Əsas Səhifə > Gənclər > "Səyyar Gənclər Xidməti" layihəsi ilk olaraq Qazaxdan start götürüb

"Səyyar Gənclər Xidməti" layihəsi ilk olaraq Qazaxdan start götürüb


27-09-2019, 10:03


Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Səyyar Gənclər Xidməti" layihəsi ilk olaraq Qazax rayonundan start götürüb. Layihə üç - Qazax, ŞəmkirBiləsuvar rayonları üzrə 16 kəndi əhatə edir. Qazaxda 5 kənddə - Daş Salahlı, Çaylı, İkinci Şıxlı, Birinci Şıxlı Yuxarı Salahlı kəndlərində gənclərlə görüşlər keçiriləcək. 

Layihə çərçivəsində təşkil olunan ilk tədbir rayonun Daş Salahlı kəndində reallaşdırılıb. A.Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Süleymanov əvvəlcə Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi, eləcə də, "Səyyar Gənclər Xidməti" layihəsi haqqında ətraflı məlumat verib.


Sonra tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-psixoloq Kəmalə Cəfərova tərəfindən gənclərin ilkin psixoloji diaqnostikası aparılıb. Onlarla təlim-tərbiyə, inkişaf, həyatda öz yerini tutmaq problemləri, həmyaşıdları ilə qarşılıqlı münasibətlər, özünütərbiyə və peşəyönümü ilə bağlı konsultasiya keçirilib.


Qazax rayon Uşaq xəstəxanasının pediatrı - gənc həkim Ülkər İsgəndərova tərəfindən gənclərin ödənişsiz tibbi müayinədən keçirilməsi, ilkin tibbi yardımın göstərilməsi və sanitariya-gigiyena qaydaları mövzularında məlumatlandırma sessiyasının təşkili həyata keçirilib.

Gənc təlimçi Aysel Kərimova gənclərin peşə məktəblərinə yönləndirilməsi, könüllülük, ixtisas seçimi və karyera inkişafı, təlimçi-bloqer Azər Qasımov isə sosial şəbəkələrdə qeydiyyat və onlardan səmərəli istifadə ilə bağlı təlim keçib. A.Qasımov həmçinin gənclərə rəqəmsal marketinq və SMM mütəxəssis peşəsi barədə ətraflı məlumat verib.

Daha sonra "Səyyar Gənclər Xidməti" layihəsinin əyləncəli hissəsi start götürüb. Burada kənd gənclərinin ifasında şeir, mahnı və rəqs nömrələri nümayiş etdirilib. Gənclər arasında intellektual viktorinalar, darts, stolüstü tennis və top çiləmə oyunları üzrə mini müsabiqələr təşkil olunub. Qeyd olunan yarışmalarda fərqlənən gənclər Qazax GİKM tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Tədbir DJ Hüseyn Bağırovun rəngarəng musiqi nömrələri ilə müşayiət olunub.




GOYEZEN.AZ


Geri qayıt