Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda tütün dəriminə başlanılıb

Qazaxda tütün dəriminə başlanılıb


27-07-2019, 12:38


Bu gün tikinti-quruculuq işlərinin geniş vüsət aldığı Qazax rayonunda kənd təsərrüfatının inkişafına da böyük önəm verilir. Son illər Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər Qazaxda da uğurla icra olunur. Neft sektoru ilə yanaşı qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması nəzərə alınaraq bu sahəyə xüsusi diqqət və qayğı göstərilir. Respublikamızda bu sahənin sürətlə inkişaf etməsində ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları da əsas götürülərək kənd təsərrüfatı ildən-ilə daha sürətlə inkişaf etdirilir.

Son 3 ildə Qazaxda ölkə rəhbəri İlham Əliyevin 10 avqust 2017-ci il tarixli Sərəncamı ilə qəbul edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”ı da uğurla icra olunur. Kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan bu sahə həm də rayonda yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu il artıq dördüncü ildir ki, Qazaxda tütün becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri 2017-ci ildə bu rəqəmi 50 hektara çatdırıb, aqrotexniki tədbirləri vaxtında həyata keçirməklə 80 tondan çox məhsul götürüblər. 2018-ci ildə isə tütünçülər əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırıblar. Həmin sahədən toplanmış 98 min tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil verilib.

Cari ildə isə Qazax rayonunun Kəmərli, Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout, Fərəhli kəndlərində cəmi 65 hektar sahədə tütün əkilib. Tütünçülər bu il də keçən ildəkindən daha çox məhsul götürmək üçün bütün aqrotexniki tədbirlərə ciddi əməl ediblər. Artıq xeyli vaxtdır ki, tütün dəriminə start verilib. Kəndlilər tütün dərimini vaxtında və itkisiz başa çatdırmaq üçün məhsulu sahələrdə hazırlanan xüsusi yerlərdə ipə düzərək qurudurlar. Bu günə kimi isə 7 ton yaş tütün tədarük olunub.

GOYEZEN.AZ


Geri qayıt