• Təqvim

  • Unutma

  • Maraq



Şəhid hərbiçilərimizin medalları ailə üzvlərinə təqdim olunmuşdur

Şəhid hərbiçilərimizin medalları ailə üzvlərinə təqdim olunmuşdur
Qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına ölümündən sonra medallar təqdim olunmuşdur. Rayonumuzda bu münasibətlə medalların təqdim olunma mərasimi keçirilmişdir. Tədbirdə şəhidlərin ailə üzvləri, hərbiçi yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, rayon İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak etmişdir İlk öncə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Qazax rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışmışdır. Bildirmişdir ki, dörd günlük savaşda düşmən Ordumuzun qüdrəti qarşısında vahiməyə düşdü. İşğalçı ermənilər bir daha əmin oldular ki, Azərbaycanın güclü ordusu var və Azərbaycan əsgəri qələbə qazanmaq əzmindədir. Azərbaycan xalqı öz torpaqlarını heç zaman güzəştə getməyəcəkdir.

Polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbani tədbirdə çıxış edərək şəhidlərin göstərdiyi qəhrəmanlıqlardan, ordumuzun cəbhədəki uğurlarından danışmışdır. Qeyd etmişdir ki, Azərbaycan Ordusunun qüdrəti, gənclərimizin Vətən sevgisi, əsgərlərimizin döyüşlərdəki şücaəti, Silahlı Qüvvələrimizin gücü, xalq və ordu birliyi sayəsində işğal altındakı bütün torpaqlarımız tezliklə azad olunacaqdır. Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan silahlı qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığını, qəhrəmanlarımızın qanının yerdə qalmayacağını bildirmişdir.

Şəhid hərbiçilərimizin medalları ailə üzvlərinə təqdim olunmuşdur
Tədbirdə şəhidlərimizin döyüş yoluna nəzər salanlar onların əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı hərbiçi olduqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühüd Orucov, Elvin Namazov və Orxan Əliyev də heç zaman unudulmayacaq, onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Şəhid hərbiçilərimizin medalları ailə üzvlərinə təqdim olunmuşdur
Tədbirdə “Bayraqtəpə qartalları” adlı sənədli film nümayiş olunmuşdur.
Kapitan Orucov Mühüd Qurban oğlu “İgidliyə görə”, baş leytenant Namazov Elvin Məmməd oğlu “Vətən uğrunda” və Əliyev Orxan Məhəmməd oğlu isə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunmuşlar.


Mərasimin sonunda rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov şəhidlərin təltif olunduqları medalları onların ailə üzvlərinə təqdim etmişdir.
Şəhid hərbiçilərimizin medalları ailə üzvlərinə təqdim olunmuşdur

Elçin İSMAYIL


Facebook-da paylaş