaşır. Bunu rayon rəhbərinin məktəblilərlə, idmançılarla, xüsusi istedadı ilə fərqlənən uşaqlarla keçirdiyi görüşlərdən də aydın şəkildə görmək olar. Artıq bu görüşlərin keçirilməsi bir ənənə halını alıb.

Bu gün İcra Başçısının 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənim Azərbaycanım” mövzusunda keçirilən rəsm sərgisində iştirak etmiş Əlizadə Coşqun Elxan oğlunu qəbul etməsi də bu qayğının ən bariz nümunəsidir.

Rayon rəhbəri istedadlı yeniyetmə ilə səmimi şəkildə görüşərək onu sərgidə uğurlu iştirakına görə təbrik edib, daha böyük nailiyyətlər qazanmasını arzulayıb.

Gənc rəssam Akif Əmirov çıxış edərək 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclis və UNİCEF-lə birgə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Həmin tədbirdə istedadlı uşaqların rəsm əsərlərindən ibarət sərginin nümayiş olunduğunu və Qazax rayonunu təmsil etmiş Coşqun Əlizadənin 50x70 ölçüdə çəkdiyi Göyəzən dağını əks etdirən rəsm əsərinin Diploma layiq görüldüyünü qeyd edib. Gənc rəssam bu cür istedadlı uşaqlara göstərdiyi diqqət və qayğıya, xüsusilə də rəssamlıq sənətinin inkişafı naminə gördüyü işlərə, yüksək səviyyəli tədbirlərin keçirilməsinə görə rayon rəhbərinə dərin minnətdarlığını bildirib.

Qazax Dövlət Rəsm Qalereyasının müdiri Münəvvər Xəlilova çıxış edərək gənc və yeniyetmələrin rəssamlıq sənətinə dərindən yiyələnmələrində, bu sahəyə maraq göstərmələrində belə görüşlərin keçirilməsinin böyük rolu olduğunu bildirib, rayon rəhbərinə təşəkkürlərini çatdırıb.

Daş Salahlı kənd 2 saylı tam orta məktəbin IX sinif şagirdi olan Coşqun Əlizadə onunla keçirilən bu görüşün həyatında böyük əhəmiyyət daşıdığını qeyd edib.

Göstərilən diqqət və qayğının etimadı olaraq bundan sonra da daha böyük nailiyyətlər qazanaraq istər Qazaxın, istərsə də təhsil aldığı məktəbin adını daim uca tutacağını bildirib.

Sonda İcra Başçısı bir daha məktəbliyə öz təbriklərini çatdırıb, hədiyyə təqdim edib, xatirə şəkli çəkdirib.

İcra Başçısı rəsm sərgisinin iştirakçısı ilə görüşüb
GOYEZEN.AZ


Facebook-da paylaş