Əsas Səhifə > Qazax respublika mətbuatında > Çəkilən zəhmət bəhrəsini verir

Çəkilən zəhmət bəhrəsini verir


16-07-2019, 09:32

Respublika mətbuatı Qazax haqqında


Hər il bol taxıl yetişdirən qazaxlılar bu il də yüksək məhsuldarlığa nail olmuşlar. Bunu yolboyu uzanan taxıl zəmilərinə baxdıqca bir daha yəqin etmək mümkündür. Artıq xeyli vaxtdır ki, fermerlər zəhmətlə yetişdirdikləri məhsulun yığımına başlamışlar.

Xatırladaq ki, keçən il rayon üzrə 9102 hektardan 33309,5 ton buğda, 3527 hektardan 8676,7 ton arpa götürülmüş, ümumilikdə 41986,2 ton taxıl istehsal olunmuşdur. Cari ildə də taxıl səpilmiş sahələrə yüksək aqrotexniki qulluq göstərilərək bol məhsul yetişdirilmişdir. 4250 hektar arpa sahəsindən 10902,2, 8305 hektar buğda sahəsindən 31427,8 ton məhsul tədarük edilmişdir. Orta məhsuldarlıq 33,7 sentner olmuşdur. Aslanbəyli, Qaymaqlı, Daş Salahlı, Yuxarı Salahlı, Birinci Şıxlı və digər kəndlərdə daha yüksək məhsuldarlıq əldə edilmişdir.

Ümumiyyətlə, Qazax rayonunda taxılçılığın inkişafına diqqətlə yanaşılır. Rayonda elə təsərrüfatlar var ki, hər il bu sahədə yüksək göstəricilərə nail olur. Məsələn, Daş Salahlı kəndinin sakini Asif Yusifov ona məxsus sahələrdə hər il bol taxıl yetişdirir. Təsərrüfat sahibi keçən il 95 hektarda buğda, 5 hektarda arpa əkmiş və həmin sahələrdən 3486,5 ton buğda, 122,5 ton arpa götürmüşdür. Buğdanın məhsuldarlığı 36,7, arpanın məhsuldarlığı 24,5 sentnerə çatmışdır. Fermer taxıl sahələrinin ərazisini 10 hektar genişləndirərək cari ilin məhsulu üçün 40 hektarda arpa, 70 hektarda buğda əkmişdir.

Bu kəndin digər sakini Elxan Cürənli də taxılçılıqda böyük təcrübəyə malikdir. O, keçən il 120 hektarda buğda, 100 hektarda arpa yetişdirmiş, 4404 ton buğda, 2450 ton arpa istehsal etmişdir. Fermer deyir ki, texnika sarıdan heç bir çətinliyi yoxdur. Heyvandarlıqla da məşğul olan təsərrüfat sahibi istehsal etdiyi məhsulun bir hissəsini təsərrüfatındakı heyvanlar üçün saxlamaq, bir hissəsini isə satmaq fikrindədir.

Taxıl biçinində öndə gedən təsərrüfat sahiblərindən biri də Birinci Şıxlı kənd sakini Natiq Məmmədovdur. Keçən il 25 hektar sahədən 52 ton arpa götürən təsərrüfat sahibi bu il də məhsuldarlığın yüksək olduğunu deyir: "Hazırda ilkin göstəricilər pis deyil. Hələlik hər hektardan 21 sentnerədək arpa götürülür”. Natiq Məmmədov da istehsal etdiyi taxılın bir hissəsini yaratdığı heyvandarlıq təsərrüfatında istifadə etmək, bir hissəsini də satışa çıxarmaq fikrindədir.

Ümumiyyətlə, Qazax rayonunda yetişdirilmiş taxılın vaxtında və optimal müddətdə yığılması üçün bütün imkanlardan istifadə edilir. Biçinin mütəşəkkil aparılması üçün rayon icra hakimiyyətində qərargah və qaynar telefon xətti yaradılmışdır. Həmçinin biçin zamanı yarana biləcək hər hansı problemin operativ aradan qaldırılması üçün mütəxəssislərdən ibarət səyyar briqada fəaliyyət göstərir. Bunun da nəticəsində məhsul yığımı başlayandan boşdayanma hallarına rast gəlinməyib.


Sabir ƏLİYEV,

"Azərbaycanqəzetinin bölgə müxbiri

16 iyul 2019-cu il



Geri qayıt