• Təqvim

  • Unutma

  • Maraq



Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Damcılı mağara düşərgəsinə ekskursiya ediblər


Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri "Tarixdəki İzimİZ" layihəsi çərçivəsində "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı mağara düşərgəsinə ekskursiya ediblər.

Burada gənclərə Qazaxdakı 3 dünya əhəmiyyətli abidədən biri olan Damcılı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Avey dağının cənub-şərqində yerləşən Damcılı mağara düşərgəsi həm arxeoloji, həm də təbiət abidəsidir. Təbii çatlardan süzülən su damcılarına görə Damcılı mağarası adlanır. Bu ərazidə ilk dəfə 1953-1957-ci illərdə arxeoloq M.M.Hüseynov tərəfindən arxeoloji qazıntılar aparılıb. Avey dağında daş dövrünə aid olan qədim insanların yaşadıqları 30-a yaxın mağara aşkar edilib, iki minə yaxın alət tapılıb. Qeyd olunub ki, buradan tapılan maddi nümunələr Damcılı mağarasında təxminən 80-100 min il bundan əvvəl neandertal tipli ibtidai adamların məskən saldıqlarını əyani surətdə sübut edib. Eyni zamanda mağarada əldə edilən əmək alətləri öz forma və hazırlanma texnikasına görə aşağı paleolit, yuxarı paleolit və neolit dövrlərinə aid edilir.

Gənclərə qoruq ərazisində aparılan qazıntı işləri barədə də məlumat verilib. 2015-ci ilin yayında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Yaponiyanın Tokio Universitetinin daş dövrü mütəxəssisi professor Yoşihiro Nişiakinin rəhbərliyi ilə böyük bir heyətin Avey dağı ətəklərində kəşfiyyat xarakterli axtarış aparmaq üçün qoruq ərazisinə dəvət olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, həmin il 1 həftəlik axtarışdan sonra Avey dağında, Damcılı mağarası və mağara düşərgəsinin ətrafında dünya əhəmiyyətli arxeoloji irsi kompleks tədqiq etmək üçün 3 tərəfli beynəlxalq memorandum imzalanıb. Bu memorandum Mədəniyyət Nazirliyi tərəfindən "Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında bağlanıb.

Memoranduma əsasən ilk arxeoloji qazıntılara 2016-cı ilin avqustunda "Avey” DTMQ-nun ərazisində yerləşən dünya əhəmiyyətli Damcılı mağara düşərgəsində başlanılıb. İlkin tədqiqatlar zamanı kəşfiyyat xarakterli 10-a yaxın müxtəlif istiqamətlərdə qazıntı işləri aparılıb. Yaponiyalı və yerli arxeoloqların birgə işlədiyi ərazinin 4 m dərinliyində qazıntı işləri aparılarkən orta əsrlərə, tunc dövrünün sonuna aid, daha dərində isə neolit dövrü qalıqları, ocaq yerləri, fauna nümunələri (sümüklər), təxminən yarım metr dərində lal təbəqədən aşağıda isə orta paleolit dövrünün son mərhələsini əks etdirən qəlpə, nüvə tullantıları və alət nümunələri əldə olunub. Damcılıda tapılan maddi-mədəniyyət nümunələrinin dövrlərinin müəyyənləşməsi üçün Yaponiya laboratoriyalarına göndərilib. 2017-ci il iyulunda 2-ci dəfə beynəlxalq ekspedisiya qoruq ərazisində qazıntılar aparıb. Həmin il sadəcə bir quyu üzərində işlənərək 5 metrədək dərinlikdə aparılan qazıntı işləri zamanı torpaq horizontal təbəqəyə bölünmüş, müxtəlif dövrlərə aid nümunələr tapılıb. Üçtərəfli beynəlxalq memoranduma əsasən Yaponiyanın Tokio Universitetinin əməkdaşları 2018-ci ilin iyulunda 3-cü dəfə Damcılı mağara düşərgəsində qazıntı işlərini davam etdiriblər. Ötən ilin iyulunda isə artıq 4-cü dəfə imzalanmış həmin üçtərəfli beynəlxalq memorandum əsasında növbəti qazıntı işləri aparılıb.

Sonda könüllülər qoruq ərazisində piknik ediblər.  

 

GOYEZEN.AZ



Facebook-da paylaş