“İdmana Azərbaycandakı kimi qayğı nadir ölkələrdə müşahidə edilir” » Göyəzən internet portalı
  • Təqvim

    «    Avqust 2017    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
  • Unutma

  • Maraq



“İdmana Azərbaycandakı kimi qayğı nadir ölkələrdə müşahidə edilir”

“İdmana Azərbaycandakı kimi qayğı nadir ölkələrdə müşahidə edilir”
Bu günlər Azərbaycanda bütün müsəlman dünyasını əhatə edən və öz kütləviliyi ilə seçilən beynəlxalq idman yarışı keçirilir. İslam Oyunlarının əhəmiyyəti, idmançılarımızın təmsilçiliyi barədə Kikboksinq Federasiyasının vitse-prezidenti, eyni zamanda, “Avey” idman klubunun prezidenti Arzuman Əbdülkərimovla söhbət etdik:

– Arzuman müəllim, müsəlman aləmini əhatə edən mötəbər İslam Oyunlarına start verilib. Məkan olaraq məhz Azərbaycanın seçilməsi barədə nə deyə bilərsiniz?


– Əslində, bu kimi böyük tədbirlərin ölkəmizə ayaq açması dövlət başçısı İlham Əliyevin prezidentlik dönəmində idman siyasəti aparmasından sonra başladı. Bizim ölkəmiz məhz bu siyasətin sayəsində həm də mühüm beynəlxalq idman yarışlarının məkanına çevrildi. 2015-ci ildə birinci Avropa Oyunlarını keçirməklə adımızı ilk olaraq tarixə yazdıra bildik. “Bakı-2015”-dən sonra dünyada çox məşhur “Formula-1” yarışları da Bakıda təşkil olundu. Bütün bunlar yüksək təşkilatçılıq məharətinin məntiqi davamı idi. Bu məsələdə mən xüsusilə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın misilsiz əməyini qeyd etmək istərdim. Bir məsələni də diqqətinizə çatdırım ki, İslam Oyunlarının hətta birinci Avropa Oyunlarından da təmtəraqlı olacağını düşünürəm. Çünki, Azərbaycan həm də İslam aləminin tərkib hissəsidir. Bu baxımdan qarşıdakı 10 günlük yarışlarda müsəlman dünyasının mərkəzi kimi çıxış etməsi Azərbaycan üçün əlavə status qazandıracaq. Bu, həm də Avropa və Asiyanın qovuşuğunda yerləşən Vətənimizin dünyaya daha bir sülh mesajı olacaqdır. Azərbaycan Avropanın elmi-mədəni mühitinə inteqrasiya siyasətində İslam aləminin layiqli təmsilçisi kimi çıxış etdiyini sübut edəcək.

– İdmançılarımızdan hansı uğurları gözləyirsiniz?

– Ümumiyyətlə, təkbətək mübarizələrdə nəinki müsəlman aləmi, bütövlükdə Şərq ölkələri hər zaman fərqlənirlər. Bu, məncə, bir mental xüsusiyyət kimi qəbul edilməldir.Yaxud da bu Şərq arealının insanlarının fiziki güc və enerji çoxluğu məsələsidir. Bu, eyni zamanda, bir həvəs məsələsidir. Görünür, Şərq insanı, xüsusilə müsəlman ölkələrinin idmançıları təkbətək döyüş növlərinə, komanda idman növlərindən daha çox maraq göstərirlər. Bu baxımdan, Azərbaycan komandası ilə bağlı proqnozlarım nikbindir.

– “Avey” idman klubunun fəaliyyəti barədə məlumat verərdiniz...

– Klub artıq bir neçə ildir yaradılıb. Buna qədər “Olimp” adı ilə Qazaxda fəaliyyət göstərib. Biz bu idman klubunu ilk olaraq Qazaxda yaratdıq. Ona görə də, adımızı dəyişməyi məsləhət bildik. Avey dağı Qazaxda yerləşən əzəmətli zirvədir. İdman klubunun həm Olimpiya, həm də qeyri-olimpiya idman növləri üzrə bölmələri var və bu sahələrin daha, təkmilləşməsi üçün gərgin iş aparırıq. Onu da qeyd etməliyəm ki, Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyi bizə bu məsələdə çox dəstək verdi. Lakin hazırda klubumuz artıq regional çərçivədən çıxır və biz ümumrespublika səviyyəli bir kluba çevrilirik.

– Rəhbərlik etdiyiniz klubun idmançılarından İslamiadada təmsil olunanlar varmı?


– İdman klubumuzun təmsilçisi kimi Tural Əliyev İslamiadada zorxana-pəhləvan güləşi üzrə qüvvəsini sınayacaq. Mən Tural Əliyevə böyük ümid bəsləyirəm. Bir klub rəhbəri kimi şəxsən özüm də zorxana idman növünə daha çox maraq göstərirəm və klubumuzun təmsilçisini, şübhəsiz ki, böyük həyəcanla dəstəkləyəcəyik. Qətiyyətlə deyə bilərəm ki, İslam Oyunlarına yeni salınmış bu idman növündə bizim medal əldə etmək şanslarımız çoxdur. Mən onların Xaçmaz Olimpiya Kompleksində təlim-məşq toplantılarına da qatılmışam. Həqiqətən onların məşqinə diqqət yetirərkən mənə bir daha aydın oldu ki, Azərbaycan zorxanaçıları, ümumiyyətlə, idmançıları yarışlara ciddi hazırlaşırlar. Hər şeyə diqqətlə yanaşılır. Qidalarından tutmuş, vitaminlərinə, geyimlərinə qədər müşahidələrim olub və zənnimcə idmana Azərbaycandakı kimi qayğını nadir dünya ölkələrində müşahidə etmişəm.

– Bəs kikboksinq necə, gələcəkdə İslam Oyunlarına və yaxud Olimpiya idman növlərinin siyahısına salına bilərmi?


– Olimpiya oyunlarının prinsiplərindən başlıcası budur ki, çox zədə gətirən idman növləri olmasın. Lakin, şlemsiz boks varsa, gələcəkdə niyə də kikboksinq olmasın? Hər halda, bizim VAKO –Dünya Kikboksinq Federasiyası var. Onlar da bu məsələnin həllini tapması üçün planlar fikirləşirlər. Bizim tədbirlərimizin diqqəti cəlb etməsindən, kütləviliyi təmin etməsindən də çox şey asılıdır. Əminliklə deyə bilərəm ki, bu gün Azərbaycanda qeyri-Olimpiya idman növləri arasında kikboksinqə maraq və axın çox güclüdür. Bu işdə sözsüz ki, Milli Məclisin deputatı, federasiyamızın prezidenti Adil Əliyevin də zəhməti böyükdür. Bizim fəaliyyətimiz tək idmanla məhdudlaşmır. Biz hərbi hissələrə, məktəblərə gedirik. Hətta ibtidai sinif şagirdləri ilə belə görüşlərimiz olur. Şagirdlərlə, tələbələrlə, əsgərlərlə idmanı, kikboksinqi təbliğ edən tədbirlər, görüşlər keçiririk. Təsadüfi deyildir ki, bütün hərbi hissələrimizdə bu gün kikboksinqçilərə rast gəlinir. Çünki, biz federasiya olaraq, bu idman növünə bir hərəkat kimi baxırıq. Biz hər bir kikboksçuya potensial əsgər və peşəkar hərbçi kimi yanaşırıq və düşünürük ki, mənsub olduğumuz idman ailəsinin hər bir üzvü Ali Baş Komandan İlham Əliyevin əmrinə hər an hazır vəziyyətdə durmalı və dövlətçiliyimizin keşiyində olmalıdır.

Qələmə aldı:
Anar TURAN,
“Xalq qəzeti”
13 may 2017-ci il



Facebook-da paylaş