• Təqvim

  • Unutma

  • Maraq



Qazaxda tütünçülük və baramaçılığa maraq artır

Respublika mətbuatı Qazax haqqında


Dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları ilə respublikada aqrar sahənin inkişafı təmin olunmuşdur. Fermerlərə yaradılan münbit şərait, dövlət tərəfindən verilən subsidiyalar ilbəil kənd təsərrüfatı məhsullarının istehsalında dinamik artıma zəmin yaradır. Bu da öz növbəsində insanların maddi rifah halının yaxşılaşmasına şərait yaradır. Azərbaycan üçün ənənəvi sayılan lakin, müəyyən səbəblər üzündən yaddan çıxmış gəlirli sahə sayılan baramaçılıq və tütünçülüyün miqyası hər il bir qədər də genişlənir.

Qazax rayonunda bu sahələrin hazırki durumu ilə maraqlandıq. Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə, o cümlədən baramaçılığa və tütünçülüyə insanların böyük marağı vardır. Hazırda rayonda barama qurdu bəslənməsinin qızğın çağıdır. Sevindirici haldır ki, ötən illərlə müqayisədə kümçülərə daha çox barama qurdu paylanmışdır. 2016-cı ildə kümçülər 1502 kq yaş barama təhvil verdikləri halda 2017-ci ildə bu rəqəm 4623 kq, 2018-ci ildə isə 6260 kq yaş barama istehsal olunaraq Şəki şəhərində "Azəripək” ASC-yə təhvil verilmişdir. 2019-cu ildə kümçülər 8000 kq yaş barama təhvil verməyi qarşılarına məqsəd qoymuşlar. Hədəfə çatmaq üçün rayon rəhbərliyinin çox ciddi nəzarəti altında ipəkqurdunun normal bəslənməsi üçün bütün lazımi tədbirlər həyata keçirilmişdir. Kümçülər qeyd etdilər ki, qısa müddət ərzində normal gəlirin əldə olunması baramaçılığa marağı daha da artırır.

Qazax şəhər sakini kümçü Əliyev Şahin 2018-ci ildə 4 qutu barama yetişdirərək 326 kq yaş barama təhvil vermiş, ümumilikdə 2934 manat qazanc əldə etmişdir. Göstərilən məbləğin 1630 manatı dövlət tərəfindən subsidiya şəkilində ödənilmişdir.

Alpout kənd sakini Emil Qurbanov bildirdi ki, bu çox gəlirli sahə olduğundan ötən il 5 qutu barama qurdu yetişdirərək 376 kq yaş barama əldə etmiş, subsidiya ilə birlikdə 3384 manat gəlir əldə etmişdir. O, öz adından və ailə üzvləri adından ölkəmiz üçün ənənəvi sahə sayılan ipəkçiliyin əvvəlki şöhrətini qaytardığı üçün ölkə Prezidentinə minnətdarlığını ifadə etdi. Eyni zamanda Qazax rayon rəhbərliyinə kümçülərə göstərilən hərtərəfli köməyi yüksək qiymətləndirdi.

Rayonun Cəfərli kənd sakini Mustafayev Şahin ötən il 5 qutu, cari ildə isə 8 qutu barama qurdu yetişdirir. Rayonun inkişaf etmiş kəndlərindən olan Daş Salahlı kənd sakini Tapdıq Aslanov 2018-ci ildə 8 qutu barama qurdu yetişdirərək 470 kq yaş barama əldə etmiş, cari ildə isə 12 qutu barama qurdu bəsləyir. Ötən il onun xalis gəliri 4230 manat olmuşdur. Göründüyü kimi, vətəndaşların maddi rifah halının yaxşılaşmasına xidmət edən baramaçılığın inkişafı diqqət mərkəzində saxlanılır.

Qazaxda tütünçülüyün inkişafı da prioritet sahə kimi diqqət mərkəzində saxlanılır. Tütünçülük gəlirli sahə olmaqla bərabər, insanların işlə təminatında da mühüm əhəmiyyət kəsb edir. Artıq 4 ildir ki, tütün əkilib becərilməsi uğurla həyata keçirilir. Əkin sahələri hər il bir qədər də artırılır. Göstərilən düzgün aqrotexniki qulluğun nəticəsində məhsul istehsalında ildən-ilə artım müşahidə olunur. 2016-cı ildə cəmi 10 ha sahədə tütün əkilmişdir. 2017-ci ildə bundan 5 dəfə çox 50 ha-da tütün əkilib becərilmiş, 80 tondan artıq məhsul əldə olunmuşdur. Ötən ildə isə əkin sahəsi genişləndirilərək 60 ha-a çatdırılmış, 98000 tona yaxın quru tütün istehsal olunaraq "İlham-M” MMC-yə təhvil verilmişdir. Cari ildə Qazaxda müxtəlif təsərrüfatlarda 65 ha-da tütün şitilləri əkilir. Qeyd etmək lazımdır ki, şitillər rayonun müxtəlif təsərrüfatlarında becərilir. Aparılan düzgün aqrotexniki qulluq, vaxtlı-vaxtında suvarma suyu ilə təminat, eləcə də müxtəlif mineral gübrələrdən istifadə olunması bu sahədə də yüksək məhsuldarlığa nail olunacağından xəbər verir.


                                                                                                                      Vəli VƏLİYEV,

                                                              "Respublikaqəzetinin bölgə müxbiri

26 may 2019-cu il



Facebook-da paylaş