• Təqvim

  • Unutma

  • Maraq



Qazax taxılçıları bu il qazandıqları nailiyyəti son hədd hesab etmirlər

Qazax taxılçıları bu il qazandıqları nailiyyəti son hədd hesab etmirlər
Bu il Qazaxda kənd təsərrüfatının digər sahələri kimi, taxılçılıqda da yüksək göstəricilərə nail olundu. Prezident İlham Əliyevin taxılçılığın inkişafı ilə bağlı verdiyi tapşırıq və tövsiyələri əldə rəhbər tutan rayon sakinləri zəmilərdən keçən ilə nisbətən daha çox məhsul götürdülər. Lakin əldə olunan müvəffəqiyyət rayon taxılçılarını heç də arxayınlaşdırmamışdır.

İndi əkin sahələrində gələn ilin bol məhsulu üçün zəmin yaradılır. Görülən işlərin gedişi ilə bağlı keçirilən ümumrayon müşavirəsində bu barədə ətraflı söhbət getmiş, geniş müzakirələr aparılmışdır.

Taxılçılıqla məşğul olan fermerlərin, kənd icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, taxılçılığın inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərən işçi qrupunun üzvlərinin, idarə və təşkilat rəhbərlərinin, eləcə də bu sahə ilə bağlı aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər taxılçılıqda əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.

Qeyd edilmişdir ki, dövlət başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə respublikamızda aqrar sahənin inkişafında yeni mərhələ başlamışdır. Əsas diqqət kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişafına nail olunmasına, yerlərdə potensial imkanlardan maksimum istifadə edilməsinə, ixracyönümlü məhsulların istehsalına diqqətin artırılmasına və beləliklə, qeyri-neft sektorunun inkişafına nail olunmaqla əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir.

Hazırda rayon ərazisində ümumi əkin sahəsi 21180 hektardır. 2016-cı ildə 16518,6 hektar sahədə əkin aparılmışdısa, 2017-ci ildə bu rəqəm 19500 hektara çatdırılmışdır. Bu da əvvəlki illə müqayisədə 3000 hektar çoxdur. Əgər 2016-cı ildə 7820 hektar taxıl sahəsindən 23750,2 ton, 5559 hektar buğda sahəsindən 18830 ton məhsul götürülmüşdüsə, 2017-ci ildə 11039,8 hektar taxıl sahəsindən 36469 ton məhsul istehsal edilməklə daha yüksək göstəriciyə nail olunmuşdur. Hər hektardan məhsuldarlıq yüksələrək 36 sentnerə çatmışdır.

Qazanılan bu uğurlar bir sıra amillərlə əsaslandırılmışdır. Qeyd edilmişdir ki, yüksək reproduksiyalı toxumlardan istifadə olunması və məhsulun becərilməsi zamanı bütün aqrotexniki qaydalara əməl edilməsi nəticəsində bol taxıl məhsulu əldə edilmişdir. Təkcə 2017-ci ildə rayona 1481 ton müxtəlif növ mineral gübrələr gətirilərək güzəştli qiymətlərlə istehsalçılara satılmışdır. Biçində 55 kombayndan istifadə edilmiş, texnikalar vaxtında təmir edilərək saz vəziyyətə gətirilmişdir. Gələn ilin bol taxıl məhsulu üçün isə əkiləcək sahələrə 2160 tondan artıq müxtəlif növ mineral gübrələr sifariş verilmişdir.

Rayon ərazisində 3458 hektar sahədə gələn ilin məhsulu üçün şum aparılmışdır. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 208 hektar çoxdur. Lakin hava şəraiti ilə əlaqədar payızlıq bitkilərin əkin sahələrinin şumlanmasında gecikmələr var.

Müşavirədə deyilmişdir ki, yüksək keyfiyyətli bol məhsul əldə etmək üçün keyfiyyətli toxumlardan istifadə edilməlidir. Hazırda həmin toxumların rayona gətirilməsi istiqamətində işlər aparılır. Bundan başqa, rayonda fəaliyyət göstərən 2 toxumçuluq təsərrüfatında istehsal edilən toxumlardan da istifadə olunacaq.

Bol su bol məhsul deməkdir. Odur ki, rayonun suvarma sisteminin işlək vəziyyətdə olması daim diqqət mərkəzində saxlanılır. Bu məqsədlə cari ildə rayon ərazisində 275 kilometr suvarma arxlarında təmizləmə işləri aparılmışdır ki, bundan da 155 kilometri texnikanın gücü ilə həyata keçirilmişdir. Fərəhli kəndində 200 hektar əkin sahəsinin suvarılması məqsədilə yeni suvarma şəbəkəsi yaradılmışdır. Suvarma sistemində təmizləmə işləri davam etdirilir. İşçi qrupun üzvləri tez-tez sahələrdə olur, işlərin gedişi ilə maraqlanırlar.

Son illər respublikamızda kənd təsərrüfatı məhsullarının istehsalında daha böyük artıma nail olunması məqsədilə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilmiş, su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini və vətəndaşların müraciətlərini nəzərə alan Prezident İlham Əliyevin 5 iyun 2017-ci il tarixli sərəncamına əsasən 36 şəhər və rayonun 136 yaşayış məntəqəsində 150 subartezian quyusunun layihələndirilməsi və qazılması nəzərdə tutulmuşdur. Sevindirici haldır ki, bunlardan 6-sı bu il Qazax rayonunun Birinci Şıxlı, Çaylı, Alpout, Canalı və Hüseynbəyli kəndlərində qazılacaq. Bundan başqa, gələn il rayon ərazisində suya ehtiyacı olan yaşayış məntəqələrində 11 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur.

Müşavirədə rayon kənd təsərrüfatı idarəsinin rəisi Həmid Pənahov, "Birinci Şıxlı” kəndli fermer təsərrüfatının rəhbərinin müavini Şəfiqə Vəliyeva, Qazax "Aqroservis” ASC-nin direktoru Vilayət Məmmədov, rayon bitki mühafizə mərkəzinin rəisi Əli Mustafayev, qocaman aqronom Osman Mustafayev, toxumçuluq təsərrüfatının rəhbəri Asif Yusifov və başqaları çıxış edərək cari təsərrüfat ilinin yekunları, qazanılan uğurlar və qarşıda duran vəzifələrlə bağlı fikirlərini səsləndirmişlər. Bildirmişlər ki, bu ilki göstəricilər Qazax taxılçılarını qətiyyən arxayınlaşdırmır. Onlar gələn il daha yüksək nailiyyətlər qazanmaq üçün əllərindən gələni əsirgəməyəcəklər.

Sabir ƏLİYEV,
"Azərbaycan” qəzeti
10 oktyabr 2017-ci il



Facebook-da paylaş