• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda tikinti-quruculuq işləri sürətlənir

QAZAX MƏRKƏZİ MƏTBUATDA

Qazaxda tikinti-quruculuq işləri sürətlənir
Qazaxda 2018-ci ilin birinci rübünə yekun vurulmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun hesabat məruzəsindən məlum olmuşdur ki, Qazaxda büdcəyə yerli daxilolmalar hər ay artır. 2018-ci ilin birinci rübündə yerli daxilolmalar 1 824 849 manat proqnoza qarşı 2 045 427 manat və ya 112,09 faiz yerinə yetirilərək büdcəyə 220 578 manat artıq vəsait mədaxil olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcəyə 279 499 manat və ya 15,83 faiz çox vəsait daxil olmuşdur. Bütövlükdə 2018-ci ilin birinci rübündə yerli gəlirlər cəmi 2 047 710 manat proqnoza qarşı 2 268 288 manat, yəni 110,77 faiz yerinə yetirilmişdir.
Qazaxda aparılan geniş abadlıq-quruculuq işləri cari ilin birinci rübündə də davam etdirilmişdir. Şəhərdə 85 ədəd çoxmənzilli yaşayış binasında təmir işlərinin aparılması nəzərdə tutulub. Bu binalardan 74-nün dam örtüyünün dəyişdirilməsinə ehtiyac var. Artıq bu binalardan 15-də təmir işlərinə başlanılmış və işlər davam edir. Bununla əlaqədar 50 nəfər işlə təmin olunmuşdur.
2018-ci ilin 3 ayı ərzində rayonun təhsil, mədəniyyət və səhiyyə müəssisələri tərəfindən də bir sıra işlər görülmüşdür. Müxtəlif olimpiadalarda, müsabiqələrdə rayon məktəbliləri fərqlənmiş və mükafatlara layiq görülmüşlər. 2018-ci ilin mart ayında məktəblilərin yaz tətilində "Ölkəmizi tanıyaq” tur-aksiyasında rayonun yuxarı sinif şagirdlərindən 40 nəfəri Qəbələ-Şəki-Zaqatala bölgəsində ekskursiyada olmuşdur.
2018-ci ilin əvvəllərində rayonda olan körpələr evi-uşaq bağçalarının maddi-texniki bazasının yaxşılaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Qazax şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları yeni bərk və yumşaq inventarlarla, elektrik cihazları və digər avadanlıqla təmin olunmuşdur. Əhalinin çoxsaylı müraciətlərini nəzərə alaraq bu ilin yanvar ayında bir sıra uşaq bağçası-körpələr evlərində əlavə qruplar açılmışdır. Bağçalara maraq və tələbatın artması rayon İcra Hakimiyyətinin köməyi ilə həmin müəssisələrdə hərtərəfli şəraitin yaradılması ilə əlaqədardır. Bu qruplara, ümumilikdə 30 nəfər yeni işçi götürülmüş və 100 nəfər uşaq cəlb edilmişdir. Yaranan vakant iş yerlərinə qəbul zamanı isə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, məcburi köçkünlərə və digər imtiyazlı vətəndaşlara üstünlük verilir. Yeni götürülmüş işçilərdən 3 nəfəri şəhid ailəsi, 3 nəfəri məcburi köçkün, 1 nəfəri Qarabağ müharibəsi əlilinin, digərləri isə işə ehtiyacı olan aztəminatlı ailələrdən seçilmişdir. Tezliklə rayonun 13 bağça binasında bərpagücləndirmə və əsaslı təmir işlərinin aparılması, Çaylı kəndində isə 60 yerlik yeni uşaq bağçasının açılması nəzərdə tutulmuş, şəhər 2 saylı uşaq bağçasının əsaslı təmirinə başlanılmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq, köhnə mərkəzi rayon xəstəxanasının yerində yeni 145 çarpayılıq xəstəxana kompleksinin tikintisi sürətlə davam etdirilir. Artıq xəstəxananın əsas binasının tikintisi yekunlaşmaq üzrədir. Ölkə Prezidentinin 29 mart 2018-ci il tarixli sərəncamı ilə xəstəxananın tikintisini başa çatdırmaq üçün səhiyyə nazirliyinə daha 14,6 milyon manat vəsait ayrılmışdır. Hesabat dövründə rayonun səhiyyə müəssisələrinə ambulator gəlişlərin sayı 13 242 nəfər olmuş, 113 cərrahiyyə əməliyyatı aparılmış, 2 300 nəfər laborator müayinədən keçirilmişdir. Dövlət başçısının tapşırığına əsasən, ölkəmizdə əhalinin tibbi müayinədən keçirilməsi aksiyası Qazax rayonunda da uğurla davam etdirilir. Aprel ayınadək 51 316 nəfər əhali tibbi müayinədən keçirilmiş, 3 910 nəfər ambulator müalicəyə, 245 nəfər stasionar müalicəyə, 107 nəfər isə Bakı şəhərində əlavə müayinə və müalicəyə göndərilmişdir.
"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ilə əlaqədar Qazax rayonunda davamlı surətdə yeni iş yerləri açılır. Birinci rübdə 9 yeni müəssisə yaradılmış, onun 123-ü daimi olmaqla 275 yeni iş yeri açılmışdır.
Rayonda "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq, təmirtikinti, abadlıq, bərpa, quruculuq işləri ötən ildə olduğu kimi, 2018-ci ilin birinci rübündə də davam etdirilmişdir. Şəhərin küçələrinə 570 metr uzunluğunda bardür düzülmüş, 7 887 kvadratmetr əraziyə asfalt-beton, çınqıl örtüyü çəkilmişdir, "Azəravtoyol” ASC tərəfindən Qazax-Uzuntala avtomobil yolundan ayrılan, ümumi uzunluğu 7 kilometr olan, Ermənistanla sərhəddə yerləşən Cəfərli strateji əhəmiyyətli avtomobil yolunun tikintisi işləri davam etdirilir. İkinci Şıxlı kəndində də yaxın vaxtlarda 4 kilometr uzunluğunda yola asfalt-beton örtüyünün çəkilməsi işlərinə başlanılacaqdır. 2018-ci ildə Daş Salahlı və Dəmirçilər kəndlərinin də avtomobil yollarının yenidən tikintisi nəzərdə tutulmuşdur. Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi davam etdirilir.
"Mətanət-A” şirkəti tərəfindən Qazax rayonunun Daş Salahlı kəndində və "Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan əhəng zavodunun tikintisi başa çatdırılmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. "Carçıoğlu GROUP” MMC tərəfindən rayonun Xanlıqlar kəndində illik gücü 9 600 ton olan elektrod zavodunun tikintisi sürətlə davam edir. "İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində "Aqropark” yaradılmış, 41 ədəd texnika alınmış, tutumu 2 500 ton quru anbar və texnikaların təmiri və saxlanması üçün qaraj tikilmiş, tutumu 2 600 ton olan soyuducu anbarın, sahəsi 300 kvadratmetr olan ikimərtəbəli ofis binasının tikintisi davam edir. Xram çayı üzərində 3 pilləli nasos stansiyasının tikintisi başa çatmış, mühərriklər quraşdırılmışdır. Sahələrdə tutumu 4 500 kubmetr olan iki ədəd su hovuzu inşa edilmişdir. 850 hektar sahədə damcı üsulu və çiləmə sisteminin quraşdırılması üçün 18 kilometr sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır. Həmçinin, "Aqrolizinq” ASC-dən Türkiyə Respublikasının Karataş firmasına məxsus özü yığılan və daşınan, hər birinin uzunluğu 500 metr, ümumi dəyəri 89 100 manat olan 10 ədəd suvarma şlanqları alınmışdır. Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə, quru və soyuducu anbarın işləməsi üçün 12,8 kilometr uzunluğunda elektrik hava xətti çəkilmiş, yeni transformatorlar quraşdırılmışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş 14 fərdi yaşayış evindən 8-i istifadəyə verilmiş, 6 yaşayış evinin tikintisi başa çatmış, daha 7 yaşayış evinin tikintisi davam edir.
Hesabat yığıncağında həmçinin vətəndaşların qəbulu, ərizə və şikayətlərə baxılmasının vəziyyəti və bu sahədə qarşıda duran vəzifələr barədə də söhbət açılmışdır.
Yığıncaq iştirakçıları belə qənaətə gəlmişlər ki, Qazaxda həyata keçirilən işlər əhali tərəfindən razılıqla qarşılanır və bundan sonra da bütün qüvvələr səfərbərliyə alınmalıdır.
Hamlet QASIMOV,
"Xalq qəzeti”nin bölgə müxbiri
26 aprel 2018-ci il



Facebook-da paylaş