• Təqvim

  • Unutma

  • Maraq



Qazax baramaçıları yaxşı göstəriciyə nail olublar

RESPUBLİKA MƏTBUATI QAZAX HAQQINDA


Qazax baramaçıları yaxşı göstəriciyə nail olublar
Baramaçılığın inkişafına göstərilən dövlət dəstəyi insanlarda bu sahəyə marağı xeyli artırmışdır. İstehsal etdiyi baramanın bir kiloqramını 4 manata satan kümçü hər kiloqram üçün də 5 manat subsidiya alır.

Götürək Qazax rayonunu. Cəmi üç ildir ki, baramaçılıqla məşğul olan rayon sakinləri 2016-cı ildə 1502 kiloqram, 2017-ci ildə 4623 kiloqram, bu il 6260 kiloqram barama istehsal etmişlər. Rayonda elə kümçülər var ki, çox yaxşı göstəriciyə nail olmuşlar. Məsələn, Alpout kəndinin sakini Emil Qurbanov bu il 109 qram ipəkqurdu bəsləyərək 376 kiloqram barama istehsal etmişdir. Söhbət zamanı Emil Qurbanov dedi ki, dövlət bizə dəstək olmaqla yanaşı, istehsal etdiyimiz məhsula görə əlavə subsidiya da ödəyir. Məhsulumuz da yerdə qalmır. Şəki İpək Kombinatı elə rayon mərkəzində qəbul məntəqəsi açaraq baramanı alıb, pulumuzu ödəyir.

Qazaxda Emil Qurbanov kimi baramaçılığa maraq göstərənlər çoxdur. Xanlıqlar kəndinin sakini Xasay Balayev həmkəndlisi Fərmayıl Rzayevlə birlikdə bu il 170 qram baramaqurdu götürərək 406 kiloqram, Kosalar kəndinin sakini Ramiz Əsədov həmkəndlisi Şahin Əliyevlə birlikdə 388 kiloqram barama istehsal etmişlər. Dəmirçilər kəndinin sakini Afiq Yusifov 424 kiloqram, Aslanbəyli kəndinin sakini Kommunalı Nəsibov 457,5 kiloqram, Hüseynbəyli kəndinin sakini Nazim Məmmədov 432,8 kiloqram barama təhvil vermişlər.

Onu da qeyd edək ki, əhalinin gəlirlərinin artmasında böyük əhəmiyyət daşıyan baramaçılığın inkişaf etdirilməsi üçün rayonda geniş tədbirlər planı hazırlanıb təsdiq edilmişdir. Həmin plana uyğun olaraq baramaçılıqda vacib məsələ olan tut bağlarının salınması davam etdirilir. Bu məqsədlə 2016-2017-ci illərdə rayonun 16 yaşayış məntəqəsində Çindən gətirilmiş 23 min ədəd məhsuldar tut tingləri əkilmiş, 11 min 800 ədəddən ibarət yerli tut bağı salınmışdır. Doğrudur, hələlik həmin ağaclardan istifadə edilmir. Lakin yaxın bir neçə ildən sonra bu tut ağacları imkan verəcəkdir ki, rayonda baramaçılıqda daha böyük nailiyyətlər qazanılsın.

Sabir ƏLİYEV,
“Azərbaycan” qəzeti
27 iyul 2018-ci il



Facebook-da paylaş