• Təqvim

  • Unutma

  • Maraq



3 saylı bağçada əsas işlər yekunlaşmaq üzrədir

3 saylı bağçada əsas işlər yekunlaşmaq üzrədir
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhərdə fəaliyyət göstərən 3 saylı körpələr evi-uşaq bağçasında körpələrin təlim-tərbiyə almaları üçün mövcud olan şəraitin yararsız olmasını nəzərə alaraq bağçanın başqa binaya köçürülməsi barədə göstəriş verib. Bu məqsədlə yeni bağça üçün vaxtilə təhsil şöbəsinin yerləşdiyi bina ayrılıb.

Xəbər verdiyimiz kimi, bir aydan çoxdur ki, bağça üçün ayrılmış həmin binada əsaslı tikinti işləri aparılır.

İcra başçısı Rəcəb Babaşov tikinti başlayan gündən mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olur, tikintinin keyfiyyətlə aparılması barədə tapşırıq və tövsiyələrini verir. Rayon rəhbəri bu gün də tikinti aparılan bağça binasında olub, görülən işlərlə maraqlanıb.

İş icraçısı Süleyman Həsənov görülən işlər barədə məlumat verərək bildirib ki, binanın dam örtüyü dəyişdirilərək yeni metal örtüklə əvəzlənib. Binanın daxilində bəzi otaqlarda suvaq işləri görülüb, üzlük vurulub, eləcə də arakəsmə hissələrdə hörgü işləri aparılıb. Bundan əlavə, otaqlarda tavan altı elektrik xətti çəkilib, alçiban vurulub. Lazım olan hissələrə beton döşəmə tökülüb. Otaqların bir hissəsində pəncərələr və qapılar qoyulub.

İş icraçısı qeyd edib ki, binanın daxilində və xaricində demək olar ki, işlər paralel olaraq aparılır. Binanın xarici fasadında suvaq işi başa çatıb. Həyətdə hasarın bir hissəsində hörgü və suvaq işləri görülüb, eyni zamanda bu iş davam edir. Binanın arxasında sanitar qovşaqları, mətbəx və anbar tikilir ki, burada da hörgü işləri yekunlaşmaq üzrədir. Hazırda həyətə tamet döşənməsi üçün alt hissənin hazırlıq işləri aparılır.

Rayon rəhbəri təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətləndirilməsi, eyni zamanda keyfiyyətli aparılması barədə tapşırıq verib.

Onu da qeyd edək ki, 19-u kəndlərdə, 6-sı şəhərdə olmaqla Qazaxda 25 bağça fəaliyyət göstərir ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası və əsaslı şəkildə yenidən qurulan 2 saylı uşaq bağçası bunun ən bariz nümunəsidir.

3 saylı bağçada əsas işlər yekunlaşmaq üzrədir
3 saylı bağçada əsas işlər yekunlaşmaq üzrədir
GOYEZEN.AZ


Facebook-da paylaş