Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc Könüllülər"i şəhid Süleyman Süleymanovun məzarını ziyarət ediblər
Ermənistanla
168 km məsafədə sərhəddi
olan Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunması yolunda yüzlərlə
şəhid verib. Bu gün rayonun 287 nəfər şəhidi var. 7 nəfər igid oğlu Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülüb. Vətən torpağı daim var olsun deyə qəhrəmanlıq zirvəsinə yüksələn şəhidlərimizdən
biri də Süleymanov Süleyman
Elçin oğludur. O, 11
noyabr 1997-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olub.
2004-2015-ci illərdə şəhid Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam
orta məktəbdə təhsil alıb. 2016-cı il yanvar ayının 26-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Qazax rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətinə
Ağdam rayonunda başlayıb. 2017-ci il mart ayının 2-də Ağdamda ermənilərlə təmas
xəttində ön cəbhədə hərbi xidmət vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən
snayperlə vurularaq şəhid olub. Martın 3-də şəhid Süleyman Süleymanov doğulduğu
Daş Salahlı kəndində Şəhidlər xiyabanında dəfn olunub. Şəhidin adına böyüdüyü kənddə
Fidat Məmmədov küçəsində xatirəsinə bulaq abidə kompleksi tikilib. Bəli, bu gün şəhid Süleyman
Süleymanovun şəhidlik adlı zirvəyə ucaldığı gündən 3 il ötür. Lakin O, hər
zaman qazaxlıların, Daş Salahlıların qəlbində əbədi olaraq yaşayır. Həmişə olduğu kimi, Qazax Gənclərin İnkişaf və Karyera
Mərkəzinin əməkdaşları, "Gənc Könüllülər"i və aktiv
gənclər öz ənənələrinə sadiq qalaraq bu gün Daş Salahlı kənd Şəhidlər
xiyabanında şəhid
Süleyman Süleymanovun məzarını ziyarət ediblər. Gənclər igid Vətən oğlunun
məzarına gül dəstələri qoyub, ona olan ehtiramlarını bildiriblər.
Şəhidin ailə üzvləri ilə birlikdə onun keçdiyi döyüş yoluna nəzər
salıb, göstərdiyi şücaətdən söhbət açıblar. Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru
İsmayıl Süleymanov çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyib, valideynlərinə
bir daha başsağlığı verib. Süleyman
Süleymanov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş yolunu hər zaman örnək
götürdüklərini bildirən mərkəzin direktoru bu cür ziyarətlərin mütəmadi olaraq
təşkil olunduğunu qeyd edib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından
keçən bütün şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu diqqətə çatdırıb. Şəhid atası Elçin
Süleymanov övladı ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən
bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Ölkə Prezidenti İlham Əliyev tərəfindən şəhid
ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizə
göstərilən səmimi münasibətdən söz açıb. Ölkə başçısına və rayon rəhbərliyinə
minnətdarlığını bildirib. Gənclərin bugünkü addımını yüksək qiymətləndirən şəhid
atası ailəsi adından təşəkkürünü ifadə edib.
GOYEZEN.AZ
Facebook-da paylaş