3 saylı bağçada tikinti işləri sürətlə davam etdirilir
İcra başçısı Rəcəb Babaşov tikinti başlayan gündən mütəmadi olaraq təmir işləri ilə yaxından tanış olur.
Rayon rəhbəri bu gün də tikinti aparılan bağça binasında olub, görülən işlərlə maraqlanıb.
İş icraçısı Süleyman Həsənov məlumat verərək bildirib ki, binanın dam örtüyü dəyişdirilərək yeni metal örtüklə əvəzlənib. Binanın daxilində bəzi otaqlarda suvaq vurulur, eləcə də arakəsmə hissələrdə hörgü işləri aparılır. Əksəriyyətində isə bu iş başa çatıb. Hazırda otaqlarda üzlük və tavan altı elektrik xətti çəkilərək alçiban vurulur. Lazım olan hissələrə beton döşəmə tökülür. Otaqların bir hissəsində pəncərələr qoyulub.
İş icraçısı qeyd edib ki, binanın daxilində və xaricində demək olar ki, işlər paralel olaraq aparılır. Binanın həyətində hörgü və xarici fasadda suvaq işləri görülür, səliqə-sahman yaradılır. Eyni zamanda, binanın arxasında sanitar qovşaqları, mətbəx və anbar tikilir.
Rayon rəhbəri təmir işləri ilə tanış olduqdan sonra işlərin sürətləndirilməsi, eyni zamanda keyfiyyətli aparılması barədə tapşırıq və tövsiyələrini verib.
Məlumat üçün bildirək ki, Qazax rayonunda 19-u kəndlərdə, 6-sı şəhərdə olmaqla, 25 bağça fəaliyyət göstərir ki, həmin bağçaların əksəriyyəti əsaslı şəkildə təmir olunub, bəziləri üçün isə yeni bina tikilib. Ötən il əsaslı şəkildə təmir olunan Kosalar kəndindəki 2 və 3 saylı, Daş Salahlı kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli kənd uşaq bağçası, şəhərdə tikilmiş 1 saylı körpələr evi-uşaq bağçası və 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə istifadəyə verilən 2 saylı uşaq bağçası bunun ən bariz nümunəsidir.
Facebook-da paylaş