Əsas Səhifə > Gənclər > Gənclər Həmrəylik Gününü və Yeni ili böyük təntənə ilə qeyd ediblər

Gənclər Həmrəylik Gününü və Yeni ili böyük təntənə ilə qeyd ediblər


26-12-2018, 15:38


Bu gün Qazax Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin, 2 saylı Uşaq Musiqi Məktəbinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin və Qazax Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Qazax Olimpiya İdman Kompleksində baş tutan tədbirdə gənclərin müxtəlif təbəqələri təmsil olunmaqla 100 nəfər gənc iştirak edib.


Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev tədbiri giriş sözü ilə açaraq qarşıdan gələn əlamətdar günlər münasibətilə xalqımızı, rayon sakinlərini və tədbir iştirakçılarını təbrik edib, xoş arzularını çatdırıb. Gənclərə göstərilən dövlət qayğısından danışaraq yola saldığımız 2018-ci ilin ölkəmiz, eləcə də rayonumuz üçün uğurlu bir il olduğunu bildirib. İstər idman, istərsə də gənclərlə iş sahəsində uğurlu göstəricilərin əldə edildiyini diqqətə çatdırıb.


Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında baş məsləhətçi Sərdar Orucov bayram tədbirində çıxış edərək gəncləri 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib. Qeyd edib ki, bu gün Azərbaycanda gənclər siyasəti uğurla davam etdirilir. Ölkə başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə şöbəsinin müdiri Elvira Əfəndiyeva, fəal gənc rəssam Akif Əmirov, N saylı Hərbi Hissənin mayoru Tariyel Didarov, Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin üzvü, Qarabağ qazisi Namiq Alıyev çıxış edərək 2018-ci ilin respublikamız üçün uğurlu il olduğunu vurğulayıblar. Çıxış edənlər bu uğurların rayonumuzdan da yan keçmədiyini nəzərə çatdıraraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıblar.

Sonra tədbir bayrama həsr olunmuş konsert proqramı ilə davam etdirilib.

Aparıcılar Cavid Nağızadə və Nərmin Kərimovanın Şaxta babanı və Qar qızı səhnəyə dəvət etməsi tədbirə böyük bir coşqu qatıb.

Gənc meyxanaçı Əmir Qazaxlının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələrindən Süleyman Hacıyevin gitarada, Röyal Namazovun sazda ifa etdikləri bir-birindən şən-şux mahnılar, həvəskar rəqs qrupunun rəngarəng çıxışları, tələbələrin nümayiş etdirdikləri səhnəciklər tədbirə toplaşanlar tərəfindən alqışlarla qarşılanıb.

Sonda tədbir iştirakçılarına yeni il hədiyyələri paylanılıb.














GOYEZEN.AZ


Geri qayıt