Əsas Səhifə > Gənclər > Qazaxda "Gənc könüllülər” başladıqları ənənəni uğurla davam etdirirlər

Qazaxda "Gənc könüllülər” başladıqları ənənəni uğurla davam etdirirlər


5-10-2019, 17:26


Ötən yazılarımızda da xəbər verdiyimiz kimi, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər"i gözəl bir ənənəni həyata keçirirlər. Mütəmadi olaraq Vətən torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizi yad edirlər. "Gənc Könüllülər" öz ənənələrinə sadiq qalaraq bu dəfə şəhid baş gizir Almazov İsə Ziyad oğlnun anadan olduğu Cəfərli kəndində olublar.

Gənclər Cəfərli kənd qəbiristanlığında şəhidin məzarına gül dəstələri düzüb, ona olan ehtiramlarını bildiriblər. Baş gizir İsə Almazov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu hər zaman örnək götürdüklərini bildirən gənclər bu cür ziyarətlərin mütəmadi olaraq təşkil olunacağını qeyd ediblər. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən İsə Almazov kimi oğulların, eləcə də bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu diqqətə çatdırıblar.

Məlumat üçün qeyd edək ki, baş gizir Almazov İsə Ziyad oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində xidmət etmişdir.

13.01.2001-ci ildə gizir, 29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 90 illiyi” və "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur.

Baş gizir Almazov İsə Ziyad oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində Qazax rayonunun Kəmərli kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş, qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur.

Baş gizir İ.Almazov xidmət etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq tərəfindən mükafatlandırılmışdır.

Baş gizir İ.Almazov bütün kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağının müdafiəsində şəhid olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır.

Baş gizir İ.Almazov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli Əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.





 
 

GOYEZEN.AZ


Geri qayıt