Əsas Səhifə > İdman > Qazaxda cüdo üzrə region birinciliyi keçirilib

Qazaxda cüdo üzrə region birinciliyi keçirilib


25-10-2018, 09:30


Qazaxda Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə 2005-2006 və 2002-2004-cü il təvəllüdlü yeniyetmələr arasında cüdo üzrə region birinciliyi keçirilib.

23-24 oktyabr 2018-ci il tarixlərdə Qazax Olimpiya İdman Kompleksində keçirilən region birinciliyinə Qazax, Ağstafa, Tovuz, Qovlar, Şəmkir, Göygöl, Samux rayonları və Gəncə şəhərindən olan cüdoçular qatılıb. Yarışda 8 rayondan 350 nəfərdən çox idmançı qələbə uğrunda mübarizə aparıb.

23 oktyabrda baş tutan yarışın təntənəli açılış mərasimində Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, rəis müavini Sahib Namazov, Azərbaycan Cüdo Federasiyasının Regionlarda İnkişaf sektorunun müdiri Tərlan Poladov, yarışların təşkilat komitəsinin üzvü Ceyhun Kələntərov, 2008-ci il Pekin Olimpiya Oyunlarının bürünc mükafatçısı və Azərbaycan Cüdo Federasiyasının Qərb regionunun rəhbəri Mövlud Mirəliyev çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, iqtisadi inkişaf tempinə görə regionun lider dövlətinə, bir çox nüfuzlu beynəlxalq tədbirlərin məkanına çevrilən Azərbaycan, həm də dünyada idman ölkəsi kimi tanınır. Son illər ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğı bunu söyləməyə əsas verir. Beynəlxalq yarışlarda idmançılarımızın qazandıqları saysız-hesabsız medallar isə göstərilən qayğının əyani sübutudur.

Bildirilib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən digər sahələr kimi, idman sahəsi də dövlətin prioritet hesab etdiyi istiqamətlərdəndir. İdmançılarımızın beynəlxalq və respublika əhəmiyyətli yarışlarda iştirakının yüksək səviyyədə təmin olunması, mütəmadi olaraq gənclər və yeniyetmələr arasında yarışların keçirilməsi bu sahənin daim diqqət mərkəzində olması deməkdir. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yeniyetmələr arasında cüdo üzrə region birinciliyi də bunun bariz nümunəsidir.

2 gün davam edən yarışın yekununda qalib və mükafatçılar Azərbaycan Cüdo Federasiyasının müvafiq diplom və medalları ilə təltif olunublar.



















GOYEZEN.AZ

 


Geri qayıt