• Təqvim

  • Unutma

  • Maraq



Fındıqçılığa Qazaxda da maraq artır

Fındıqçılığa Qazaxda da maraq artır
Azərbaycanın iqtisadi tərəqqisi regionlarımızın sürətli inkişafından, yerlərdə həyata keçirilən infrastruktur layihələrindən, bunun da nəticəsində əldə olunan sosial-iqtisadi göstəricilərdən çox asılıdır. Təsadüfi deyil ki, ölkə rəhbəri bu məsələni də hər zaman diqqətdə saxlayır, bölgələrə səfərləri zamanı abadlıq və quruculuq işləri ilə yanaşı, aqrar sahənin daha da inkişaf etdirilməsi üçün tapşırıq və tövsiyələr verir. Elə avqustun 3-də dövlət başçısı şimal-qərb bölgəsinə səfəri zamanı da istər sosial struktur layihələrinin icrası, istərsə də qeyri-neft sektorunun inkişafını təmin edəcək tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işləri ətraflı təhlil etdi.

Avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair keçirilən respublika müşavirəsində isə bir daha ənənəvi və qeyri-ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafının sürətləndirilməsi ilə bağlı yollar göstərərək dedi: "Bugünkü müşavirənin əsas məqsədi ondan ibarətdir ki, görülmüş işlərə yekun vuraq, - çünki son iki il ərzində bu sahələrin inkişafı üçün çox böyük işlər görülmüşdür, - eyni zamanda, gələcək fəaliyyətimiz üçün konkret tədbirlər planı hazırlayaq. Dövlət proqramları da qəbul ediləcəkdir ki, bu ənənəvi sahələr Azərbaycanda daha geniş vüsət alsın”.
Fındıqçılığa Qazaxda da maraq artır
Aqrar sahənin inkişafında öz yeri olan rayonlardan biri də Qazaxdır. Son illər kənd təsərrüfatı məhsulları istehsalı sahəsində qazanılan uğurlar rayonun potensial imkanlarını daha da genişləndirmiş, əhali arasında iqtisadi cəhətdən daha səmərəli olan bitkilərin əkininə maraq xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, son iki ildə rayonda baramaçılıq və tütünçülük inkişaf etmiş, hər iki sahədə uğurlu nəticələrə nail olunmuşdur. Keçən il cəmi 1500 kiloqram barama istehsal edən qazaxlı kümçülər cari ildə bu rəqəmi 4 min 623 kiloqrama çatdırmışlar. Tütünçülərin də uğurları ürəkaçan olmuşdur. 10 hektar sahədən 15 ton 635 kiloqram tütün toplayaraq Şəki "İlham-M” MMC-yə təhvil vermişlər. Bu uğurdan ruhlanan rayon sakinləri tütün sahələrini genişləndirərək 50 hektara çatdırmışlar. Hazırda plantasiyalarda bol məhsul yetişib. Artıq birinci yığım başa çatmış və ikinci yığıma başlanılmışdır. Mütəxəssislərin təxmini hesablamalarına görə, bu il rayonda 100 tondan çox tütün istehsal ediləcəyi gözlənilir.
Fındıqçılığa Qazaxda da maraq artır
Kənd təsərrüfatının digər sahələrində də uğurlu göstəricilər qazanılır. Cari ilin məhsulu üçün 2750,6 hektar sahədə arpa, 8277,7 hektar sahədə buğda yetişdirilmiş, ümumilikdə 36469 ton taxıl biçilmişdir. Bunun da 29840 tonu buğda, 6629 tonu arpa olmuşdur. Orta hesabla hər hektardan 33,03 sentner məhsul götürülmüşdür ki, bu da əvvəlki illərdəkindən xeyli çoxdur.

Rayonda kənd təsərrüfatının digər sahələri də inkişaf edir. Bu il 809 hektarda kartof, 523,31 hektarda şəkər çuğunduru, 504 hektarda qarğıdalı, 34 hektarda vələmir, 52,5 hektar sahədə günəbaxan, 483,3 hektar sahədə tərəvəz, 630,5 hektar sahədə yonca, 52 hektar sahədə paxlalı bitkilər, 31,4 hektar sahədə bostan bitkiləri yetişdirilmişdir.

Dövlət başçısının tövsiyəsi ilə rayon sakinləri fındıqçılığın da inkişafına maraq göstərirlər. Bu məqsədlə cari ilin yaz aylarında rayon ərazisində 50,5 hektar fındıq bağı salınmışdır. Hazırda əkilmiş ağaclara aqrotexniki qaydada qulluq göstərilir. Bir neçə ildən sonra bu bağlardan da bol məhsul gözlənilir.

Qeyd edək ki, kənd təsərrüfatı bitkilərinin normal suvarma suyu ilə təmin edilməsi məqsədilə Qazax Suvarma Sistemləri İdarəsi tərəfindən arxlarda 467 min kubmetr təmizlik işləri aparılmış, 274 kilometr uzunluğunda arx və kanallar tullantılardan təmizlənərək vegetasiya suvarmasına tam hazır vəziyyətə gətirilmişdir. Bundan başqa Çaylı kəndində 3, Daş Salahlı kəndində 3, Orta Salahlı, Xanlıqlar, Kosalar və Canalı kəndlərinin hərəsində 1 subartezian quyusu qazılmışdır.
Fındıqçılığa Qazaxda da maraq artır
Rayonda bitkiçilik sahəsində olduğu kimi, heyvandarlıq sahəsində də uğurlar ildən-ilə artır. Heyvanların cins tərkibinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, təkcə bu ilin ötən dövrü ərzində 240 baş düyə süni yolla mayalandırılmış və onlardan 105 bala alınmışdır. Nəticədə süd istehsalı 108,5 ton artaraq 15 min 627,5, ət istehsalı 2,15 ton artaraq 2 min 741, 5 tona çatmışdır.

Qazanılan uğurlar rayon iqtisadiyyatına müsbət təsir göstərmiş, aparılan abadlıq və quruculuq işlərinin davam etdirilməsinə təminat yaratmışdır. Belə ki, təkcə bu ilin ötən dövrü ərzində rayon mərkəzindəki çoxmənzilli 24 binanın dam örtüyündə və fasad hissəsində təmir işləri başa çatdırılmış, çoxmənzilli 41 yaşayış binasında təmir işlərinə başlanılmışdır. Artıq 9 binada işlər yekunlaşmışdır. Bu işlərə 103 nəfər cəlb olunmuşdur. Qazax şəhərinin "Ədəbiyyat muzeyi”ndə də əsaslı təmir işləri aparılmış və burada ekspozisiya bölmələri yaradılmışdır.

Son zamanlar parkların yenidən qurulması istiqamətində də xeyli iş görülmüşdür. Başqa sözlə, rayon mərkəzindəki "Fəxri qazaxlılar” parkında yenidənqurma işləri başa çatdırılmış, fəvvarələr kompleksləri yenidən qurulmuş, parkın ərazisinə tamet döşənmiş, yeni işıqlandırma sistemi qurulmuş, müasir oturacaqlar qoyulmuş, dekorativ ağaclar əkilmişdir. Səməd Vurğun adına parkda və Heydər Əliyev prospektində aparılan abadlıq və yenidənqurma işləri də yekunlaşmışdır.

Bakı-Tbilisi avtomobil yolunu Qazax-Əskipara yolu ilə birləşdirən, uzunluğu 6 kilometr olan Çaylı kəndinin içərisindən keçən yolun, eləcə də Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində uzunluğu 2,5 kilometr olan Qazax-Hüseynbəyli avtomobil yolunun tikintisinə başlanılmışdır. Hazırda Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində ikinci yolun çəkilişi davam edir.

Rayonun düşmənlə həmsərhəd olan kəndlərində əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Quşçu Ayrım kəndində 4, Fərəhli kəndində 3, Məzəm və Abbasbəyli kəndlərinin hər birində 1 sığınacaq tikilmişdir.

Təhsil və məktəbəqədər uşaq tərbiyə müəssisələrində də bir sıra yenidənqurma işləri aparılmışdır. Belə ki, Abbasbəyli kəndində 20 şagirdlik modul tipli yeni ibtidai məktəb binasının tikintisinə başlanılmış, fəaliyyəti dayandırılmış Aşağı Əskipara kənd körpələr evi-uşaq bağçası üçün inşa edilmiş bina istifadəyə verilmişdir. Dövlət proqramına uyğun olaraq Qazax şəhərində 100 yerlik körpələr evi-uşaq bağçasının inşasında artıq son tamamlama işləri görülür. Bundan əlavə, "HG GROUP” MMC tərəfindən Daş Salahlı kəndində 2 və 3 saylı uşaq bağçalarında aparılan əsaslı təmir işləri başa çatmışdır.

Cari ildə rayonda yaradılmış 7 müəssisədə 1121-i daimi olmaqla 1162 yeni iş yeri yaradılmışdır. Əhalinin işlə təminatında rayon Məşğulluq Mərkəzi də müəyyən işlər görmüşdür. Rayonun 29 müəssisəsindən mərkəzə təqdim olunmuş 383 boş iş yerinin demək olar ki, hamısı işçi ilə təmin edilmişdir.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
15 avqust 2017-ci il



Facebook-da paylaş