• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda rayon ərazisində mövcud olan suvarma arxlarının təmizlənməsi işləri sürətlə davam etdirilir


Hər kəsə yaxşı məlumdur ki, son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin prioritet sahələrindən birini təşkil edir. Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən islahatların qısa müddətdə öz müsbət nəticələrini göstərməsi, dövlət tərəfindən sahibkarlara, kəndli fermerlərə göstərilən dəstəyin ölkə iqtisadiyyatında böyük pay sahibi olan kənd təsərrüfatının inkişafına öz töhfəsini verməsi bu dediklərimizin bariz nümunəsidir. Kənd təsərrüfatı sahəsinin neft sənayesi və tikinti sektorundan sonra ölkə iqtisadiyyatında üçüncü böyük sahə olan aqrar sektor həm də işsizliyin aradan qaldırılmasında və əhalinin sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Eyni zamanda kənd təsərrüfatının inkişafı həm də ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində aparıcı rola malikdir. Bu baxımdan aqrar siyasətin prioritet olması təsadüfi deyil və dövlətin strateji maraqlarına xidmət edir.

4 ilə yaxın bir müddətdir ki, Qazaxda bütün sahələrlə yanaşı kənd təsərrüfatı sahəsi də uğurla inkişaf etdirilir. Bunu rayonda, eləcə də kəndlərdə kənd təsərrüfatı sahəsində olan mövcud vəziyyət və əldə olunan uğurlu göstəricilər əyani şəkildə sübut edir. Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi, məhsuldarlığın artırılması istiqamətində görülən məqsədyönlü işləri illər üzrə olan əkin sahələrindən də aydın şəkildə görmək olur.  Belə ki, 2016-cı ildə 16520,6 hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20682 hektarda, 2019-cu ildə isə 21476,3 hektarda əkin aparılmışdır. 2020-ci ildə isə 21594 hektarda əkin işlərinin aparılması nəzərdə tutulmuşdur.

İldən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri isə bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayon rəhbərliyinin bu sahəni daim diqqət mərkəzində saxlaması, icra başçısının tapşırığına əsasən hər il rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir. 2017-ci ildə 274,78 km məsafədə arx və kanallarda təmizlənmə işi aparılmışdır. Bunun da 153,99 km-i texnika, 120,79 km-i isə əl əməyi ilə həyata keçirilib. 2018-ci ildə 302,44 km arx və kanallarda təmizlik işləri görülmüşdür. 151,43 km-i texnika, 151,01 km-i isə əl əməyi ilə aparılıb. 2019-cu ildə də 153,49 km-i texnika, 149,74 km-i əl əməyi olmaqla 303,23 km məsafədə təmizlik işləri yerinə yetirilib. 2020-ci ilin əkin sahələrinin suvarılması məqsədilə 88,57 km-i texnika vasitəsilə, 198,03 km-i əl əməyi ilə olmaqla 286,6 km məsafədə arx və kanallarda təmizlik işlərinin aparılması nəzərdə tutulub. Bu sahədə görülən işlərin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, bu günə kimi 228,34 km məsafədə təmizlik işləri aparılıb. Bunun da 82,12 km-i texnika vasitəsilə, 146,22 km-i isə əl əməyi ilə təmizlənib.

Hazırda işlər sürətlə davam etdirilir. Belə ki, əkin sahələrinin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması üçün arxlarda aparılan təmizlik işlərinin vacibliyini nəzərə alan sakinlər bu işi ötən ildə olduğu kimi, bu il də optimal müddətdə başa çatdırmaq istəyirlər.










GOYEZEN.AZ



Facebook-da paylaş