• Təqvim

  • Unutma

  • Maraq



“Göyəzən” ədəbi birliyi yaradılmışdır

“Göyəzən” ədəbi birliyi yaradılmışdır
Qazax torpağı tarix boyu istedadlar yetişdirib. Bu elə əbəs yerə şairlər diyarı demirlər. Qazaxda böyüyüb boya-başa çatmış neçə-neçə şair və yazıçılar bu elin adını nəinki respublikamızda, eləcə də ölkəmizin hüdudlarında tanıtmışdır. Rayonumuzda istedadlı uşaq və yeniyetmələr bu gün də çoxdur. Necə deyərlər, ənənə davam edir. Qəlbində yazmaq, yaratmaq həvəsi olan yeniyetmələr müntəzəm olaraq redaksiyaya gəlir, bizimlə sıx əlaqə saxlayırlar. Gənc yazarların şeir və hekayələri vaxtaşırı qəzetimizin səhifələrində dərc edilir. Bütün bunlara görədir ki, rayonumuzun heç bir istedadlı uşaq və yeniyetməsi diqqətimizdən kənarda qalmır. Özlərinə doğma ocaq saydıqları redaksiyamızdan bu zərif qəlbli uşaqlar heç vaxt naümid yola salınmır. Bu da onlarda böyük ruh yüksəkliyi yaradır, yeni axtarışlara sövq edir.

Neçə illərdir ki, redaksiyamızda “Göyəzən” ədəbi birliyi fəaliyyət göstərir. Birliyin yaradılmasında əsas məqsəd istedadlı yeniyetmələri üzə çıxarmaq, onlara düzgün istiqamət verməkdən ibarətdir. Hal-hazırda birliyin onlarla üzvü var. Üzvlərimizin sayı ildən-ilə artır. Hər həftə birlik üzvləri ilə toplantı keçiririk. Müxtəlif yaşlı bu istedadlı uşaq və yeniyetmələr toplantıya əliboş gəlmirlər. Onlar yazdıqları şeir və hekayələri bir az həyəcanlı, bir qədər sevincli görüşə gətirirlər. Yeniyetmələr öz şeirlərini, hekayələrini oxuyurlar. Və bütün bunlar müzakirə üçün öz ixtiyarlarına verilir. Sevindirici haldır ki, şeirlərin əksəriyyəti vətənpərvərlik mövzusundadır. Qazax rayon Xanlıqlar kənd tam orta məktəbin şagirdi Mələk İsmayılovanın ”Azərbaycan əsgəri”, şəhər 3 saylı tam orta məktəbin şagirdi Aytən Həsənovanın “Vətənim”, “Qarabağım”, Kosalar kənd tam orta məktəbin şagirdi Front Cəfərzadənin “Mübariz unudulmaz” şeirlərini dinləyəndə insanda böyük ruh yüksəkliyi yaranır. Bu onu göstərir ki, gələcək nəsil vətənpərvər ruhda böyüyür.

Əziz oxucularımız! “Göyəzən” ədəbi birliyi üzvlərinin yaradıcılıq məhsullarını müntəzəm olaraq qəzetimizin səhifələrində dərc edəcəyik. Və hər dəfə siz onların şeir və hekayələrini oxuyanda, rəsmləri ilə tanış olanda bu körpə fidanların necə böyük qəlbi olduğunun bir daha şahidi olacaqsınız. Onlardan birini bu sayımızda sizinlə tanış edirik:

Front Cəfərzadə. O, sadə bir azərbaycanlı ailəsində böyüyür. Kosalar kəndində onu sadəcə babasının adını daşıyan balaca Front kimi deyil, şair Front kimi də tanıyırlar. El şənliklərində, məclislərdə ona söz verərək sevə-sevə dinləyirlər. Frontun 12 yaşı var. Lakin yüzlərlə şeirin müəllifidir. “Göyəzən” ədəbi birliyinin rəhbəri Elçin İsmayıl bütün istedadlı yeniyetmələrə olduğu kimi Fronta da xüsusi diqqət və qayğı göstərir. Onun əsl şair kimi yetişməsi üçün əlindən gələni əsirgəmir. Fronta dəyərli məsləhətlər verərək yaradıcılıq yolunun necə çətin və keşməkeşli olduğunun sirlərini öyrədir.

Front Cəfərzadənin şeirlərini sizə təqdim edirik.


DÜNYA, QOCALIRAM MƏN

Çox illər ötüşübdür,
Dağlara çən düşübdür.
Yaşamaq da zülümdür,
Dünya, qocalıram mən.

Hər əzaba qatlanır,
Dünya elə fırlanır.
Ürəyim qanadlanır,
Dünya, qocalıram mən.

Sözün deyir cavanlıq,
Ömür sanki bir anlıq.
Dünyam oldu qaranlıq,
Dünya, qocalıram mən.

Dünya zəngin olsa da,
Çağlasa da, daşsa da.
Sevmirəm dünyanı mən,
Dünya, qocalıram mən.

Həyat böyük ümmandı,
Baş açmıram sözündən.
Həyat fani həyatdı,
Dünya, qocalıram mən.

Seyr edirəm dünyanı,
Su tək axar hər anı.
Bunları yada sal sən,
Dünya, qocalıram mən.

Bir gündə çiçək açmaz,
Belə bağban tapılmaz.
Bunları bilir aləm,
Dünya, qocalıram mən.

Gedir ömür qatarı,
Öldük üzü yuxarı.
Gözüm yumuldu birdən,
Dünya, qocalıram mən.

Bu həyatda biz yandıq,
Gah güldük, gah ağladıq.
Yaşlanırıq fikirdən,
Dünya, qocalıram mən.

Unudulur çox insan,
Tanınan var adınnan.
Mən tanındım şeirnən,
Dünya, qocalıram mən.

Front adlı şairəm,
Bir gün mən də ölərəm.
Öz sözümü deyərəm,
Dünya, qocalıram mən.


QƏLƏMİM YAZMIR DAHA

O qədər yazdım həyat qəmindən,
Neynəyim heç nə gəlmir əlimdən.
Qələmim yazmayır qurtarıb rəngi,
Həyatın yoxdur artıq ahəngi.

Şairəm yazdım hər şeyə şeir,
İnsan dayananda o, ölüb gedir.
Qələmimlə bitirdim hər bir sözümü,
Şeir yazanda mən ölürdümmü?

Aşığı sazsız görə bilmirəm,
Rəssamam fırçasız rəsm çəkirəm.
Bu hala baxıb ağlayır qələm,
Sanki onun üçün tək yanan mənəm.

Yazıram dərdimi köçürdüm bura,
Şeir təsəllidir and iç Qurana.
Qafiyə gəlir qəlbə, ürəyə,
Ey ürək hər zaman varam səninlə.


Facebook-da paylaş