Qazaxda payızlıq əkin üçün şum aparılır
Son illər Azərbaycanda
iqtisadiyyatın qeyri-neft sektorunda böyük çəkiyə mailk olan kənd təsərrüfatı
sürətlə inkişaf edir. Ölkənin artan inkişaf göstəriciləri arasında kənd təsərrüfatının
xüsusi çəkisinin olması təsadüfi deyil. Dövlət əhalinin ərzağa olan daxili tələbatını
əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün regionlarda
infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi
istiqamətində mühüm islahatlar reallaşdırır və bu proses uğurla davam edir.
Çünki ölkə iqtisadiyyatında kənd təsərrüfatı neft və tikinti sahələrindən sonra
üçüncü ən iri sahə olmaqla iş yerləri ilə təminatda da böyük pay sahibidir.
Respublika Prezidenti İlham
Əliyev tərəfindən kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə verilən
tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax
rayonunda da uğurla həyata keçirilir. Bu məqsədlə rayonda əkin sahələri ildən-ilə
genişləndirilir, yeni kənd təsərrüfatı bitkiləri əkilir.
Əkin sahələrinin ildən-ilə genişləndirilməsinin
nəticəsidir ki, 2016-cı ildə 16520,6
hektarda, 2017-ci ildə 18694,37 hektarda, 2018-ci ildə 20633 hektarda əkin
aparılmışdır. 2016-cı illə 2017-ci ili müqayisə edərkən yaranan fərq 2173,77
hektar, 2017-ci illə 2018-ci ili müayisə etdikdə isə bu rəqəm 1938,63 hektar
olmuşdur. 2019-cu ildə isə 21476,30 hektarda əkin işlərinin aparılması nəzərdə
tutulmuşdur. Əgər 2019-cu ili 2018-ci illə müqayisə etsək görərik ki, 843,3
hektar artırılaraq ümumi əkin sahəsi 21476,30 hektara çatdırılmışdır.
Hazırda rayonda gələn ilin məhsulu
üçün bünövrə qoyulur, bol məhsul götürməkdən ötrü möhkəm zəmin yaradılır.
Havaların əlverişli keçməsi kənd təsərrüfatı işlərinin daha sürətlə
aparılmasına təkan vermişdir. Ona görə də rayon üzrə bütün əkinə yararlı sahələrdə
şumlama işləri görülür. Bunun üçün kifayət qədər maşın və mexanizm, traktorlar
ayrılmışdır. Əvvəlcədən görülən tədbirlərin nəticəsidir ki, hər gün sahələr
şumlanır, əkin aparılması üçün hazırlanır.
Bu il əkin sahələri daha da
artdığından gün ərzində nəzərdə tutulduğundan xeyli çox sahədə şum qaldırılır. Hazırda əkin sahələrində 51
texnika işləyir. Gün ərzində 190 hektarda şum aparan traktorçular 6807 hektarda
şum işlərini başa çatdırıblar.
Əkin işlərinin aqrotexniki
qaydalarla həyata keçirilməsinə rayondakı mütəxəssislər tərəfindən nəzarət
olunur. Şumlama
işlərinin optimal müddətdə aparılması isə mühüm əhəmiyyət daşıyır və gələcəkdə
yüksək məhsulun təməlinin qoyulması deməkdir. GOYEZEN.AZ
Facebook-da paylaş