Əsas Səhifə > Gənclər > "Səyyar Gənclər Xidməti" layihəsinin Qazaxdan start götürən tədbirləri uğurla başa çatıb

"Səyyar Gənclər Xidməti" layihəsinin Qazaxdan start götürən tədbirləri uğurla başa çatıb


30-09-2019, 11:21


Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə ilk olaraq Qazaxdan start götürən "Səyyar Gənclər Xidməti" layihəsi çərçivəsində keçirilən tədbirlər uğurla başa çatıb. Qazax, Şəmkir və Biləsuvar rayonları üzrə 16 kəndi və 1600 nəfəri əhatə edən layihə gənclərin böyük marağına səbəb olub. Qazaxda reallaşan layihə 5 kəndi - Daş Salahlı, Çaylı, İkinci Şıxlı, Birinci Şıxlı və Yuxarı Salahlı kəndlərini əhatə edib. 

Layihə çərçivəsində sonuncu tədbir Yuxarı Salahlı kəndində təşkil olunub. Xalq şairi Səməd Vurğunun Poeziya evində keçirilən tədbirdə Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov əvvəlcə "Səyyar Gənclər Xidməti" layihəsi, eləcə də layihənin məqsəd və əhəmiyyəti barədə məlumat verib. Sonra Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin həyata keçirdiyi layihələrdən, dövlətin, ölkə rəhbərinin gənclər üçün yaratdığı şəraitdən, gənclərə olan diqqət və qayğıdan söz açıb.

Qazax rayon Uşaq xəstəxanasının baş həkimi Üzeyir Vəliyev tərəfindən gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyası təşkil olunub. 

Tədbirdə gənc təlimçilər Aysel Kərimova və Nicat Məmmədov gənclərin peşə məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı, təlimçi-bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib.

Daha sonra "Səyyar Gənclər Xidməti" layihəsinin əyləncəli hissəsinə start verilib. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, darts, stolüstü tennis və top çiləmə oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub. Onu da qeyd edək ki, layihənin sonuncu günündə də 100-dən çox gənc iştirak edib.




















GOYEZEN.AZ


Geri qayıt