Əsas Səhifə > Gənclər > "Gənc Könüllülər" "Azərxalça" ASC-nin Qazax filialına ekskursiya ediblər

"Gənc Könüllülər" "Azərxalça" ASC-nin Qazax filialına ekskursiya ediblər


10-10-2019, 13:50


Xalçaçılıq sənəti və xalçalar tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Bu sənət və hər bir xalça toxunduğu yerin təbiəti, onu yaradan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirib.Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Məhz bu mənada xalçaçılığın inkişafı tarixi mədəni və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu sahə dövlətimizin diqqət mərkəzindədir və qayğısı ilə tam əhatə olunub. Xalçaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çox böyük önəm daşıyır. Çünki keçmişlə bu günümüz arasında körpü rolunu oynayan xalçaçılıq sadəcə mədəniyyət tariximizin deyil, bütövlükdə ölkəmizin tarixinin öyrənilməsi üçün zəngin bir xəzinədir.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan və Ulu Öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra da xalçaçılığın inkişafında yeni mərhələ başladı. Bu gün isə Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident cənab İlham Əliyev də bu sahənin inkişaf etdirilməsi və əvvəlki şöhrətinin bərpa olunması istiqamətində məqsədyönlü işlər görür. Məhz ölkə başçısının 5 may 2016-cı il tarixli Sərəncamı ilə "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi bunun bariz nümunəsidir. Həmin dövlət proqramının uğurla icra olunmasının əyani sübutu isə bölgələrimizdə xalça müəssisələrinin sayının ildən-ilə artması və xalçaçılıq sənətinin yaşadılmasıdır. Respublikamızın əksər bölgələrində olduğu kimi, Qazaxda da "Azərxalça” ASC-nin filialı fəaliyyət göstərir. Tam əminliklə söyləyə bilərik ki, şəhərin mərkəzində tikilib istifadəyə verilmiş və ilk gündən səmərəli fəaliyyət göstərən xalça müəssisəsi istər qədim el sənəti olan xalçaçılığın inkişaf etdirilməsi, həm də xalçaçılara olan qayğının əyani göstəricisidir. Hazırda müəssisədə 110 nəfər xalçaçı çalışır. Diqqətçəkən məqamlardan biri isə odur ki, xalça müəssisəsinin fəaliyyəti istər rayonumuza gələn qonaqlar, istərsə də rayon sakinləri tərəfindən maraqla qarşılanır. Xalça müəssisəsində qurulmuş xanaları, orada olan xalçaları yaxından izləmək üçün bu məkana səfər edənlərin sayı gündən-günə artır.

Bu gün isə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı ilə "Gənc Könüllülər" "Azərxalça" ASC-nin Qazax filialına səfər ediblər.

Müəssisə ilə yaxından tanış olan gənclərə Azərbaycanın tarixi xalçaçılıq mərkəzlərindən biri olan Qazaxın səciyyəvi xalçaları barədə ətraflı məlumat verilib. Bildirilib ki, bu bölgədə toxunan xalçalar ağır çəkili, uzun, yumşaq, eləcə də parlaq xovlu, müxtəlif ölçülü və sadə kompozisiyalı olması ilə seçilir. Bu qrupa aid olan xalçaları dünyada məşhurlaşdıran onların qədimliyi və bədii quruluşunun sabitliyidir. Onların kompozisiya quruluşunda əsrlər boyunca formalaşmış mücərrəd, həndəsi, stilizə edilmiş naxışlar üstünlük təşkil edir. Bölgədə toxunan "namazlıq”lar beynəlxalq ekspertlər tərəfindən tarixiliyinə, unikal tərtibatına, zəngin naxışlarına görə hər zaman yüksək qiymətləndirilir.

Qeyd olunub ki, hazırda dünyanın məşhur muzeylərinin, şəxsi kolleksiyalarının bəzəyinə çevrilən Qazax-Borçalı xalça örnəkləri qədim Azərbaycan mədəniyyətini layiqli şəkildə təmsil etməkdədir. XIV əsrə aid Qazax xalçası Berlin İncəsənət Muzeyində, XVIII əsrə aid nümunələr Nyu-Yorkdakı "Metropoliten” Muzeyində, Sankt-Peterburqun "Ermitaj”ında, Rusiya Etnoqrafiya Muzeyində, Londonun "Viktoriya və Albert” Muzeyində, Budapeştin İncəsənət Muzeyində saxlanılır. Bu gün Qazax filialının toxucuları həmin xalçaların çeşniləri əsasında da yeni sənət əsərləri yaradırlar.

Diqqətə çatdırılıb ki, bu gün xalça müəssisəsində işləyənlər arasında gənclər də üstünlük təşkil edir. Çalışan həmin gənclər ömrünü bu sənətə həsr edən, uzun illər xalçaçılıqla məşğul olan toxucularla bir yerdə çalışır, onlardan sənətin sirlərini daha dərindən öyrənirlər. Beləliklə, xalçaçılıqda varislik təmin olunur, qədim el sənətimiz yaşadılaraq gələcək nəsillərə ötürülür.





 

GOYEZEN.AZ


Geri qayıt