Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda tütünçülüyə və baramaçılığa maraq artıb

Qazaxda tütünçülüyə və baramaçılığa maraq artıb


15-05-2019, 12:53

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Son illər həyata keçirilən islahatlar nəticəsində aqrar sektorun inkişaf etdirilməsi yeni iş yerlərinin yaradılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu sahədə uğur qazanan rayonlardan biri Qazaxdır. Taxılçılıqda, kartofçuluqda, tütünçülükdə, baramaçılıqda əldə olunan göstəricilər bunu deməyə əsas verir.

Hazırda rayonda da yaz-tarla işlərinin qızğın çağıdır. Belə bir dövrdə tütünçülərin və baramaçıların da işi çox olur.

Bu günlərdə Rayon İcra Hakimiyyətində cari ildə tütünçülüyün və baramaçılığın mövcud vəziyyəti ilə bağlı keçirilən toplantıda da bu barədə ətraflı söhbət getmiş, tütün əkini və ipəkqurdu bəslənməsi üçün yaradılan şərait, görülən hazırlıq işləri ətraflı müzakirə edilmişdir. Rayon İcra Hakimiyyətinn başçısı Rəcəb Babaşov son illər ölkə rəhbərinin diqqət və qayğısı sayəsində qazanılan nailiyyətlərdən danışmış, qazaxlıların ölkə iqtisadiyyatının inkişafına verdikləri töhfələri diqqətə çatdırmışdır. Qeyd edilmişdir ki, görülən məqsədyönlü işlərin nəticəsidir ki, Qazaxda barama istehsalı ildən-ilə artır. 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram barama istehsal edən kümçülər keçən il bu rəqəmi 6260 kiloqrama çatdırmışlar. İstehsal olunan məhsul yüksək keyfiyyətlə Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. Rayon baramaçıları bu il məhsuldarlığı daha da artırmağı qarşılarına məqsəd qoymuşlar. Onlar qərara almışlar ki, cari ildə 8 ton yaş barama təhvi versinlər.

Toplantıda tütünçülüyün inkişafına göstərilən diqqət və qayğıdan da söhbət açılmışdır. Qeyd edilmişdir ki, kənd təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli, ənənəvi və əməktutumlu istehsal sahələrindən biri tütünçülükdür. 2016-cı ildə rayonda cəmi 10 hektarda tütün əkilmişdisə, 2017-ci ildə bu rəqəm 50 hektara, keçən il 60 hektara çatdırılmışdır. Builki mövsümdə 65 hektar sahədə tütün əkmək nəzərdə tutulmuşdur.

Toplantıda tütünçülük və baramaçılıqla bağlı rayonda qərargah yaradılmış, aidiyyati mütəxəssislərə tapşırıqlar verilmişdir.

Sabir ƏLİYEV,

"Azərbaycan” qəzetinin bölgə müxbiri

14 may 2019-cu il


Geri qayıt