Bu il Qazaxda 65 hektarda tütün əkilib
Son illər
Respublika Prezidenti İlham Əliyevin ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində
həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində bu sahədə uğurlu göstəricilər
əldə olunub. Neft sektoru ilə yanaşı qeyri-neft sektorunun, xüsusilə də kənd
təsərrüfatının inkişaf etdirilməsi ölkəmizdə əhalinin məşğulluğunun təmin
olunması baxımından da böyük əhəmiyyət kəsb edir. Respublikamızda bu sahənin
sürətlə inkişaf etməsində ölkə rəhbəri tərəfindən müxtəlif illərdə qəbul
olunmuş Dövlət Proqramları da mühüm rol oynayır. Son 3 ildir ki,
Qazax rayonunda da aqrar sektorun sürətlə inkişaf etdirilməsi, bu sahədə yüksək
göstəricilərin əldə olunması üçün məqsədyönlü işlər görülür. Bu gün rayonda ölkə rəhbəri İlham Əliyevin imzalamış
olduğu 10 avqust 2017-ci il tarixli Sərəncama əsasən qəbul edilmiş
"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci
illər üçün Dövlət Proqramı”ı uğurla icra olunur. Kənd
təsərrüfatında böyük potensiala malik, iqtisadi cəhətdən səmərəli olan, işçi qüvvəsi baxımından da böyük tələbatın olduğu bu
sahə həm də rayonda yeni iş yerlərinin açılması deməkdir. Bu il artıq dördüncü
ildir ki, Qazaxda iqtisadi cəhətdən gəlirli sahələrdən hesab olunan
tütün becərilir. 2016-cı ildə cəmi 10 hektarda tütün yetişdirən rayon sakinləri
2017-ci ildə bu rəqəmi 50 hektara çatdırmış, aqrotexniki tədbirləri vaxtında
həyata keçirməklə 80 tondan çox məhsul götürmüşlər. 2018-ci ildə isə tütünçülər
əkin sahələrini daha 10 hektar artıraraq 60 hektara çatdırmışlar. Həmin sahədən
toplanmış 98 tona yaxın qurudulmuş tütün "İlham-M” MMC-yə təhvil
verilmişdir. Cari ildə isə
Qazax rayonunun təsərrüfatlarında 65 hektar sahədə tütün əkilməsi nəzərdə
tutulurdu ki, artıq tütün əkini kampaniyası başa çatıb. Belə ki, rayonun Kəmərli,
Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı, Orta
Salahlı, Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli, Çaylı, Daş Salahlı,
Dəmirçilər, Alpout, Fərəhli kəndlərində
tütün şitilləri sahələrə küçürülüb. Əkinlə yanaşı, suvarma da vaxtlı-vaxtında
həyata keçirilir. Bütün aqrotexniki qaydalara əməl olunur. Hazırda cari təsərrüfat ilində rayonda tütün əkini və becərilməsi işlərinə
250-dən çox işçi cəlb olunub. GOYEZEN.AZ
Facebook-da paylaş