Əsas Səhifə > Qazax respublika mətbuatında > Qazaxda mövcud imkanlardan səmərəli istifadə olunur

Qazaxda mövcud imkanlardan səmərəli istifadə olunur


29-04-2017, 20:49
Qazaxda mövcud imkanlardan səmərəli istifadə olunur
2016-cı ili uğurla yola salan qazaxlılar cari ildə daha böyük uğurlara imza atmaq əzmindədirlər. Xüsusilə kənd təsərrüfatında böyük canlanma var. Sübh tezdən sahələrə çıxan kənd camaatı bol məhsul yetişdirmək üçün yorulmaq bilmədən çalışır.
Onlar ölkə başçısının sədrliyi ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının I respublika müşavirəsində qarşıya qoyulan vəzifələri yerinə yetirmək və qarşıya qoyulmuş hədəflərə çatmaq üçün bütün qüvvələrini səfərbərliyə almışlar.
Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov deyir ki, əsasən kənd təsərrüfatı rayonu olan Qazaxda son illər bu sahə sürətlə inkişaf edir: "Keçən ili yüksək göstəricilərlə yola salan fermerlər, cari ilin yaz-tarla işlərinə də uğurla başlamışlar. 2017-ci ilin məhsulu üçün 10882,6 hektar sahədə taxıl səpilmişdir ki, bunun da 72,6 hektarı cari ilin birinci rübündə aparılmışdır. Kartof üçün nəzərdə tutulmuş 800 hektar ərazidən 616,37, qarğıdalı üçün nəzərdə tutulmuş 422 hektar ərazidən 170,3, şəkər çuğunduru üçün nəzərdə tutulan 500 hektar ərazidən 370,75 hektarında səpin aparılmışdır. Bundan başqa, 29,8 hektar vələmir, 8 hektar günəbaxan, 32,1 hektar tərəvəz, 70,3 hektar sorqo, 539,7 hektar yonca, 5,7 hektar paxlalı bitkilər səpilmişdir. Hazırda səpin davam edir”.
Rayonda tütünçülüyün və baramaçılığın inkişafı istiqamətində də tədbirlər həyata keçirilir. Belə ki, tütün əkiləcək 50 hektar sahədə şum aparılmış, 14 nəfər tütün istehsalçısı quru tütünün təhvil verilməsi üçün "İlham-M” MMC ilə müqavilə bağlamışdır. Barama istehsalının da bu il artırılması üçün tədbirlər görülür. Qərara alınmışdır ki, cari il keçən ilkindən iki dəfə çox - 5 min 500 kiloqram barama təhvil verilsin. Bunun üçün yem bazası da yaradılmışdır. Belə ki, Çindən gətirilmiş 2 min tut tingi əkilmişdir.
Rayonda heyvandarlıq da inkişaf edir. Heyvandarlar əsasən intensiv texnologiyalardan istifadə edirlər. Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədilə daha çox süni mayalanmaya üstünlük verən fermerlər bu sahədə uğurlu göstəricilər əldə edir. Təkcə keçən il süni yolla mayalandırılmış ana inəklərdən 71 baş buzov alınmışdır. Doğulmuş hər buzova görə isə dövlət tərəfindən 100 manat subsidiya ödənmişdir. Heyvandarlıq sahəsində həyata keçirilən tədbirlərin nəticəsidir ki, ət və süd istehsalının həcmi dinamik şəkildə artır. Məsələn, keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 3 ton artaraq 1390, süd istehsalı 1 ton artaraq 7 min 600 tona çatmışdır.
Son illər rayonda çox sayda sənaye profilli müəssisələr açılır. Hazırda "Mətanət-A” şirkəti tərəfindən Daş Salahlı kəndində illik gücü 50 min ton olan yeni zavod və "Carçıoğlu” MMC tərəfindən Xanlıqlar kəndində 2 yeni əhəng istehsalı müəssisəsi tikilir. Ümumilikdə hər iki müəssisədə təxminən 450 yeni iş yerinin açılması gözlənilir.
Rayon mərkəzi ilə yanaşı, kənd və qəsəbələrdə aparılan abadlıq və quruculuq işlərinin həcmi də artır. Bu ilin yanvar ayında Qazaxbəyli kəndində məcburi köçkünlər üçün salınmış qəsəbədə yeni körpələr evi-uşaq bağçası istifadəyə verilmişdir. Bundan əlavə, Qazax şəhərinin mərkəzində yerləşən "Ədəbiyyat Muzeyi”ndə əsaslı təmir işləri görülmüş, küçə və prospektlərə tamet döşənmiş, "Fəxri qazaxlılar” parkı və Şəhidlərin abidə kompleksi tamamilə yenidən qurulmuş, xalq şairi Səməd Vurğunun adını daşıyan parkda təmir işləri aparılmışdır.
Hazırda rayon mərkəzi xəstəxanası üçün yeni binanın tikintisində, eləcə də Məzəm və Quşçu Ayrım kəndləri sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş-gəlişini təmin etmək üçün Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi davam etdirilir.
Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
29 aprel 2017-ci il

Geri qayıt