Pəhləvanımızın növbəti uğuru » Göyəzən internet portalı


Pəhləvanımızın növbəti uğuru

Pəhləvanımızın növbəti uğuru
Azərbaycan Respublikası bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Təbii ki, idman sahəsi də diqqət və qayğıdan kənarda deyil. Bu qayğı və şəxsən dövlət başçısı İlham Əliyevin diqqəti idmançıları yeni qələbələrə səsləyir. İdmançılarımızın qazandıqları medallar, əldə etdikləri nailiyyətlər sayəsində artıq Azərbaycan beynəlxalq miqyasda güclü idman ölkəsi kimi tanınır.

Hər zaman sazın, sözün beşiyi sayılan, Azərbaycan ədəbiyyatına tarixi şəxsiyyətlər, söz ustadları bəxş edən Qazax artıq öz adını tarixə qızıl hərflərlə yazıb. Həmçinin bu gün rayonumuz idman sahəsində də öz sözünü deyib. Belə ki, Qazax idmançılarının adı əldə etdikləri nailiyyətlərlə həmişə qaliblər sırasında çəkilib.

İdmançılarımız dəfələrlə dünya miqyaslı yarışlarda Azərbaycanın üçrəngli bayrağını zirvələrdə dalğalandırıb, Dövlət Himnimizi səsləndiriblər.
Müntəzəm olaraq beynəlxalq arenalarda uğur qazanan idmançılarımızdan biri də İsrafil Məmmədovdur. Əldə etdiyi uğurlarla ölkəmizi layiqincə təmsil edən, dövlətimizə şərəf gətirən İ.Məmmədov bu sahədə özünü təsdiq etmiş idmançılarımızdandır.

O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində ədliyyə kapitanı vəzifəsində çalışmasına baxmayaraq idmandan heç zaman ayrılmayır. Daim bu sahə ilə məşğul olur, öz üzərində çalışır və beynəlxalq yarışlara hazırlaşır. Gərgin əməyi nəticəsində hər zaman uğur qazanan idmançımız rayonumuzun adını respublika birinciləri sırasına yazdırıb. O, əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Əməkdar İdman Ustası adını da alıb.

Bu gün İsrafil Məmmədov ağır atletika idman növünün üçnövçülük üzrə 39 dəfə Azərbaycan, 4 qat Avropa, 4 qat dünya çempionudur. O, həm də dünya rekordçusudur.

İ.Məmmədov müxtəlif tədbirlərdə, el şənliklərində göstərdiyi idman nömrələrinə, çıxışlarına, həmçinin yarışlarda qazandığı nailiyyətlərə görə Azərbaycan Respublikasının Xalq Pəhləvanı adına da layiq görülüb. O, Rusiya Federasiyasının Soçi şəhərində keçirilən pauerliftinq və benç-press idman növləri üzrə Avroasiya çempionatında da respublikamızın, eləcə də rayonumuzun adını ucaldıb. İdmançımız bu yarışda 2 qızıl medal qazanıb.

Həmyerlimiz İ.Məmmədov daha bir növbəti uğura imza atıb. Belə ki, o, 5-9 sentyabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçirilən yarışda dünya kubokunun qalibi olub. İdmanın pauerliftinq və benç-press növləri üzrə 140+ kq çəki dərəcəsində yarışan həmyerlimiz bütün rəqiblərinə qalib gələrək rayonumuzun adını ucaldıb.

Ən əsası isə İsrafil Məmmədov erməni idmançısı Aşot Nazaryana qalib gələrək Vətənə idman sahəsində öz borcunu layiqincə yerinə yetirib.
Bütün idmansevərlər adından İsrafil Məmmədova bundan sonra iştirak etdiyi yarışlarda da yüksək nəticələr əldə etməsini arzu edirik.


Facebook-da paylaş