• Təqvim

  • Unutma

  • Maraq



Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib

Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib

Prezident İlham Əliyevin apardığı siyasətin əsasını təşkil edən vətəndaş amili Qazax rayonunda uğurla həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sakinləri narahat edən məsələləri onların öz dilindən eşitmək məqsədilə rəsmi qəbul günündən başqa səyyar görüşlər keçirir, fərdi qəbullar aparır, vətəndaşların müraciətlərini dinləyərək qaldırılan məsələlərin həll edilməsi istiqamətində konkret tapşırıqlar verir. Vətəndaş amili artıq rayon rəhbərliyinin fəaliyyətinin ən əsas hissəsinə çevrilmiş, səyyar görüşlər bir ənənə halını almışdır.

Bu gün rayonun sərhəddə yerləşən yaşayış məntəqələrindən biri olan Fərəhli kəndində səyyar görüş keçirilib, vətəndaşların müraciətləri dinlənilib.

Kənddə keçirilən görüşdə sakinlər rayon rəhbərini həmişə olduğu kimi bu dəfə də böyük səmimiyyət və sevinclə qarşılayıblar. Bu da səbəbsiz deyil. İcra Başçısı mütəmadi olaraq Fərəhlidə olur, qaldırılan hər bir məsələyə həssaslıqla yanaşır, həmişə vətəndaşın yanında olur. Bu səbəbdən də rayon rəhbəri ilə xalq arasında bir səmimiyyət, inam və birlik yaranmışdır.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamladıqdan sonra bu il artıq 4-cü dəfədir ki, onlarla görüşdüyünü bildirərək rayonumuzda aparılan işlərdən danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətliliyin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar müsbət nəticələr vermiş və Azərbaycan iqtisadiyyatı özünün sürətli inkişafını təmin etmişdir.

Qeyd edib ki, Ölkə Başçısının uzaqgörən siyasəti Qazaxda çox uğurla həyata keçirilir. Rayonumuzda aparılan quruculuq və abadlıq işləri nəticəsində şəhərin, eləcə də kəndlərin siması köklü şəkildə dəyişmiş, Qazax respublikamızın ən inkişaf etmiş və ən abad rayonlarından birinə çevrilmişdir. Rayonumuzda kənd təsərrüfatının bütün sahələri inkişaf etməyə başlamış, uğurlu göstəricilər əldə edilmişdir. Bu da son nəticədə əhalinin maddi rifah halının daha da yaxşılaşmasına öz müsbət təsirini göstərmişdir.

Prezident İlham Əliyevin apardığı quruculuq siyasətinin Qazaxda olduğu kimi həyata keçirilməsindən söz açan Rəcəb Babaşov qeyd edib ki, son 2 ildə rayonumuzda bütün sahələr inkişaf etmiş, uğurlu göstəricilər əldə edilmişdir. Bağçaların inşasından və əsaslı təmirindən danışaraq Kosalar, Xanlıqlar, Daş Salahlı, Cəfərli kəndlərindəki uşaq bağçalarının yenidən qurulmasını, şəhərdə isə yeni uşaq bağçasının tikilməsini bu sahədə qazanılan uğurların ən bariz nümunəsi kimi qiymətləndirib.

Bildirib ki, bağçaların əsaslı şəkildə təmir olunması bu il də davam etdirilir. Şəhər 2 saylı uşaq bağçası əsaslı şəkildə təmir olunmuşdur. Şəhər 3 saylı bağça üçün ayrılmış yeni binanın əsaslı şəkildə təmirinə başlanılıb.

İcra Başçısı qeyd edib ki, Hüseynbəyli, Çaylı, Cəfərli və Kommuna kəndlərinə yeni asfalt yollar çəkilərək istifadəyə verilmişdir. “Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib, “Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodu da istifadəyə tam hazırdır. Hazırda “İnvestel GROUP” MMC-də, Elektrod Zavodunda, 145 çarpayılıq rayon Mərkəzi Xəstəxanasında, eləcə də digər sosialyönümlü obyektlərdə tikinti işləri sürətlə davam etdirilir.

Rayon rəhbərliyi kənd təsərrüfatı sahəsində qazanılmış uğurlardan söz açaraq ötən il bu sahədə yüksək göstəricilərin əldə edildiyini bildirib və bu il Qazax rayonunda əkin sahələrinin 12 mindən 21 min hektara çatdırıldığını qeyd edib.

Tütünçülüyün inkişafından danışan rayon rəhbəri bildirib ki, əgər 2016-cı ildə rayon üzrə cəmi 10 hektar, ötən il isə 50 hektar sahədə tütün əkilmişdisə, bu il əkin sahələri daha da genişləndirilmiş və 60 hektarda əkin aparılmışdır.

İcra Başçısı bildirib ki, Qazax rayonunda kənd təsərrüfatının başqa sahələri kimi baramaçılıq da ildən-ilə inkişaf edir. Artıq üçüncü ildir ki, rayonda barama yetişdirilir və yüksək məhsuldarlıq əldə edilir. Bu il kümçülər 5 ton məhsul təhvil verməyi qarşılarına məqsəd qoymuşlar.

Bir sözlə, rayonumuzda bütün sahələr inkişaf edir və uğurlu göstəricilər qazanılır. Bu uğurların kökündə isə Ölkə Başçısının göstərdiyi diqqət və qayğı dayanır.

Bildirib ki, bu gün rayonun elə bir kəndi tapılmaz ki, orada yol və digər məişət və sosial məsələlər öz müsbət həllini tapmasın.

İcra Başçısı qeyd edib ki, bugünkü görüşümüzün əsas məqsədi həmişə olduğu kimi sizi narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Rayon rəhbəri bildirib ki, son iki ildə Fərəhli kəndində də xeyli quruculuq işləri görülmüş, kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bunun nəticəsidir ki, kənddə əkin sahəsi iki dəfədən çox artaraq 593 hektara çatmışdır. Kənddə qaz, işıq, su, telefon sarıdan heç bir problem yoxdur.

Kənd sakinlərindən Musa Musayev, Qəzənfər Paşayev, Sarvan Həsənov, Nəzər Qurbanov, Həmid İsmayılov, Mustafa Abdullayev, Alı Həsənov, Bəhram Nəbiyev, şəhid Mühüd Orucovun atası Qurban Orucov çıxış edərək kənd sakinlərinə daim diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

Onlarla mütəmadi görüşlər keçirdiyinə və həmişə onların yanında olduğuna görə İcra Başçısı Rəcəb Babaşova sonsuz təşəkkürlərini çatdırıb və bir sıra müraciətlərini söyləyiblər.

Rayon rəhbərliyi vətəndaşları diqqətlə dinlədikdən sonra aidiyyatı üzrə göstərişlər verib, kəndarası yollara çınqıl daşınıb tökülməsi və hamarlanmasını tapşırıb. Kəndə gələn yolun asfaltlanmasının gələn il proqrama salınacağını bildirib.

Sonda Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov görüşə yekun vuraraq sakinlərlə səyyar görüşlərin daha tez-tez keçiriləcəyini bildirib və kənd sakinlərinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Elçin İSMAYIL

Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib
Sərhəd kəndi Fərəhlidə səyyar görüş keçirilib


Facebook-da paylaş