Əsas Səhifə > Kənd təsərrüfatı > Qazaxda kartof yığımı uğurla davam edir

Qazaxda kartof yığımı uğurla davam edir


7-09-2018, 16:05

 
Son dövrlər dövlət tərəfindən ölkə iqtisadiyyatının qeyri-neft sektorunun əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracın genişləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sahibkarlara, sadə kəndliyə göstərilən hərtərəfli dövlət dəstəyi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş, kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına səbəb olmuşdur.

Məhz bu qayğının nəticəsidir ki, respublikamızın bütün bölgələrində əkin sahələrinin miqdarı ildən-ilə genişləndirilir. Qazax rayonunda da bu istiqamətdə məqsədyönlü işlər görülür. Bunu rayonda artırılan əkin sahələrinin miqdarından da aydın şəkildə görmək olar.

2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77 hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3 hektar əkin sahəsinin artırılması planlaşdırılır.

Bu gün Qazaxda mətbəximizdə istifadə etdiyimiz və çörəkdən sonra ən çox ehtiyac duyulan qida növü kimi kartofun da əkin sahələri genişləndirilir. Fermerlər tərəfindən kartofçuluğun inkişafına böyük maraq göstərilir. Bunu hər il rayonda kartof sahələrinin genişləndirilməsi bir daha sübut edir.  

Belə ki, 2016-cı ildə rayonda 433 kektar sahədə kartof əkilmişdisə, 2017-ci ildə bu rəqəm 809,1 hektara çatdırılmışdır. 376,1 hektar artıq sahədə kartof becərən kəndlilər  bu il də kənd təsərrüfatının başqa sahələrində olduğu kimi, kartofçuluqda nümunəvi işlər görüblər. Təhlükəli zərərvericilərə qarşı vaxtında aparılan kimyəvi mübarizə tədbirləri nəticəsində fermerlər kartof əkilmiş sahələrdə bol məhsul yetişdiriblər. Kartof becərən sakinlər bu sahənin gəlirli olduğunu nəzərə alaraq 2018-ci ildə əkin sahələrini daha da genişləndirərək 1086 hektara çatdırıblar. Bu da ötən illə müqayisədə 276,9 hektar çoxdur. İldən-ilə kartof sahələrini genişləndirən qazaxlı sahibkarlar, sadə kəndlilər növbəti ildə də kartof sahələrini genişləndirməyi düşünürlər. Belə ki, 2019-cu ildə ötən ilə nisbətən əkin sahəsinin 114 hektar artırılaraq 1200 hektara çatdırılması nəzərdə tutulmuşdur.

Bu günlər isə rayonda kartofçuluqla məşğul olan zəhmət adamlarının işləri daha çoxdur. Onlar becərdikləri sahələrdə yetişdirdikləri məhsulu yığmaqla məşğuldurlar. Əmək adamlarının aylardan bəri çəkdikləri zəhmət hədər getməyib. Hazırda sahələrdən bol məhsul yığılır.

Bu gün dövlət tərəfindən sadə kəndlilərə verilən dəstək, göstərilən diqqət və qayğı onlarda böyük ruh yüksəkliyi yaradır. Daha çox məhsul istehsal etməyə sövq edir. Gündəlik sahədə çalışan hər bir kənd sakini ay ərzində təxminən 300-400 manat əmək haqqı alır. Bu isə əhalinin məşğulluğunun təmin olunması və maddi rifah halının yaxşılaşdırılması deməkdir.



GOYEZEN.AZ

 

 


Geri qayıt