Qazaxda "Gənc könüllülər” başladıqları ənənəni uğurla davam etdirirlər
Ötən yazılarımızda da xəbər
verdiyimiz kimi, Qazax Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Gənc
Könüllülər"i gözəl bir ənənəni həyata keçirirlər. Mütəmadi olaraq Vətən
torpaqlarının azadlığı uğrunda canından keçən şəhidlərimizi yad edirlər. "Gənc
Könüllülər" öz ənənələrinə sadiq qalaraq bu dəfə şəhid baş gizir Almazov İsə Ziyad oğlnun anadan olduğu Cəfərli kəndində olublar. Gənclər Cəfərli kənd qəbiristanlığında
şəhidin məzarına gül dəstələri düzüb, ona olan ehtiramlarını
bildiriblər. Baş gizir İsə Almazov kimi qəhrəman oğullarımızın keçdiyi döyüş
yolunu hər zaman örnək götürdüklərini bildirən gənclər bu cür ziyarətlərin
mütəmadi olaraq təşkil olunacağını qeyd ediblər. Torpaqlarımızın ərazi
bütövlüyü uğrunda canından keçən İsə Almazov kimi oğulların, eləcə də bütün
şəhidlərimizin xatirəsinin həmişə əziz tutulduğunu diqqətə çatdırıblar. Məlumat üçün qeyd edək ki, baş gizir Almazov İsə Ziyad
oğlu 20 iyun 1977-ci il tarixində Qazax rayonunun Cəfərli kəndində anadan
olmuşdur. 2001-ci ildə Silahlı Qüvvələrin Zabit Heyətinin Təkmilləşdirmə
kursları nəzdində gizir hazırlanma kursunu bitirmişdir. 2001-2007-ci illərdə
hərbi hissədə döyüş maşın komandiri – manqa komandiri vəzifəsində xidmət
etmişdir. 2007-2014-cü illərdə hərbi hissədə bölüyün baş çavuşu vəzifəsində
xidmət etmişdir. 13.01.2001-ci ildə gizir,
29.06.2001-ci ildə isə baş gizir hərbi rütbələrini almışdır. Nümunəvi
xidmətləri nəzərə alınaraq baş gizir İ.Almazov Azərbaycan Respublikası Müdafiə
Nazirinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaranmasının 90 illiyi” və "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaranmasının 95 illiyi” yubiley medalları ilə təltif olunmuşdur. Baş gizir Almazov İsə Ziyad
oğlu 31 iyul 2014-cü il tarixində saat 19:45 radələrində Qazax rayonunun
Kəmərli kəndi istiqamətində düşmən bölmələrinin atəşkəsi pozması nəticəsində
baş vermiş döyüşdə düşmənə layiqli cavab vermiş, geri çəkilməmiş,
qəhrəmancasına vuruşaraq başından aldığı güllə yarasından şəhid olmuşdur. Baş gizir İ.Almazov xidmət
etdiyi dövrdə nümunəvi xidməti ilə həmişə fərqlənmiş, bir neçə dəfə komandanlıq
tərəfindən mükafatlandırılmışdır. Baş gizir İ.Almazov bütün
kollektivin hörmətini qazanmaqla yanaşı, digər hərbi qulluqçulara da bir nümunə
idi. O, bunu şəhidliyi ilə sübut etdi və doğma torpağının müdafiəsində şəhid
olaraq əbədiyyətə qovuşdu. Cəsur döyüşçü baş gizir Almazov İsə Ziyad oğlunun
əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaqdır. Baş gizir İ.Almazov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3
avqust 2014-cü il tarixli Əmrinə əsasən ölümündən sonra "Hərbi
xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
GOYEZEN.AZ
Facebook-da paylaş