• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda islahatlar müsbət nəticə verir

 

Respublika mətbuatı Qazax haqqında


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət  Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Dövlət Proqramında ölkədə qeyri-neft sektorunun, o cümlədən ənənəvi sahə olan tütünçülüyün inkişaf etdirilməsi vurğulanır.

Məlumdur ki, son illərdə gəlirli sahə sayılan tütünçülük demək olar ki tənəzzülə uğramışdı. Lakin yuxarıda qeyd olunan proqramdan sonra bu sahəyə dövlətin dəstəyi gücləndirildi, tütünçülük ildən-ilə daha sürətlə inkişaf etməyə başladı.

Respublikanın qərb qapısı sayılan Qazaxda son üç ildə rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin inkişafında ürəkaçan mənzərə ilə qarşılaşmaq olar.  Bir neçə il bundan öncə ölkənin hər yerində olduğu kimi Qazaxda da torpaq islahatı aparılaraq torpaqlar vətəndaşların mülkiyyətinə keçirildi. Lakin bu heç də yaxşı nəticə vermədi. Belə ki, müəyyən səbəblər üzündən minlərlə hektar əkinəyararlı münbit torpaqlar əkin dövriyyəsindən kənarda qaldı. O dövrdə əsasən texnika çatışmazlığı, ən başlıcası isə suvarma suyu ilə bağlı problem torpaqların başlı-başına qalmasına səbəb olmuşdur. Bunun üçün ölkədə bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi. Kənd təsərrüfatının inkişafı üçün respublika rəhbərliyinin tapşırığına əsasən dövlət büdcəsindən ayrılan subsidiyalar və digər tədbirlər nəticəsində bu sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Qazax rayonunda rayon rəhbərliyinin atdığı qətiyyətli addımlar nəticəsində aqrar sahənin əvvəlki şöhrəti özünə qaytarıldı. İndi Qazaxda vaxtilə boz səhralara çevrilmiş torpaqlardan əsər-əlamət qalmamışdır. Rayonda bir metr də olsun əkinəyararlı torpaq əkin dövriyyəsindən kənarda deyil. Rəqəmlərə nəzər saldıqda hər il məhsuldarlığın bir qədər də yüksəldiyinin şahidi olursan. Qazaxda cari ildə taxılçılıq və tütünçülüyün vəziyyəti ürəkaçandır. Cəbhə bölgəsinə ən yaxın məsafədə yerləşən düşmənin hər an atəşkəs rejimini pozmasına baxmayaraq sakinləri öz ata-baba yurdlarında yaşamağı hər yerdən üstün tutan Cəfərli kəndinə yollandıq. Qeyd etmək lazımdır ki, ötən il kəndə müasir standartlara cavab verən asfalt yol çəkilmişdir ki, bu da sakinlərin rayon mərkəzinə gediş-gəlişini asanlaşdırır, istehsal etdikləri kənd təsərrüfatı məhsullarını rayon bazarına, eləcə də respublikanın digər bölgələrinə tez çatdırılmasına zəmin yaradır. Sevindirici haldır ki, Qazaxın cəbhəyanı kəndlərinin hamısında həyat öz axarı ilə davam edir. Cəfərli kəndinə çatmamış tütün plantasiyaları diqqəti cəlb edir. Tütünün hazırki vəziyyətini gördükdə sahələrə yüksək aqrotexniki qulluğun göstərilməsi öz təsdiqini tapır. Burada çalışan insanlarla söhbət zamanı bildirdilər ki, suvarma zamanı su itkisini minimuma endirmək, eləcə də bitkinin su ilə normal qidalandırılması üçün çiləmə üsulundan istifadə olunmuşdur. Tütünün boyu bir qədər yüksəldikdən sonra isə suvarma ata-baba qaydası ilə arxlar vasitəsilə həyata keçirilmişdir. Hazırda sahələrdə tütün yığımının qızğın çağıdır. Dərilmiş tütün yarpaqları iplərə düzülür və qurudulur. Biz Cəfərli kəndində bu prosesin aparıldığı bir məkana yollandıq. Bir qrup kənd sakini ilə iş başında görüşdük. Cəfərli kənd sakini Aybəniz Məmmədova bildirdi ki, yaddan çıxmış bu sahənin yenidən bərpa olunması çox gözəl təşəbbüsdür. Bunun üçün Prezidentimizə təşəkkürümüzü bildiririk. Rayonumuzun başçısı da daim kəndimizə doğma münasibət bəsləyir, bütün sahələrlə yanaşı tütünçülüyün də inkişaf etdirilməsinə lazımi köməkliklər edir. Əvvəllər heç yerdə işləmirdim bu da dolanışığımızda çətinlik yaradırdı. İndi isə yaz açılandan payıza qədər həvəslə çalışırıq. Aldığımız əməkhaqqı ilə ailəmizin bütün xərclərini ödəyirik. Bununla bərabər şəxsi təsərrüfatımızı da inkişaf etdiririk. Nəticədə maddi rifah halımız ildən-ilə yüksəlir.

İş başında olan digər sakinlər Gülxanım Almazova, Səyyarə İsayeva və başqaları eyni fikri ifadə etdilər. Qazaxda tütün əkilən bütün kəndlərdə normal becərilmə aparılmışdır. Heç şübhəsiz ki, nəticə etibarı ilə cari ildə ötən ildəkindən çox məhsul proqnozlaşdırılır. Göründüyü kimi, tütünçülük əziyyətli sahə olsa da gəlirli sahədir. Ötən il rayonda 60 ha tütün əkildiyi halda cari ildə bu rəqəm 65-ə çatdırılmışdır.

 

Qazaxda taxılçılığın inkişafında da yüksək nailiyyətlər əldə olunmuşdur. Rayon üzrə 2018-ci ildə 12629 ha taxıl, o cümlədən 9102 ha buğda, 3527 ha arpa əkilib becərilmişdir. 9102 ha buğda sahəsindən 33309,5 ton məhsul əldə olunmuş, orta məhsuldarlıq 36,6 sentner, 3527 ha arpa sahəsindən 8676,7 ton, orta məhsuldarlıq 24,6 sentner olmuşdur. Cari ildə isə 12555 ha taxıl, o cümlədən 8305 ha buğda, 4250 ha arpa əkilib becərilmişdir. Sahələrə yüksək aqrotexniki qulluq göstərilmiş əkin və biçin optimal müddətdə başa çatdırılmışdır. Kənd təsərrüfatı texnikaları ilə bağlı heç bir problem yaşanmamışdır. 8305 ha buğda sahəsindən 31427,8 ton məhsul əldə olunmuş, orta məhsuldarlıq 37,8 sentner, 4250 ha arpa sahəsindən 10902,2 ton, orta məhsuldarlıq 25,65 sentner olmuşdur.

Rayonda yüksək məhsuldarlıq əldə edən kəndlərdən biri Daş Salahlı kəndidir. Kənddə 1131 ha buğda sahəsindən 4365,7 ton, orta məhsuldarlıq 38,6 sentner, 700 ha arpa sahəsindən 1799 ton məhsul əldə olunmuş hər ha-dan 25,7 sentner arpa əldə olunmuşdur. Demək olar ki, rayonun bütün yaşayış məntəqələrində əldə olunan məhsuldarlıq göstərilən rəqəmlərlə eynilik təşkil edir. Əminliklə qeyd etmək olar ki, növbəti təsərrüfat ilində Qazaxda daha yüksək nailiyyətlər əldə olunacaqdır.

Vəli VƏLİYEV,

"Respublika" qəzetinin bölgə müxbiri

21 avqust 2019-cu il


 



Facebook-da paylaş